16 yanvar 2021 15:26
1739

Şuşanın milli və mədəni simvolları

Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycan mədəniyyət paytaxtı elan etməsi, eyni zamanda, bu il Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin bərpa edilməsi barədə göstərişi nəinki ölkəmizin, eləcə də dünyanın  mədəniyyət xəzinəsinə yeni  töhfələr verəcəkdir 

 

...39 il əvvəl - 1982-ci il yanvarın 14-də Molla Pənah Vaqifin xatirəsinə ucaldılmış məqbərənin açılışını şuşalılar və o gün Şuşaya gələn qonaqlar yaxşı xatırlayırlar. Həmin gün Şuşa şəhəri başdan-başa qara bələnmişdi. Axşamdan yağan quşbaşı qar yolu-rizi tutmuşdu. O qarlı-şaxtalı havada  Şuşa sakinləri başda Azərbaycanın ali rəhbəri Heydər Əliyev olmaqla  Bakıdan gələn əziz qonaqları – görkəmli şair və yazıçıların yolunu səbirsizliklə gözləyirdilər. Həmin gün Şuşanın qış məzərələrinin gözəlliyi adamı valeh edirdi. Bura ilk dəfə gələnlər şəhərə Allahın möcüsəsi kimi baxırdılar. Qışın oğlan çağı olsa da məqbərənin açılışına gələnlər heç üşümürdülər. O gün  Cıdır düzündə Vaqifin adına ucaldılan məqbərənin qarşısındakı lent kəsildi. Alqış sədaları altında dahi Üzeyir bəyin "Koroğlu" uvertürası əsrarəngiz Şuşanın qış dünyasına yayıldı...  Sonra Poeziya Evində keçirilən Vaqif poeziya günlərində ulu öndər  Heydər  Əliyev  şəxsən iştirak etdi, yazıçı və şairlərlə xatirə şəkili çəkdirdi, onlara tövsiyə etdi ki, Şuşada  Vaqif  poeziya günləri ənənəsini hər il davam etdirmək lazımdır. O gündən etibarən hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada yekunlaşan Vaqif poeziya günləri Şuşanın erməni quldurları tərəfindən işğalına qədər davam etmişdi. 1992-ci il mayın 8-də şəhər işğal olunandan sonra Molla Pənah Vaqifin məqbərəsi demək olar ki,  tamamilə dağıdıldı.

 “Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam. Vaqifin məqbərəsinin açılışında olmuşam. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır.” Bu fikirləri Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləmişdi.  Milli mədəniyyətimizin mərkəzi, poeziyamızın, musiqimizin beşiyi olan Şuşadan yağı düşmən nə qədər çalışsa da Molla Pənah Vaqifə,  Xurşudbanu Natəvana, Üzeyir Hacıbəyliyə və digər sənət korifeylərimizə bağlı olan mədəniyyət  tariximizi  məhv etməyi bacara bilmədi.

2021-ci il yanvarın 14-də Prezident İlham Əliyev Şuşa şəhərinə səfər etdi... 39 ildən sonra gerçəkləşən bu səfər zamanı dövlət başçımız, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev,  birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Molla Pənah Vaqifin dağıdılmış abidəsini ziyarət etdilər. Məqbərənin qarşısında çıxış edən dövlət başçısı qeyd etdi ki, Ulu Öndər sovet dövründə də milli ruhun yüksək səviyyədə olması üçün çox böyük işlər görürdü: “Bu məqbərənin açılışı tarixi hadisə idi. Mən o günü çox yaxşı xatırlayıram. Mən təxminən orada, kənarda durmuşdum, burada atam və görkəmli mədəniyyət xadimləri. Yadımdadır, Azərbaycan və erməni şairləri şeirlər deyirdilər. Hətta erməni şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Bu, bir dostluq bayramı, dostluq tədbiri idi və heç kimin ağlına gələ bilməzdi ki, bir neçə ildən sonra burada separatizm baş qaldıracaq, Ermənistan Azərbaycana qarşı təcavüz edəcək, bizim tarixi şəhərimizi əlimizdən alacaqlar, tarixi abidələrimizi, məscidlərimizi, bu məqbərəni bu günə salacaqlar, Azərbaycan xalqının çoxəsrlik irsini Qarabağ diyarından silməyə çalışacaqlar. Heç kimin ağlına gələ bilməzdi...”

