31 yanvar 2019 10:23
135

Şahbuz şəhərində yeni Aviakassa tikilib

Muxtar respublikada hava nəqliyyatı müasir tələblər səviyyəsində qurulub. Bu sahədə xidmətin hərtərəfli təşkili daim diqqətdə saxlanılır. Turizm bölgəsi olan Şahbuz rayonunda yeni Aviakassanın istifadəyə verilməsi də mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 30-da Şahbuz şəhərində yeni Aviakassanın açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli çıxış edərək deyib ki, Naxçıvan Beynəlxalq Hava Limanında böyük quruculuq işləri aparılıb, uçuşların təhlükəsizliyi təmin olunub, mövcud xidmət potensialı daha da artıb. Hava limanında sərnişin və yük daşımaları müasir səviyyəyə çatdırılıb. Müasir memarlıq üslubunda tikilən Şahbuz Şəhər Aviakassası da bu sahədə görülən işlərin davamıdır. Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğıya görə mülki aviasiya işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Şəhər Aviakassasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək deyib: Müstəqil Azərbaycanda hava nəqliyyatının inkişafı və hava daşımaların müasir tələblər səviyyəsində qurulması üçün ardıcıl tədbirlər görülür. Bu işlərin tərkib hissəsi kimi Naxçıvan Beynəlxalq Hava Limanı da yenidən qurulub. Ötən dövrdə muxtar respublikada hava nəqliyyatının inkişafı sahəsində görülən işlər davam etdirilib, Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında aviakassalar tikilib. Bu gün isə Şahbuz rayonunda müasir Aviakassa istifadəyə verilir. Şahbuz şəhərinin arxitekturasına xüsusi yaraşıq verən Aviakassada 9 yeni iş yeri yaradılıb.

Ali Məclisin Sədri bildirib: Həyata keçirilən bu tədbirlər ölkəmizin inkişafının göstəricisidir. Çünki hər bir ölkənin ümumi inkişafı yalnız bir sahədə deyil, bütün sahələrdə inkişaf təmin olunduğu zaman mümkün olur. Bu gün ümummilli liderimiz Heydər Əliyevin yolu ilə gedən Azərbaycanda hərtərəfli inkişaf təmin edilib. Ulu Öndərin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti bütün sahələrin inkişafını diqqətdə saxlayır. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatının beynəlxalq səviyyədə qurulması bunu bir daha təsdiq edir. Muxtar respublikada hava daşımalarının daha etibarlı təşkili sahəsində görülən işlərin davamı olaraq hazırda Naxçıvan Beynəlxalq Hava Limanında ikinci uçuş-enmə zolağı tikilir.

Ali Məclisin Sədri deyib: Əhalinin rifah halı yaxşılaşır, insanlar ölkəmizin və dünyanın müxtəlif yerlərinə səyahət edirlər. Şahbuz şəhərində yeni Aviakassanın istifadəyə verilməsi də insanların səyahətlərinin rahat təşkilinə hesablanıb. 25 mindən çox rayon sakini vaxt itkisinə yol vermədən öz yaşadığı ərazidən həm ölkəmizin, həm də dünyanın istənilən yerinə səyahət etmək üçün bilet ala biləcək.

Ali Məclisin Sədri Aviakassanın qurulmasında əməyi olanlara təşəkkür edib, xidmətin nümunəvi təşkili ilə bağlı tapşırıqlar verib.

Məlumat verilib ki, iki mərtəbədən ibarət Aviakassa binasının birinci mərtəbəsində gözləmə zalı, kassa, təhlükəsizlik otağı, texniki otaq və məlumat köşkü yerləşir. İkinci mərtəbədə isə Aviakassa işçiləri üçün müasir xidmət otaqları və mətbəx istifadəyə verilib. Binaya sürətli internet xətti çəkilib, kompüter dəstləri və POS-terminal, təhlükəsizlik kameraları və sensorlu növbə kartı verən xüsusi avadanlıq quraşdırılıb. Sərnişinlər təyyarə reysləri və boş yerlər haqqında əvvəlcədən məlumat əldə edə biləcəklər.

