09 sentyabr 2019 19:08
175

ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ

İBRAHİM SEYİDOV - 85

 

Uzunömürlü insan iki cür olur,

Birinin həyatı illərlə dolur,

Mənadan güc alır ikinci vahid,

Zəka əməyinin bəhrəsi

Cavid (əbədi)!

 

...Bu yazını çoxdan yazmaq istəyirdim. Amma elə həm də onu çoxdan yox, lap çoxdan yazmalıydım. Daha bir əlavə də edə bilərəm: əslində, bu yazıdakılar çoxdan, lap çoxdan, məktəb illərindən başlayaraq hərfbəhərf, sözbəsöz, kəlməbəkəlmə, cümləbəcümlə hafizəmə həkk olan xatirələrdir. Bu yerdə çox səthi bir şəkildə siyasətə keçmək məcburiyyətindəyəm. Dünya azərbaycanlılarının yeganə dövləti olan Azərbaycan Respublikası inkişaf etdikcə ölkəmizin yüksək intellektli, müasir elmi mükəmməl mənimsəyən, dövlət anlayışının millət və xalq üçün nə demək olduğunu anlayan vətəndaşlara ehtiyac daha da artır. Bu işdə məktəb və müəllimlərin üzərinə daha çox məsuliyyət düşür. Bu barədə az sonra...

Mən kənddə doğulub, orta təhsili kənd məktəbində almışam. Məktəbə dəfələrlə torpaqlı yolla gedib, palçıqlı yolla qayıtmışam. Əsasən, bunun əksi olmayıb. Adətən məktəbə gedəndə yollar palçıqlı idisə, çox vaxt həmin gün dərsə getmək təxirə salınırdı. Bütün bunlara baxmayaraq, internetin, yüksək texnologiyaların olmadığı bir dövrdə təhsillimiz pis olmayıb. Yeganə təəssüf etdiyim budur ki, sovet ideologiyasının məktəblərə ayrılan hissəsi mənim də zamanımı və mütaliə vaxtımı alan həmin dövr geri qayıdan deyil. Amma gör-götür dünyasında məktəb illərində qazandıqlarım daha çox müşahidələrimdən olub. Mətləbə keçməzdən əvvəl ulu öndər Heydər Əliyevin müəllim peşəsi haqqında söylədiyi bir ifadəni xatırladacağam: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.

Bu müdrik ifadələri ulu öndər Heydər Əliyevin dilindən canlı eşitmişdim. Onları yazıda olduğu kimi ifadə etmək istəyi ilə internetdə axtarış edəndə bu ifadələri ilk olaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəsmi saytından tapdım. Təbii ki, tam təsadüf olan bir məsələdə qanunauyğunluq da axtarmaq niyyətindəyəm. Çünki haqqında danışmaq istədiyim əziz müəllimim  - 85 yaşlı İbrahim Seyidov ömrünün əsas hissəsini Naxçıvanda təhsilin inkişafına sərf edib. Yetərincə sərt və tələbkar, yüksək intellektli, o cümlədən böyük idarəçilik bacarığına malik olan İbrahim Seyidov el arasında Ağa müəllim olaraq tanınıb və bu adla yaşayır. Gəlin etiraf edək ki, sərt və tələbkar rəhbər heç də hər zaman əksəriyyət tərəfindən sevilmir. Xüsusilə nə məktəbdə şagirdlər tələbkar müəllimi, orduda əsgərlər tələbkar komandiri, iş yerində tələbkar müdiri o qədər də sevməzlər. Mən necə, məktəb qaydalarına tam əməl etməyən bir şagird kimi İbrahim müəllimi sevmişəmmi? Bu suala birmənalı cavabım yoxdur. Onu deyə bilərəm ki, ondan yetərincə çəkinmişəm və dərsini oxumuşam. İnsan fənnindən (sovet dövründə yuxarı siniflərdə belə bir dərslik olub) nələr oxumuşamsa bu gün də yadımdadır və məqamında karıma çatır. Amma səmimi qəbul edilsə reallıq belədir: O, sevilməli müəllim olub. Dərsi o qədər rəvan dildə, sadə yolla izah edərdi ki, yaddaşı yerində olan şagird üçün tapşırığı gözdən geçirmək yetərli idi.

