25 yanvar 2021 16:27
1043

Şahmat müstəvisində sezmə və intuisiya

Şahmatla həyatı birləşdirən ortaq cəhətlərdən biri hər ikisində psixologiya və parapsi­xologiyanın bir sıra qay­dalarının keçərli olması­dır. Məlumdur ki, psixologiya və parapsixologi­ya elminin tədqiqat predmetinə bir çox məsələlərlə yanaşı, sezmə və intuisiya­nın araşdırılması da daxildir. Bu gün adı çəkilən elmlər sübut edir ki, görmə, eşitmə, qoxu, dad və lamisə kimi duyğulardan başqa, hər insanda sezmə və intuisiya, yəni baş vermiş və ya gə­ləcəkdə gerçəkləşəcək bir şeyi hiss etmək, duymaq kimi qabiliyyət də vardır.

Qeyd etmək lazımdır ki, sezmə və intuisiya şahmat oyununun da ayrılmaz parçasıdır. Təsadüfi deyil ki, üçüncü şahmat dünya çempionu olmuş Kapablanca deyirdi ki, “şahmatda rəqibin məq­sədini kim daha yaxşı sezərsə, oyunu o qazanar. Bu baxımdan bir şahmatçı məntiq və xəyal gücü ilə yanaşı, insanların ruh halından da faydalanmağı bacarmalıdır. Qarşınızdakının xarak­terini anlayabilmə qabiliyyəti şahmatda böyük üstünlük gəti­rər”. Bu deyilənlər eynilə psixologiya və parapsixologiyanın həyatda da tətbiq olunan qaydalarıdır. Həqiqətən də həyatda kimin intuisiyası güclüdürsə, o da insanların xarak­terini daha yaxşı oxuya bilir və daha böyük uğur əldə edir.

Yeddinci şahmat dünya çempionu olmuş Vasili Smıslov isə intuisiyanın şahmatda böyük önəm daşıdığını bu sözlərlə dilə gətirmişdir: “Bəzən yaxşı gedişi tapmağa çalışdığım zaman sadəcə vəziyyətə baxır, ümumi olaraq fikir yürütməyə çalışıram. İntuisiyamın ardınca gedirəm. Ondan sonra ən yaxşı gedişi tapdığıma inandıqda variantları hesablamağa başlayıram. Hesab­lamalı və eyni zamanda intuisiyanızdan yararlanmalısınız”. Hətta Vasili Smıslov intuisiyanın şahmat üçün əhəmiyyətini ifrata varacaq dərəcədə yüksəldərək demişdir: “mən tək formu­lun tərəfdarıyam: bir çox variantları hesablamaq yerinə sezmə qabiliyyətinə malik olmaq”.

Qeyd edək ki, intuisiya həyatda müəyyən işləri görərkən zaman israfının da qarşısını almaqda, vaxt itkisinə yol vermə­məkdə bizə çox böyük yardımçı olur. Əgər bir neçə seçim imka­nından məhz birinin doğru olmasını tam yəqinliklə sezir, inamla həmin yola baş vurur və bu seçiminiz də sizi yanıltmırsa, “tətbiq etmə-yanılma” metodunu uzun-uzadı hər seçim variantında yox­lamaq məcburiyyətində qalmır, bununla da lüzumsuz vaxt itkisi­nin qarşısını almış olursunuz. İntuisiyanın zamana qənaət etməsi nöqteyi-nəzərdən əhəmiyyətini on üçüncü şahmat dünya çempionu olmuş Harri Kasparov şahmat müstəvisində belə izah etmişdir: “intuisiyamız bizə sadəcə “nə?” və “necə?” suallarının cavablarını deyil, eyni za­manda, “nə zaman?” sualının cavabını da verir. Gedişim üzərində on saniyə, on dəqiqə və ya bir saat düşünə bilərəm. Yaxşı inkişaf etmiş intuisiya mənə daha çox zaman və xüsusi diqqət tələb edən kritik bir nöqtəyə gəldiyimi söyləyir. İntuisiyamızı inkişaf etdirdikcə, bunun əmək və zamana qənaət etməyimizə təsir etdi­yini görə bilərik; bu, doğru mühakimə yürütmək və hərəkətə keçmək üçün lazım olan zamanı həqiqətən də qısaldır. Birinin bizə önəmli anları bildirməsi lazımdır və bu şey də intuisiyadır”.

Şahmatın psixologiya ilə bağlılığına toxunan dünyanın ən güclü əfsanəvi qadın şahmatçısı Judit Polqar da etiraf etmişdir ki, “şahmat yüzdə otuz, yüzdə qırx psixologiyadır”.

