30 iyul 2020 14:49
147

Şəkidə yol tikintisinə vəsait ayrıldı

Prezident İlham Əliyev Şəki rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (134 km)–Şirinbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncama əsasən, üç min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (134 km)–Şirinbulaq avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 12,0 (on iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Prezident Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz–Şəki hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz–Şəki hissəsinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

İqtisadiyyat Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.