21 yanvar 2021 18:03
403

Sidney şəhərində 20 Yanvar şəhidləri yad edilib

Avstraliya-Azərbaycan Assosiasiyası (AAA) və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşkilatçılığı ilə Sidney şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

"İki sahil" Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, türk evində baş tutan tədbirdə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov, GADTB-nin insan və qadın haqları departamentinin rəhbəri Sara Azərsun, AAA prezidenti Mikayıl Oyta, Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımov, Yeni Cənubi Uelsin Türk Təşkilatları Şurasının sədri Dursun Candemir, Avstraliyanın Milli Dirçəliş Liqasının Auburn nümayəndəliyinin təmsilçisi Mehmet Evin, Azərbaycan və Türkiyə icmalarının nümayəndələri iştirak ediblər. Tədbir ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Mərasimdə müvəqqəti işlər vəkili Ramil Qurbanov, GADTB departament rəhbəri Sara Azərsun, AAA prezidenti Mikayıl Oyta çıxış ediblər. Onlar 20 Yanvar faciəsini M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin xalqımıza qarşı törətdiyi dəhşətli hərbi cinayət kimi qiymətləndiriblər. Qeyd edilib ki, SSRİ rəhbərliyinin və ermənipərəst qüvvələrin ədalət, azadlıq və müstəqillik tələb edən xalqımızın iradəsini sındırmaq cəhdi baş tutmayıb. Qısa müddətdən sonra Azərbaycan dövlət müstəqilliyini bərqərar edib, SSRİ dövlət kimi süquta uğrayıb. 2020-ci ilin noyabrında isə dövlətimiz ərazi bütövlüyünu bərpa etməklə şəhidlərimizin ruhunu şad edib.

Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub.