29 yanvar 2020 12:48
1234

Şağan Müalicə Pansionatında əsaslı təmir bu il başa çatdırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı 250 çarpayılıqdır. Müəssisədə il ərzində 4 mindən çox əlilliyi olan şəxs stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması işləri çərçivəsində Pansionatda əsaslı təmir və yenidənqurma işlərinə başlanıb. Hazırda burada məişət, həm də kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün şəraitin yüksək standartlar səviyyəsində qurulması, müəssisədə mövcud şəraitin əlilliyin olan şəxslərə müyəssərliyinin tam təmin edilməsi üçün işlər davam edir.

İşlərin bu il yekunlaşdırılması, eləcə də Pansionatın müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparat və cihazlarla təminatı da nəzərdə tutulub.

Bütün bunlar müəssisədə səmərəli fizioterapevtik müalicə üsulları vasitəsilə və müasir metodika və texnologiyalardan da geniş istifadə edilməklə əlilliyi olan şəxslərə göstərilən bərpa müalicəsi xidmətinin keyfiyyətinin yüksəlməsini təmin edəcək.