14 iyun 2019 20:32
1078

Şuşa rayon ictimaiyyəti Milli Qurtuluş Gününü qeyd edib

İyunun 14-də Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzinin Milli Qurtuluş Gününə həsr olunmuş geniş bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində məcburi köçkünlərin yeni yaşayış kompleksində keçirilib.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışıb. O, Ulu Öndərin siyasi kursunu və yüksək amallarını layiqincə yaşadan və davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış böyük nailiyyətlərdən bəhs edib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycanın milli mənafelərini qorumağa qadir olan Milli Ordu formalaşdırıldı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Ulu Öndər bütün siyasi və diplomatik vasitələrdən istifadə edərək, 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs sazişinin imzalanmasına nail oldu.

Tədbir geniş konsert proqramı ilə davam edib. Bədii hissədə Şuşa Rayon Mədəniyyət Mərkəzinin birləşmiş xorunun, muğam-xalq çalğı alətləri ansamblının, “Təbəssüm” rəqs və “Ritm” qruplarının, aşıqların və tarzənlərin birləşmiş kollektivlərinin ifaları olub.