Qeyd edək  ki,  dördkünc quruluşa  malik olan məqbərə  mərmərlə bəzədilmişdi. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat da sərgilənirdi.  Şuşa şəhərinin işğalı nəticəsində kompleksin binası və burada sərgilənən eksponatlar hamıısı məhv edilib. Şuşa səfəri həm də Müzəffər Ali Baş Komandanımızın  Ermənistanda revanşizm haqqında düşünənlərə xəbərdarlığı ilə də müşayiət olundu. Ali Baş Komandan  Molla Pənah Vaqifin məqbərəsi önündə çıxış edərkən Ermənistanı təxribatçı addımlardan çəkinməyə çağırdı: “Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, Azərbaycanın dəmir yumruğunu bir daha görəcək.”

Dünya mədəniyyətinə, incəsənətinə böyük töhfələr vermiş dahi bəstəkar Üzeyir Hacıbəylinin, Qarabağ xanlarının nəslindən olan Xurşidbanu Natəvanın, görkəmli vokal ustası Bülbülün güllələnmiş heykəllərinin Şuşaya – doğma Vətənə qayıdışı və Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı heykəllərin açılışını etməsi  qürurverici  tarixi məqam olmaqla yanaşı,  həm də  Qarabağa möhtəşəm qayıdışın rəmzi oldu.  Təkcə  erməni vandalları tərəfindən  güllələnmiş heykəllərin, eləcə də şuşalıların deyil, bütün Azərbaycanın qəlbində sönməz Şuşa yanğısı, başı qarlı dağların nisgili, Cıdır düzünün həsrəti sona çatdı. Prezident İlham Əliyev Molla Pənah Vaqifin məqbərəsinin önündə  çıxış edərkən  “Xarı bülbül” festivalının bu il keçiriləcəyi barədə göstəriş verdiyini bildirdi: "Biz artıq Şuşanın bərpasını başlayırıq. İndi baş plan hazırlanır. Bütün binaların təftişi aparılıbdır. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir. Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!"

Bəli,  bu gün müzəffər Azərbaycan Ordusunun göz bəbəyi kimi qoruduğu Şuşamızda  dillərə dastan, əfsanə olan Xarı bülbül gülü Azərbaycanın zəfəri ilə əbədiləşən II Qarabağ müharibəsinin  qürur, qələbə, əbədiyyət rəmzinə çevrilib. Xarı bülbül  həm də Şuşaya sədaqətin rəmzidir.  Elə buna görə qayıdışın, sədaqətin, qovuşmağın rəmzi kimi Xarı bülbül möhtəşəm qələbəmizin simvolu kimi seçildi.

 “Xarı bülbül”ün hərfi mənası “tikanlı bülbül” deməkdir. Şuşa dağlarında bitən bu bitkinin digər adı isə Qafqaz Qaş Səhləbidir. “Xarı bülbül” təbiətə verdiyi gözəlliyi ilə yanaşı, müalicə əhəmiyyətli bitkidir. Ondan xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində də geniş istifadə edilir.Tarix boyu  Qarabağda bu gülün şöhrəti o qədər səs salıb ki, hətta onun şəninə  konsertlər verilib, festivalar təşkil edilib. Həmin konsertləri Azərbaycanın  böyük sənətkarları öz ifaları ilə bəzəyiblər. Çıxışlar arasında Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin "Qızıl Fond"una daxil olan “Sona bülbüllər” mahnısı xüsisi yer alıb.

Onu da qeyd edək  ki, Şuşada, Cıdır düzündə, İsa bulağında bir çox yerli, məşhur xanəndə və sazəndələrin, o cümlədən şəhərin qonağı olan incəsənət xadimlərinin iştirakı ilə mədəni məclislər ötən əsrin əvvəllərindən təşkil olunurdu.  1901-ci ildə  Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə ilk dəfə Şuşada “Şərq konserti” keçirilmişdir. Şuşada təşkil olunan mahnı bayramları XX əsrin sonlarında dəb halını almışdı. 1983-1991-ci illərdə mütəmadi olaraq belə bayramlar təşkil edilmişdir. Cıdır düzündə 1989-cu ildə keçirilən “Xarı bülbül” muğam festivalı bu gün də yaddaşlarda yaşayır. "Xarı bülbül" Beynəlxalq Festivalı ilk dəfə məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan  və SSRİ ölkələrinin iştirakı ilə keçirilirdi. Həm də bu festival təkcə Azərbaycanda deyil,  bütün dünyada nüfuzlu və rəngarəng musiqi tədbiri sayılırdı.

 Çox  böyük  əminlik və fəxarət  hissi ilə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini 2021 – ci ildə ölkəmizin Mədəniyyət paytaxtı elan etməsi, eyni zamanda, bu il Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin bərpa edilməsi barədə göstərişi  nəinki  ölkəmizin, eləcə də  dünyanın  mədəniyyət xəzinəsinə  yeni  töhfələr verəcəkdir. 

Nurəddin Muğanlı, “ İki sahil”