Sezmə və intuisiyadan ən çox faydalanan şahmatçılardan biri “Riqa sehrbazı” təxəllüslü səkkizinci şahmat dünya çempionu Mixail Tal olmuşdur. Onun fikrincə, “hər bir şahmat oyunçusu oyun zamanı bəzi vaxtlarda çəkici bir kombinasiyanı hiss edir, lakin onun nəticəsini sona qədər hesablaya bilmir. Əksər vaxt uzun müddət vaxt aparan bu səyləri nəticəsiz qalır. Buna görə də təcrübəli oyunçular hisslərinə güvənirlər və konkret bir vəziyyət meydana çıxana qədər uzunmüddətli hesablamalar etmirlər”. Şahmatda intuisiyanın fəda etmə məsələsinə təsirindən bəhs edən Mixail Tal, həmçinin deyirdi ki, “çox zaman fəda heç bir konkret hesablama tələb etmir. Meydana çıxan vəziyyətə sadəcə bir baxış bizi fədanın doğru olduğuna inandırmağa yetərlidir”. Onun müxbirlərə müsahibəsi zamanı “oyun oynayarkən ağlınıza o an oyunla bağlı olmayan qəribə şeylər gəlirmi?” sualına başına gələn yumoristik bir hadisəni danışaraq verdiyi cavaba nəzər salsaq, sezmə və intuisiyanın şahmatda nələrə qadir ola biləcəyini aydın görə bilərik:

“Bəli. Məsələn, Sovetlər Birliyi çempionatında böyük usta Vasiu­kovla oynadığım oyunu heç vaxt unutmaram. Atı fəda etməyə hazırlaşdığım çox qarışıq bir vəziyyət yaranmışdı. Qeyri-müəy­yən bir fəda idi, həddindən çox ehtimallar var idi; variantları təhlil etməyə başladıqda kədərli bir şəkildə fərqinə vardım ki, fədadan bir nəticə çıxmır. Fikirlər dalbadal çoxalırdı. Bəzi mə­qamlarda rəqibim üçün incə bir gediş görür, bəzən isə eyni gedi­şin başqa bir vəziyyətdə işə yaramadığını görürdüm. Nəticədə hər cür gedişin çoxluq təşkil etdiyi qarışıq variantları hesabla­maqla beynim qarmaqarışıq oldu. Şahmat məşqçilərinin tövsiyə etdiyi kimi vəziyyət sadələşsin deyə məşhur variant ağacının budaqlarını nə qədər budasam da mənim ağacım inanılmaz şəkildə böyüyürdü. O an birdən Korney İvanovi Çukovskinin şeirindən klassik bir beyt yadıma düşdü: “Nə çətin işdir bege­motu o bataqlıqdan çıxara bilmək”. Nəyə görə begemotun o an şahmat taxtasına girdiyini bilmirdim, amma tamaşaçıların mə­nim vəziyyəti təhlil etdiyimi düşünərkən, mən bütün gücümlə begemotu bataqlıqdan çıxarmağa çalışırdım. O an ağlımda domkratlar, kranlar, vertalyotlar, hətta buksirlər dolaşırdı. Uzun sürən düşüncələrdən sonra bir mühəndis olaraq məğlubiyyəti qəbul etdim və hirslə “burax, boğulursa, boğulsun” dedim. O an begemot şahmat taxtasına gəldiyi kimi qəfildən yoxa çıxdı. Hə­min an vəziyyət mənə o qədər də mürəkkəb gəlməməyə başladı. Anladım ki, əslində bütün variantları hesablamaq mümkün deyil, at fədası tamamilə intuitiv bir fəda idi. Oyunu çox maraqlı vəziyyətlərə apara biləcəyindən fəda etmədən dura bilməzdim. Sonrakı gün qəzetlərdə belə bir xəbər dərc olundu: “Mixail Tal 40 dəqiqəboyu vəziyyəti çox diqqətli bir şəkildə təhlil etdikdən sonra çox yaxşı hesablanmış bir at fədası etdi””.

Bu yarıciddi, yarıyumoristik olan hadisə şahmatda psixoloji amillərin necə böyük önəmə sahib olduğunu bir daha ortaya qoyur.

Dediklərimizi yekunlaşdırsaq, o qənaətə gələ bilərik ki, şahmat psixologiya və parapsixologiya elmləri ilə çox yaxından üzvi əlaqəyə malikdir və şahmat oyunu müstəvisində xüsusilə sezmə və intuisiya böyük əhəmiyyət daşıyır.

Yunis Xəlilov,
Naxçıvan Dövlət Universitetinin
Hüquq fənləri kafedrasının müəllimi