19 mart 2019 10:45
651

“Sibirin gücü” qaz kəməri hazırdır

Rusiyanın “Qazprom” enerji şirkəti Rusiya və Çini birləşdirən “Sibirin gücü” təbii qaz kəmərinin tikinti işlərinin başa çatdığını açıqlayıb. Cari ilin sentyabr ayının birindən etibarən kəmərlə qaz nəqlinə start veriləcək. “Qazprom” və “CNPC” sözügedən kəmərin tikintisi ilə bağlı 2014-cü ildə 400 milyard dollarlıq müqavilə imzalamışdılar.

Müqaviləyə görə, “Qazprom” Çini 30 il ərzində illik 38 milyard kubmetr qazla təmin edəcək. İlkin olaraq, kəmər ixraca 5 milyard kubmetr qazla başlayacaq, bir neçə il ərzində tam gücü ilə davam edəcək.

“2035-ci ilə qədər “Sibirin gücü 2” və digər planlaşdırdığımız kəmər layihələri baş tutarsa, şirkətimiz Çin bazarının ən böyük təminatçısına çevrilə bilər”, - deyə “Qazprom”un idarə heyətinin üzvü Oleq Aksyutin bildirib. O qeyd edib ki, yeni kəmər daha çox Avropaya qaz satan “Qazprom” üçün yeni ixrac istiqaməti açır və Asiya bazarlarında geniş imkanlar yaradır. Bu, həmçinin qiymətləndirməyə də öz təsirini göstərəcək. Belə ki, təbii qazın Asiyaya və Avropaya satış qiymətləri tamamilə fərqli ola bilər.