25 iyun 2019 10:35
993

Şəxsi məlumatların ictimailəşdirilməsi nə dərəcədə doğrudur?

Müasir dövr senzuranın mahiyyətini, rolunu itirməsi və internetin hegemonluq etdiyi bir zamandır. Nəticədə isə gizli video, foto çəkilişlərin, audio qeydlərin aparılması, gizli faktların aşkarlanması və bütün bunların sosial media vasitəsilə çox sürətlə yayımlandığının şahidi oluruq.

Şəxsi məlumatların icazəsiz və qanunsuz şəkildə təqdimatı jurnalistlərin peşə etikası baxımından doğru hesab olunmur. Son dövrlərdə bu tendensiya yeni bir format alıb. Belə ki, artıq sosial şəbəkələr vasitəsilə şəxsi bilgilər birbaşa ictimaiyyətə təqdim olunur. Həmin xəbər sahibinin özü ilə əlaqə yaradıb araşdırmadan, dəqiqliyini yoxlamadan, konkretləşdirmədən onlayn şəkildə dərc olunur. Bəziləri də sosial şəbəkələr vasitəsilə yayılan məlumatları “xəbərə” çevirib öz xəbər saytlarına yerləşdirirlər. Həmin görüntülərdə isə etik prinsiplər gözlənilmir, istifadəçinin yaş həddi nəzərə alınmadan sürətlə və maneəsiz yayılır. Təbii ki, bu, bütün kütləvi informasiya vasitələrinə aid deyil. Bu cür hallar əsasən yeni media növlərindən sayılan, onlayn şəkildə fəaliyyət göstərən xəbər saytlarına və onların sosial şəbəkə hesablarına aiddir. Bu kimi hallar zaman keçdikcə medianın “qara üzü” olan reket jurnalistikasına gətirib çıxarır.

Məlum olduğu kimi, şəxsi həyatın üç sahədə formalaşdığı qəbul edilir. Birincisi, ümumi həyat sahəsidir ki, cəmiyyətə açıq bilgiləri əhatə edir. Məsələn, şəxsin kinoya, teatra, idman yarışlarına getməsi, bağda gəzintiyə çıxması, bazara getməsi və s. Şəxsin ümumi həyat sahəsi barədə informasiyanın gizliliyi qanunla qorunmur. İkincisi, şəxsin özəl həyatıdır ki, buraya aid olan informasiyalar, məhdud sayda və müəyyən meyarlara uyğun insanlarla (həkim, vəkil və s.) bölüşdürülə bilər. Üçüncüsü, şəxsin gizli həyat sahəsidir. Gizli həyat sahəsi şəxsin başqaları tərəfindən bilinməsini, öyrənilməsini istəmədiyi davranış və hadisələrdən formalaşan sahədir. Şəxs gizli həyat sahəsinə daxil olan informasiyanı ən yaxın adamlarına söyləyə bilər, yaxud bunları heç kimlə bölüşməyə bilər. Gizli həyat toxunulmaz olmaqla yanaşı, şəxsi həyatın özəyini təşkil etdiyindən hər cür müdaxilələrdən qorunur. Bu sahəyə aid bilgilər hər kəsə qapalıdır.

Şəxsin gizli məlumatları hansı hallarda kütləvi informasiya vasitələrində yayıla bilər?

İctimaiyyətin tanıdığı şəxslərin ümumi həyatı xeyli geniş, özəl və gizli həyat sahəsi isə başqalarından fərqli olaraq daha məhduddur. Hətta bəzən özəl həyat ilə gizli həyat üst-üstə düşə bilər. İctimaiyyət tərəfindən tanınmayan şəxslərdə isə bu vəziyyət əksinədir. Odur ki, ictimaiyyət tərəfindən tanınan şəxslərin özəl həyatı, sosial həyatı, sağlıq vəziyyəti haqqında informasiya kütləvi informasiya vasitələrində daha geniş işıqlandırıla bilər. Lakin bu şəxsin ictimaiyyət tərəfindən tanınan olması onun özəl həyatına hər zaman müdaxilə oluna biləcəyi kimi qəbul edilməməlidir. Jurnalist belə vəziyyətdə bir daxili ölçüdən istifadə etməlidir. Jurnalist şəxsin özəl həyatına müdaxilə edən məlumatı yaymaq istəyirsə, həmin məlumatın ictimai faydasının daha yüksək olduğu qənaətinə gəlməlidir.

İctimai fiqurun şəxsi həyatı ilə əlaqəli toplanmış və yayılmış bilgilərin şəxsi həyata müdaxilə olub- olmaması həmin bilgilərin yayılmasının ictimai marağa xidmət edib-etməməsi prizmasından qiymətləndirilməlidir. Bilgi toplamaq o halda məhdudlaşdırıla bilər ki, onun yayılmasından dəyəcək ziyan həmin bilginin açıqlığına olan ictimai marağı üstələsin. Əgər ictimai fiqur şəxsi və ictimai həyatı ilə bağlı uzlaşmayan fəaliyyət göstərirsə, jurnalistlər ictimai fiqurun şəxsi həyatı ilə bağlı bilgiləri, xüsusilə cəmiyyətin həyatına mənfi təsir göstərən hallar (korrupsiya, qanun pozuntuları, cinayət əməlləri və s.), ictimai maraq doğuran hallarla əlaqədar olaraq və bunun üçün gərəkli olan dərəcədə toplamağa və yaymağa haqlıdırlar. Hüquq pozuntusu haqqında məlumatlar şəxsi həyat sirrinə aid edilə bilməz, dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunun pozulması faktları haqqında məlumatlar məhdudlaşdırıla bilməz. Hüquq pozuntusu ictimai əhəmiyyət daşıyan hadisə olduğu üçün jurnalist bunu, eləcə də cinayət etmiş şəxslərin adlarını topluma çatdırmaqda haqlıdır. Ancaq hadisəni işıqlandırarkən azyaşlıların olmasını unutmamalı, hadisə ilə əlaqəli olmayan şəxslərin əlaqəli kimi göstərilməsinə yol verilməməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində qeyd olunur ki, hər kəsin şəxsi və ailə həyatının sirrini qorumaq hüququ var. Qanunda göstərilən hallardan başqa şəxsi həyata qarışmaq qadağandır. Azərbaycan Konstitusiyasında razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılması, saxlanılması, istifadəsi və yayılması qadağan edilir. Buna görə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan video və foto çəkilişinə, səsinin yazılmasına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Yaqut Ağaşahqızı, “İki sahil”