23 yanvar 2020 18:14
904

Şuşa və Xocalı seçiciləri: Seçimimiz YAP-ın namizədidir - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə Milli Məclisə növbədənkənar seçkilərdə deputatlığa namizədi Elman Məmmədovun təbliğat-təşviqat kampaniyası çərçivəsində Şuşa ziyalıları ilə növbəti görüşü keçirilib.

Tədbirdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlər haqqında ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Elman Məmmədov qeyd edib ki, möhtərəm Prezidentimiz tərəfindən qaçqın və məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması və sosial problemlərinin həlli istiqamətində mühüm dövlət proqramları  qəbul edilərək həyata keçirilir. Məcburi köçkün ailələrinə də daim dövlət tərəfindən diqqət və qayğı göstərilir:  “Onların yaşayış şəraiti yaxşılaşdırılır, evlər  təmin edilir və hazırda da bu proses davam edir. Milli Məclisin deputatı kimi mən də çalışmışam ki, seçicilərimin problemlərini daim diqqət mərkəzində saxlayım. Qeyd edim ki, bu illər ərzində problemlərin həllinə qismən də olsa nail olmuşuq.”

Elman Məmmədov Milli Məclisə deputatlığa namizədliyinin növbəti  dəfə irəli sürüldüyünə görə  partiyanın rəhbərliyinə və fəallarına  minnətdarlığını bildirib.

Görüşdə çıxış edən ağsaqqallar, ziyalılar və gənclər  Elman Məmmədovun Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək dəyərləndirdiklərini, yenidən ona yekdilliklə səs verəcəklərini bildiriblər.

Həmin gün YAP-ın 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə Milli Məclisə növbədənkənar seçkilərdə deputatlığa namizədi Elman Məmmədovun Sabunçu rayonunun Pirşağı qəsəbəsində məskunlaşmış Şuşadan və Xocalıdan olan seçicilərlə növbəti görüşü keçirilib.

Tədbirdə çıxış edən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev Elman Məmmədovun ötən illər ərzində fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, Elman Məmmədov Milli Məclisin deputatı kimi qanunvericilik aktlarının qəbulunda hər zaman fəallığı ilə seçilib, eyni zamanda, seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyib.

Tədbirdə çıxış edən YAP-ın parlament seçkilərindəki namizədi Elman Məmmədov seçicilərlə hər bir görüşünün onda xoş təəssürat yaratdığını qeyd edib, ona növbəti dəfə etimad göstəriləcəyi təqdirdə bu istiqamətdə fəaliyyətini bundan sonra da layiqincə davam etdirəcəyini bildirib.

Tədbirdə çıxış edən seçicilər növbəti seçkilərdə də Elman Məmmədovun timsalında YAP-ın namizədini birmənalı surətdə dəstəkləyəcəklərini bəyan ediblər.

Orxan Vahidoğlu, “İki sahil”