Aviakassa fərdi istilik və mərkəzi soyutma sistemləri ilə təchiz olunub, həyətdə abadlıq işləri aparılıb.

Şahbuz Rayon Mədəniyyət Sarayı istifadəyə verilib

Qədim tariximizin, milli dəyərlərimizin və mədəni irsimizin qorunub yaşadıldığı yaşayış məntəqələrindən biri də Şahbuz rayonudur. Özünəməxsus adət-ənənələri, folklor nümunələri, musiqi mədəniyyəti və aşıq sənəti Şahbuz rayonunda tarixən mədəniyyətin inkişafına səbəb olub. Son illər rayonda aparılan quruculuq işləri mədəniyyət müəssisələrini də əhatə edib, mədəniyyət kollektivlərinin fəaliyyəti üçün geniş imkanlar açıb.

Yanvarın 30-da Şahbuz Rayon Mədəniyyət Sarayı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, bu gün muxtar respublikamızda mədəniyyətin inkişafı təmin edilib. Son illər mədəniyyət müəssisələri üçün yeni binaların istifadəyə verilməsi, mədəni irsimizin qorunması, yeni muzeylərin, uşaq musiqi və incəsənət məktəblərinin yaradılması, kənd mərkəzlərində kitabxana və mədəniyyət evləri üçün binaların istifadəyə verilməsi, eləcə də xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin bərpası və öyrənilməsi, elmi konfransların keçirilməsi, görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı verilən fərman və sərəncamlar mədəniyyətimizin inkişafına mühüm töhfədir. Şahbuz Rayon Mədəniyyət Sarayı üçün yeni binanın inşası da mədəniyyətə göstərilən böyük qayğının bariz nümunəsidir. Natəvan Qədimova mədəniyyətə və incəsənətə göstərdiyi diqqət və qayğıya görə muxtar respublikanın mədəniyyət işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib, yaradılan şəraitə və göstərilən qayğıya əməli işlə cavab verəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Rayon Mədəniyyət Sarayının istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və kollektivi təbrik edərək deyib: Şahbuz Rayon Mədəniyyət Şöbəsi 1936-cı ildə yaradılıb. Bu gün istifadəyə verilən Şahbuz Rayon Mədəniyyət Sarayında şöbənin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Mədəniyyət Sarayında Rayon Mədəniyyət Şöbəsinin, Mədəniyyət Sarayının və Xalq Teatrının fəaliyyəti təmin edilib. Hazırda Şahbuz rayonunun mədəniyyət müəssisələrində 4 dram dərnəyi, 4 yallı və folklor qrupları fəaliyyət göstərir. Yaradılan şərait imkan verəcək ki, kollektivlər ölkəmizin mədəni inkişafına öz töhfələrini versinlər.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Hər bir xalqın mədəniyyəti onu yüksəldir, dünyada tanıdır, mənəviyyatını zənginləşdirir”, - fikirlərini xatırladaraq deyib: Bu gün Ulu Öndərin tövsiyələri Azərbaycan Prezidenti tərəfindən uğurla həyata keçirilir. Mədəniyyət sahəsində çalışanlara dövlət təqaüdlərinin və mükafatlarının verilməsi, onların təltif olunması, əməkhaqlarının artırılması, mədəniyyət saraylarının və evlərinin, klubların, kitabxanaların tikilib istifadəyə verilməsi ölkəmizin mədəni inkişafının göstəricisidir.

Ali Məclisin Sədri bildirib: Mədəni inkişaf olmadan, ölkənin ümumi inkişafını təmin etmək mümkün deyil. Xalqın mədəni inkişafı onun əsas inkişaf göstəricisidir. Ona görə də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafı sahəsində lazımi tədbirlər görülür. Mədəniyyət sarayları tikilir, klublar, mədəniyyət evləri və kitabxanalar istifadəyə verilir, xalq yaradıcılığı günləri keçirilir. Şahbuz rayonunda fəaliyyət göstərən dərnəklər, folklor və yallı qrupları üçün lazımi şəraitin yaradılması imkan verəcək ki, mədəniyyət kollektivləri öz repertuarlarını zənginləşdirsinlər, konsertlər hazırlayaraq rayon ictimaiyyətinə təqdim etsinlər. Həmçinin muxtar respublikada fəaliyyət göstərən mədəniyyət kollektivləri burada konsertlər və tamaşalar hazırlayacaqlar. Bir sözlə, Şahbuz Rayon Mədəniyyət Sarayının istifadəyə verilməsi mədəniyyətimizin qorunub gələcək nəsillərə çatdırılmasına və daha da zənginləşdirilməsinə xidmət edəcəkdir.

