Yeni Azərbaycan Partiyasının (YAP) 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizədi Kamran Bayramov yanvarın 22-də Şəmkirin bir neçə kəndində görüşlər keçirib.
Deputatlığa namizəd seçkiqabağı təbliğat-təşviqat kampaniyasını Şəmkirin Yuxarı Seyfəli kəndindən başlayıb. K.Bayramov kəndi gəzərək seçicilərlə bir araya gəlib.
Seçicilərlə görüşdən sonra Kamran Bayramov şəhid İsrafil Mehdixanovun atası Nəriman Mehdixanova baş çəkib, kəndin ağsaqqalları Bayram kişi və Mirzə kişi ilə görüşüb.
Deputatlığa namizədin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Aşağı Seyfəli kəndində baş tutub. Səmimi qarşılanan Kamran Bayramov özü və fəaliyyəti barədə seçicilərə məlumat verib və seçicilərin Yeni Azərbaycan Partiyasına böyük dəstəyinin və rəğbətinin şahidi olub.
Kamran Bayramov həmin gün Aşağı Seyfəli kəndində şəhid Natiq Abbasovun anası Sehri xanımın evini ziyarət edib, hörmət və ehtiramını ifadə edərək kəndə gəlməyinin məqsədini də izah edib. Sehri xanım səsvermədə mütləq iştirak edəcəyini deyib və gənc namizədə xeyir-duasını verib.
Kamran Bayramovun qapı-qapı ziyarətləri gün ərzində davam edib. Kənd ağsaqqalı, 9 övladı, 24 nəvəsi, 6 nəticəsi olan 80 yaşlı Yaqub kişinin evində olub. Açdığı süfrə arxasında Yaqub müəllim xeyli maraqlı söhbətlər edərək xatirələrini Kamran Bayramovla bölüşüb. Böyük ailə Kamran Bayramova xoş təəssüratlar bağışlayıb.
Orxan Vahidoğlu, “İki sahil”