Ümummilli lider Heydər Əliyev birinci dəfə siyasi hakimiyyətdə olduğu illərdə indi Ulu Öndərimizin adını daşıyan sarayda Azərbaycan dilində nitq söyləyəndə mən də sonsuz maraqla qulaq asardım. Baxmayaraq ki, təxminən 7-8-ci siniflərdə oxuyan bir şagirdin həmin nitqlərin məzmununu anlaması o qədər də asan deyildi. Ulu Öndərin Azərbaycan dilində çıxışları məktəbdə müəllimlərimizin də əsas müzakirə mövzusu olardı. Həmin dövrlərdə İbrahim müəllimdən eşitdiyin bir ifadəni indi də xatırlayıram: Azərbaycan və rus dillərini eyni dərəcədə mükəmməl bilməsi Heydər Əliyevin fitri istedadıdır.

“Müəllimin savadının bir göstəricisi də onun öz övladlarının necə oxumasıdır!”, şüar şəkilli ifadəni də mən İbrahim Seyidovdan eşidəndə təxminən 6-7-ci siniflərdə oxuyurdum. Gözəl bir atalar sözü yadıma düşür: dili də var dilçəyi də. İbrahim Seyidovun öz sahəsi üzrə yüksək bilikli müəllim olmasının məhz əsas göstəricisi onun övladlarının 3-nün öz sahəsi üzrə həm də dövrünün yüksək nəticələrini qazanaraq ali məktəblərə daxil olmasıdır.

Beləliklə, İbrahim Seyidovun bioqrafiyasından kiçik bir hissə: 1955-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) əla qiymətlərlə daxil olan İbrahim müəllim bu qocaman təhsil müəssisəsini fərqlənmə ilə bitirib. Beş il ərzində kimya və biologiya elmlərinin incəliklərini mənimsəyib. Diplomunda “Kimya-biologiya müəllimi və fizioloq ixtisası insan və heyvan anatomiyası və fiziologiyası” ixtisası yazılan İbrahim Seyidovu Bakıda Taun Əleyhinə Dispanserə işə götürürlər. Lakin doğma Naxçıvana bağlılıq onu Culfa şəhərinə gətirir. Bir müddət burada fizioloq işləyir. Culfa şəhərində - Mərkəzdə Dəmir yolu orta məktəbində, şəhər gündüz orta məktəbində, axşam əyani-qiyabi orta məktəbində kimya-biologiya müəllimi olmadığından onu Rayon Partiya Komitəsinin birinci katibi bu sahədə işləməyi təklif edir. Beləliklə, İbrahim Seyidovun ömrünün ən şərəfli hissəsi - müəllimlik həyatı başlayır.

Nə az, nə çox 21 il şagirdlərlə gündəlik təmasda olan İbrahim müəllim sonradan Ərəfsə kənd orta məktəbinə direktor təyin olunur. 1964-cü ildə isə indiki Şərur rayonunun mərkəzində yerləşən Qələbə orta məktəbində istehsalat təlimi üzrə direktor müavini kimi çalışır. Bir ildən sonra Şərur Rayon Partiya Komitəsinə təlimatçı təyin edilir və eyni zamanda, rayon inzibati orqanlarının fəaliyyətinə nəzarət edir. Rayon qəzet redaksiyaları yaradılanda İbrahim Seyidov “İşıqlı yol” redaksiyasına partiya katibi və redaktor müavini təyin olunur.

Sonra Xok kənd orta məktəbində direktor işləyir. Bir müddətdən sonra öz doğma Şahtaxtı kəndində yerləşən indiki Akademik Zərifə Əziz qızı Əliyeva adına kənd orta məktəbinə direktor təyin olunur.

