28 iyul 2020 11:03
347

Sevinc Osmanqızının antimilli davranışları xalqımıza qarşı xəyanətdir

İyulun 12-dən 15-dək Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətindəki təxribat xarakterli hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Eyni zamanda əks zərbələrlə düşmənin çoxsaylı hərbi obyektləri və hərbçiləri məhv edildi.

Məhz bu hadisələrə görə həm Ermənistanda, həm də xaricdəki erməni diasporu arasında ciddi təşviş yaranıb. Onlar cəbhə xəttindəki məğlubiyyətlərinin əvəzini xaricdəki səfirliklərimizə və soydaşlarımıza vəhşicəsinə hücumlarla cavab verməyə çalışıblar. Hətta məşhur erməni terror təşkilatı olan «ASALA» emblemli köynəklər geyinən erməni şovinistləri Los Anceles şəhərində, Avropada, Rusiyada səfirliklərimizə və azərbaycanlılara qarşı qanlı savaş və təxribatlar başladıblar.

Lakin bizim bir millət və dövlət olaraq bu düşmənlərə qarşı həm ideoloji, həm də fiziki mübarizəmizə azərbaycanlı jurnalist Sevinc Osmanqızı kölgə salmağa çalışmaqla açıq şəkildə erməniləri müdafiə etdi –yəni ermənilərə informasiya dəstəyi vermiş oldu. Onun rəzil iddiasına görə, guya xaricdəki erməniazərbaycanlı qarşıdurmasını təşkil edən Azərbaycan tərəfidir. Bəli, məhz onun Azərbaycan xalqı, dövləti əleyhinə səsləndirdiyi bu xain fikirlər ermənilərin əlində ciddi bir vasitəyə çevrilməklə, Azərbaycan dövlətinə və xalqına tuşlanacaq ağır silahdır. Ermənilərin çoxdan axtardığı

bəhanəni məhz Sevinc Osmanqızı onlara çox asan və rəzilcəsinə vermiş oldu. «Onlar (xaricdə yaşayan azərbaycanlılar - red.) nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar» - sualını verən jurnalist Sevinc Osmanqızı nədənsə üzərində «ASALA» terror təşkilatının adı yazılmış paltarlar geyinən erməni terrorçularının Azərbaycanın xaricdəki diplomatik konsulluqlarına təşkil etdikləri hücumları görməzlikdən gəldi? Doğrudanmı bu Osmanqızı bu qədər milli mənliyini itirmiş birisidir? O bu qədərmi ermənipərəstlik xəstəliyinə tutulub? Axı ermənilərin küçələrdə döyüb xəsarət yetirdikləri soydaşlarımızın axan qanını, yaralarını görməmək üçün gərək gözlərin kor, vicdanın korşalmış olsun.

Onun daha «dərinlərə» gedərək ermənipərstlik etməsi məhz bu kimi antimilli ifadələrindən də görünür. Deyir: «Mən yenə də davanı kimin başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil.»

Fikir verin, onun üçün Azərbaycanın xaricdəki uğurları və yaxud soydaşlarımızın ermənilərə qarşı mübarizəsi əhəmiyyətli deyil və onun rəzil xislətinə görə, Azərbaycanın milli maraqlarının müdafiəsi onun maraqlarına qətiyyən cavab vermir.

Bu arada Sevinc Osmanqızının dəstəklədiyi və qatı təbliğatını apardığı qondarma «Milli Şura» ermənilərlə əlbir olduqlarını, onlara xidmət etdiklərini bir daha nümayiş etdirdi. Cəmil Həsənli, Əli Kərimli, Sevinc Osmanqızı və digərlərinin xalqımızın milli həmrəylik aksiyalarını xuliqanlıq adlandırması bunların iç üzünü bir daha Azərbaycan xalqına açdı və bunların kimlərə işlədiklərini və maraqlarının nədən ibarət olduğunu bir daha ictimaiyyətimizə nümayiş etdirdi. Onların bu əməllərinin isə bir adı var: satqınlıq.

Məleykə Ağayeva,

YAP Sabirabad rayon təşkilatının sədri