19 iyul 2019 20:04
3136

ŞAH və MAT

1996-cı ildən 20 iyul dünyanın hər yerində Beynəlxalq Şahmat Günü kimi qeyd olunur. Bu bayram əsası 1924-cü ildə qoyulmuş Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qərarı ilə keçirilir. Bütün rəsmi yarışlar, o cümlədən kişi və qadınlar arasında dünya çempionatları, kişi, qadın, tələbə və yeniyetmələrin komanda birincilikləri, Avropanın komanda birinciliyi, Avropa Çempionlar kuboku, Panamerikan fərdi yarışları FİDE-nin himayəsi altında keçirilir. FİDE 1950-ci ildən kişilərə, 1976-cı ildən isə qadınlara beynəlxalq qrossmeyster adı verir.

İndi də şahmat haqqında bir neçə maraqlı və seçmə faktlara baxaq. Məhz bu faktlar şahmat oyunu bütün dünyada bu qədər məşhur edib. Şahmat sözü öz mənşəyini VI əsrin qədim hind “çaturanqa” oyunundan götürüb, bu söz qədim sanskrit dilindən “dörd qoşun bölməsi” kimi tərcümə olunur, bu qoşun özündə piyada, süvarilər, fil dəstələri və cəng arabalarını (qədimdə: iki təkərli müharibə arabası) əhatə edir. Öz növbəsində bu dəstlərə şahmatda piyada, at, fil və top fiqurları ilə təmsil olunur. VII əsrdə bu oyun İrana gəlir və onun adı dəyişdirilərək “şahranc” olur. Şahmat sözü isə oyunun məhz fars dilli versiyasında əmələ gəlmişdir. Oyunçular rəqibin şahına həmlə etdikdə “Şah” (dövləti şah idarə etdiyinə görə(kral)) və “Şah mat” (fars dilində “şah öldü” deməkdir) deyirlər.

Ən qısa və ən uzun şahmat partiyaları

Ən qısa şahmat partiyası, “Fool’s Mate” və ya “iki gedişə mat” adlanır. O növbəti gedişlərdən ibarətdir: 1) f3 e5 və 2) g4 Qh4++. Heç-heçə və məğlubiyyət hətta oyun başlamazdan öncə də baş tuta bilər. Bu oyunçunun turnir cədvəlində tutduğu mövqedən asılı ola bilər, həmçinin oyunçu oyuna gəlmədikdə ona texniki məğlubiyyət verilir. Ən uzun şahmat partiyası 1989-cu ildə Belqradda İvan Nikoliç və Qoran Arsoviç arasında oynanılıb. Oyun 20 saat, 15 dəqiqə davam edib, oyun ərzində 269 gediş edilib və o, heç-heçə başa çatıb. Nəzəri baxımdan partiya daha uzun da davam edə bilər, amma 50 gediş qaydasının tətbiqindən sonra, bu sayı müəyyən qədər azaltmaq mümkündür.

Şahmatdakı vəzir və ya kraliça fiqurları bütün şahmat tarixi ərzində bir sıra dəyişikliklərə məruz qalmışdır. İlk öncə o, yalnız bir xana irəli gələ bilir və yalnız diaqonal üzrə hərəkət edirdi, daha sonra isə o, iki xananı aşa bilir, sonra isə hətta at kimi hərəkət etməyə başlamışdı. Amma indi bu fiqur, həm diaqonal, həm də horizontal hərəkət edir (yalnız at kimi hərəkət edə bilmir). Əvvəllər o, yalnız məsləhətçi, müşavir, kralın baş naziri, yəni şahın vəziri idi. İndi isə o şahmatın ən vacib fiquru hesab olunur.

Kompüter şahmatlarının gücü

Şahmat kompüterləri bu gün şahmat dünyasının vacib bir hissəsinə çevrilmişdir. Bir zamanlar dünya çempionu olmuş və ən güclü oyunçulardan biri hesab olunan Harri Kasparov 1997-ci ildə Deep Blue adlı kompüterə uduzanda bu onun üçün şok olmuşdu. Nəzərə alsaq ki, üstündən uzun müddət keçib və texnologiya xeyli irəliləyib, onda bu gün kompüterlər daha yaxşı şahmat oynamalıdır. 2006-ci ildə isə dünya çempionu Vladimir Kramnik Deep Fritz kompüteri tərəfindən məğlubiyyətə uğradılıb, bu isə şahmat kompüterlərinin gücünü bir daha ortaya qoydu. Bu gün kompüter proqramları əksər hallarda oyunçular tərəfindən keçirilmiş oyunların təhlili və öz qabiliyyətlərini təkmilləşdirmək məqsədilə istifadə olunur. Onları adətən qrossmeysterlər ilə bərabər səviyyədə tuturlar.

Məhdudiyyətsiz imkanlar

Üç gedişdən sonra qarşı tərəflərin hər birinin 9 milyon mümkün pozisiya yaratmaq imkanı vardır. Amerikan riyaziyyatçı təkrarlanmayan şahmat partiyalarının minimal sayını hesablamağa çalışmış və Şennon rəqəmini almışdır. Bu rəqəmə əsasən mümkün unikal partiyaların sayı bütün kainatdakı atomların sayını üstələyir. Əgər atomların sayı 10^79 olaraq qiymətləndirilirsə, onda unikal şahmat partiyalarının sayı 10^120 olaraq hesablanmışdır.

Olimpiya oyunlarında şahmat təşkilatının açıqlamasına əsasən, hazırda dünyada 605 milyondan çox insan şahmat oynaya bilir. Psixologiyada şahmat yaddaşı gücləndirmək üçün əla bir vasitə kimi tez-tez xatırlanır. Bu, həmçinin çətin tapşırıqları həll etmək və yeni ideyalar yaratmaq imkanı verir. Təəccüblü deyil ki, Altsqeymer xəstələrinə qarşı mübarizə metodu kimi şahmat oynamağı tövsiyə edirlər.

Sevinc Azadi, “İki sahil”