...Mən İbrahim Seyidovu müəllim kimi yox, ilk olaraq məktəb direktoru olaraq tanımışam. Çünki o, bu vəzifəyə təyin olunanda mən aşağı siniflərdə oxuyurdum. Həmin illərdə İbrahim müəllim əsasən 9-10-cu siniflərə dərs deyirdi. Yuxarıda qeyd etdiyim kimi, mən onu sərt, tələbkar və idarəetmənin ustası kimi tanımışam. İbrahim Seyidovun birinci dəfə məktəb direktoru işlədiyi illərdə məktəbin həyətinə içməli su çəkildi, 2 hektara yaxın ərazidə bağ salındı. İndi də kənd sakinlərinin dilindən düşmür ki, məhz həmin illərdə şagird davamiyyətinin yüksəlişi sayəsində həmin illərdə Şahtaxtı kəndində ali məktəblərə qəbul sayı iki dəfə yüksəldi.

Bir neçə ildən sonra İbrahim Seyidovu Şahtaxtı kənd soveti sədri seçdilər. Başqalarını bilmirəm onun məktəbdən getməsi o dövrdə mənim üçün çox sevindirici oldu. Çünki onun davranış və təhsildəki yüksək tələbkarlığına dözmək asan deyildi. Bundan üç il sonra İbrahim müəllimi yenidən Şahtaxtı kənd orta məktəbinə direktor təyin etdilər. Bu, bütün kənd üçün xoş xəbər oldu. Elə mənim özüm üçün də. Çünki ali məktəbə daxil olmaq sırası bizim yaşıdlara çatmaqda idi və ortadakı boşluğun doldurulmasına ehtiyac duyulurdu. İbrahim müəllim indi də o illəri belə xatırlayır: “Nə vaxt məktəbdə vəziyyət xarablaşıbsa məni ora direktor təyin ediblər. Beləliklə, 20 ildən artıq Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd orta məktəbində direktor vəzifəsində işlədim və oradan da 54 il stajla təqaüdə çıxdım. İftixarla deyə bilərəm ki, 54 illik əmək fəaliyyətimdə bir dəfə də olsun xəbərdarlıq belə almamışam. Məktəb və dərs mənim həyatımın mənası olub.”

Qeyd etməliyəm ki, hazırda yenidən qurulmuş Şahtaxtı kənd orta məktəbinin binası keçmiş SSRİ-nin süqutu illərində Naxçıvanda barmaqla sayılacaq qədər az olan yeni məktəb binası idi. İbrahim Seyidov yeni məktəb binasının tikintisi ilə bağlı prosesi belə xatırlayır: “Bu tikinti ilə bağlı Bakıya müxtəlif təşkilatlara yüzdən artıq məktub yazmışam, qəbullarda olmuşam. Nəhayət, 1977-ci ildən başlayan bu tikinti 1985-ci ildə istifadəyə verildi. Yeni məktəbin həyəti tikanlıq bir səhra idi. 300-dən artıq peyvənd ərik tingi satın alıb öz əllərimlə nizamla əkdim. Məktəbə suvarma üçün və içməli su çəkdirdim. Məktəbin həyətini tikanlıqdan güllü-çiçəkli yaşıllığa çevirdim. Burada əldə etdiyimiz təcrübə Şərur rayon məktəblərində yayılıb.

P.S. Əziz və dəyərli İbrahim müəllim, belə bir deyim var: sərlövhə mətnin yarısıdır. Yazının sərlövhəsi bir şagirdinin Sizin timsalınızda bütün müəllimlərinə olan ehtiramının tərənnümüdür. Yazının başlığını dünyadan köçən bütün müəllimlərimizə Allahdan rəhmət diləyi və Sizə 100 yaş arzusu ilə seçdim...

 

Sabir Şahtaxtı,

siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist,

AZƏRTAC-ın Türkiyə  bürosunun rəhbəri