02 fevral 2019 11:29
296

Şəhid qızı: Biz dövlətin qayğısını həmişə öz üzərimizdə hiss edirik

Ağac barlı budağı, dağ zirvəsi, çeşmə sərin suyu ilə tanındığı kimi Vətən də layiqli, ona şöhrət gətirən övladları ilə tanınır. Mənim atam Vətənin dar günündə silaha sarılıb onun çağırışına hay verib. Kimsə isti yorğan-döşəkdə yatanda, kimsə hansısa künc-bucaqda daldalananda o, soyuq səngərdə torpağımızı yağı düşməndən qoruyub. Belə bir atanın övladı olduğum üçün qürur və fərəh duyuram.

"İki sahil" AZƏRTAC-a  istinadən xəbər verir ki, şəhid Əmir İsmayılovun qızı Aysun atasının şəhidliyi haqqında danışarkən belə deyib.

Hərbi qulluqçu Əmir İsmayılov 1993-cü il mayın 20-də Qazaxın Daş Salahlı kəndinin müdafiəsi zamanı şəhidliyə qovuşub. O vaxt mərhum döyüşçünün hələ 40 yaşı tamam olmamışdı...

“Şəhidlik ən uca məqamdır. Onların əməlləri hər cür hörmət və ehtirama layiqdir. Biz bu ehtiramın növbəti nümunəsini Prezident İlham Əliyevin şəhid ailələrinin vərəsələri ilə Prezident Sarayında keçirilən görüşündə gördük. Dövlət başçısı çıxışında ana torpağımızın, doğma yurdumuzun düşməndən qorunması üçün canını əsirgəməyən igid əsgərlərin rəşadətini yüksək dəyərləndirdi. Görüş başa çatandan sonra şəhidlərin vərəsələri, ailə üzvləri ilə doğma, yaxın bir adam kimi səmimi söhbət etdi. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhidlərin ailə üzvləri ilə ünsiyyətdə oldu, onlarla xatirə şəkli çəkdirdi. Şübhəsiz ki, bunların hamısı dövlət - xalq, Prezident - xalq birliyinin ən gözəl təcəssümünə çevrildi”.

Həmin görüşdə şəhid ailələri Prezidentə müraciət edərək vərəsələrə verilən müavinətlərin məbləğini artırmağı xahiş etdilər. Çox qısa vaxt ərzində bu xahiş nəzərə alınaraq aylıq müavinətlər 300 manata qaldırıldı. Şəhid ailələrinə heç bir ayrı-seçkilik qoyulmadan verilən birdəfəlik ödəmələr və aylıq müavinətlər həmin qrupa daxil olanların sosial müdafiəsinin möhkəmləndirilməsində və rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Bizə göstərilən hərtərəfli qayğıya, maddi və mənəvi dəstəyə görə, eləcə də şəhidlər barədə son humanist təşəbbüslərə görə ailə üzvlərimiz, o cümlədən anam Fatmanın, bacılarım Sevinc və Aytənin, qardaşım Tusinin adından dövlət başçısına minnətdarlıq edirik”,- deyə Aysun söhbətinə yekun vurub.