Ali Məclisin Sədri deyib: Bu gün dünyada gedən qloballaşma prosesləri zəruri edir ki, hər bir xalq öz mədəniyyətini qorusun və təbliğ etsin. Çünki xalqın səviyyəsini həm də onun malik olduğu zəngin mədəniyyət təsdiq edir. Mədəniyyət Sarayında yaradılan şərait də imkan verəcəkdir ki, xalqımızın qədim mədəniyyətə və zəngin mənəviyyata malik olduğunu göstərə bilək, onları qoruyub gələcək nəsillərə çatdıraq.

Ali Məclisin Sədri qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirib, Şahbuz Rayon İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə rayonda müxtəlif mədəni tədbirlərin hazırlanıb həyata keçirilməsi ilə bağlı tapşırıqlar verib.

Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, binada Rayon Mədəniyyət Şöbəsi, Mədəniyyət Sarayı və Şahbuz Rayon Xalq Teatrı üçün müasir iş şəraiti yaradılıb. Binanın birinci mərtəbəsində proyektorla təmin edilmiş 224 yerlik tamaşa zalı, dekorasiya otağı, 4 qrim otağı, paltarsaxlama və texniki işçilər üçün otaqlar yerləşir. İkinci mərtəbədə Mədəniyyət Şöbəsi, Mədəniyyət Sarayı və Rayon Xalq teatrı üçün iş, məşq və idarəetmə otaqları vardır. Mədəniyyət Sarayında dram, yallı, bədii qiraət və toxuculuq dərnəkləri, “Batabat” instrumental ansamblı fəaliyyət göstərir. Saraya 2 kompüter və 1 fortepiano verilib.

Tamaşa zalında “Batabat” instrumental ansamblının, muğam üçlüyünün, saz ansamblının və yallı kollektivinin çıxışı olub.

Ali Məclisin Sədri ifaçılarla görüşüb, uğurlu çıxışlara görə onları təbrik edərək deyib: Müasir tələblərə cavab verən Mədəniyyət Sarayı Şahbuz rayonunun mədəni həyatında dönüş yaradacaqdır. Rayondakı mədəniyyət kollektivləri, musiqi məktəbləri, yallı qrupları, dram dərnəkləri Mədəniyyət Sarayının imkanlarından səmərəli istifadə etməli, tədbirlər keçirilməli, qurulanlar qorunmalıdır. Təqdim olunan nömrələr bir daha göstərdi ki, kollektivin davamçıları yetişir. Şahbuz rayonunda doğulmuş, lakin Naxçıvan və Bakı şəhərlərində yaşayan musiqiçilər, ifaçılar da dəvət olunmalı, onların Mədəniyyət Sarayında konsertləri keçirilməlidir.

Sonra xatirə şəkli çəkdirilib.

Sarayda fərdi qazanxana və soyutma sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.

Şahbuz Rayon Dövlət Arxivi üçün hərtərəfli iş şəraiti yaradılıb

Muxtar respublikamızda arxiv işinin təşkilinə xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. 

Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Rayon Dövlət Arxivi üçün yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, Şahbuz Rayon Dövlət Arxivi üçün iş otağı və fond istifadəyə verilib, kompüter qoyulub. Fondda havalandırma sistemi quraşdırılıb. Sənədlər ayrı-ayrı rəflərdə cəmləşdirilib, onların təsnifatı və arxiv fondu daxilində qruplaşdırılması işləri aparılıb.

Ali Məclisin Sədri arxiv sənədlərindən düzgün istifadə və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verib.