04 fevral 2019 11:47
809

Şəhid ailələri: Prezidentin şəhid ailələri ilə görüşü bizi qürurlandırdı

Yanvarın 28-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşü bu qəbildən olan insanların sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, ölkə vətəndaşlarının rifahının daha da yüksəldilməsi istiqamətində atılan ən humanist addımlardan biri kimi qiymətləndirilir. Prezident İlham Əliyev hər zaman çıxışında da xüsusi qeyd edir ki, şəhidlərimiz bizim üçün nə qədər əzizdirsə, onların ailələrinə diqqət də o səviyyədə saxlanılır.

Göstərilən diqqət və qayğıya görə şəhidlərimizin ailə üzvləri də ölkə Prezidentinə öz minnətdarlıqlarını bildiriblər.

“Prezident İlham Əliyev şəhid ailələrinə daim diqqət və qayğı göstərir və biz də bir şəhid ailəsi olaraq bu diqqət və qayğını hər zaman öz üzərimizdə hiss etmişik” söyləyən Füzuli rayonundan olan şəhid Paşa Bayramovun həyat yoldaşı Ülkər Bayramova qeyd etdi ki, cənab Prezident daim Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ailələrinin problemlərinin həllini diqqət mərkəzində saxlayıb. Bu gün bir şəhidin həyat yoldaşı kimi bir daha əmin oldum ki, Sizin siyasətinizin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayanır. Bir daha əmin oldum ki, bu gün ölkəmizdə sosial ədalət hər şeydən üstün tutulur və Azərbaycan vətəndaşına Azərbaycan Prezidenti qədər qayğıkeş və onun qədər yaxın ikinci bir şəxs yoxdur. Cənab Prezidentin şəhid ailələrinə qayğısı sonsuzdur. Bu gün onun imzaladığı Fərman və sərəncamlar da məhz bunun sübutudur. Cənab Prezidentin bu addımları onun hər zaman şəhid ailələrinin yanında olduğunu göstərir. Belə bir humanist qərar qəbul etdiyiniz üçün çox sağ olun”.

“Cənab Prezidentin şəhid ailələrinə göstərdiyi qayğını bütün Azərbaycan xalqı alqışlayır”. Bu sözləri isə Füzuli rayonundan olan şəhid Abəzəd Muradovun qardaşı Rafiq Muradov söyləyib.

Onun sözlərinə görə, dövlət başçımız tərəfindən hər zaman şəhid ailələrinə göstərilən qayğı göz önündədir: “Sözsüz ki, hər zaman Azərbaycanda şəhidə, şəhid ailələrinə böyük hörmət, diqqət olub və olacaq da. İllərdir Prezident İlham Əliyev şəhid ailələrinə yüksək qayğı ilə yanaşır. Onların yeni mənzillərlə təmin edilməsi, maddi sıxıntılarının aradan qaldırılması istiqamətində ardıcıl addımlar atır. Bu gün də vəziyyət elədir. Şəhid ailələrinə on bir min manatlıq birdəfəlik ödəmələr edilir. Bu maddi yardım da sosial şəraitimizi xeyli yaxşılaşdıracaq. Cənab Prezidentin şəhid ailələri ilə görüşü bizi qürurlandırdı. Allah cənab Prezidentimizə və onun ailəsinə uzun ömür versin”.

Mənsumə Babayeva, “İki sahil”