07 oktyabr 2019 18:20
108

Şəkidə indiyədək iki min hektar sahədə taxıl əkilib

Şəki rayonunun təsərrüfatlarında 2020-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkini davam edir. Fermerlər indiyədək 1480 hektarı arpa, 520 hektarı buğda olmaqla, 2 min hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 65 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Sektor müdiri bildirib ki, payızlıq dənlilərin əkini üçün indiyədək rayonun təsərrüfatlarında 48 min hektaradək sahədə şum aparılıb. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 17 min ton yüksək reproduksiyalı toxum fondu yaradılıb. Əkin kampaniyasına 114 ədəd şum traktoru, 90 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.