26 yanvar 2021 16:22
1716

Sirli şahmatçı kim idi? - FOTO

2001-ci il şahmat tarixinin bəlkə də ən sirli və əsrarəngiz hadisələrindən birinə şahid oldu. Bir vaxtlar Karpov kimi böyük ustanı məğlub etmiş, 1993-cü ildə Kasparov ilə oynadığı dünya çempionatı matçında unudul­maz bir oyun ortaya qoymuş ingilis şahmat böyük ustası Nigel Şort 2001-ci ildə internetdə hələ təzə-təzə istifadə olunmağa başlayan “İnternet Şahmat Klubu”na (İCC) ara-sıra daxil olar və şahmat oynayardı.

Bir dəfə yenə canlı şahmat oynamaq üçün bu kluba daxil olarkən istifadəçilər arasında güclü bir rəqib axtardığını yazan sirli bir oyunçu diqqətini çəkir və dərhal onunla oynamaq istəyir. Sirli rəqib Şortdan ona məxsus istifadəçi adından çıxıb yenidən öz kimliyi yerinə “adsız bir qonaq istifadəçi” kimi yenidən daxil olmağı xahiş edir. Məlum olduğu kimi, belə olan təqdirdə oyunu internetdən izləyə bilən hər hansı biri həmin oyunu kimlərin oynadığını bilməyəcəkdi. Nigel Şort rəqibinin xahişini yerinə yetirdikdən sonra qızğın oyun başlayır...

Şort ilk qarşılaşmalarda onunla zarafat edildiyini və ələ salındığını düşünür. Çünki rəqibi başlanğıcda son dərəcə qeyri-adi gedişlər edir. Məsələn, bir oyunda ikinci, üçün­cü və dördüncü gedişlərdə şah fiquru ilə, başqa bir oyunda isə ilk on beş gedişdə sadəcə piya­dalarla oynayır. Rəqibin gedişləri hər keçən oyun daha da istehzalı hal almağa başlayır.

Şort əvvəlcə onunla əylənildiyini düşünsə də, oynanılan üç dəqiqəlik ilk səkkiz matçın hamısını gözlənilməz şəkildə məğlub olur.

Davam edən oyunlar zamanı sirli oyunçu zəif və çıxılmaz hesab edilə biləcək anlarda belə qeyri-adi gedişlərlə vəziyyətlərdən çıxa bilir.

Marağına hakim ola bilməyən Şort, bir tərəfdən oynayarkən, digər tərəfdən də söhbət etməyə başlayır. Rəqibinin kim olduğunu öyrənmək naminə ondan 60-70-ci illərdə oynamış, o qədər də tanınmayan meksikalı bir şahmatçının adını soruşur. Bu adı yeni nəsil şahmatçıların bilməsinin olduqca çətin olduğunu düşünərək yazışma (“chat”) aparıldığı yerə “sən osanmı” anlamında “Armando Acevedo?” yazır. Dərhal bu cavab gəlir: “Siegen 1970”.

İşin ən maraqlı tərəfi isə odur ki, 1970-ci ildə Siegendə gerçəkləşən 19-cu Şahmat Olimpiadasında Acevedonu məğlub edən yeganə şahmatçı Robert Fişer olmuşdur.

Diqqəti cəlb edən məqam Şortun ver­diyi bu suala cavabın dərhal gəlməsidir. Nəzərə alsaq ki, “ChessBase” və ya “Fritz” proqramlarından hər hansı birinə ən qısa yoldan (“Ctrl+F”) istifadə edərək belə axtarış yerinə “Armando Acevedo” yazıb 1970-ci ildə Siegendə oynanılmış Fişerlə Arman­do Acevedo arasındakı oyunu axtarmaq ən təcrübəli şahmatçının belə təxminən on ilə on beş saniyə arası vaxtını ala bilir, onda Şortun sualına dərhal cavab verilməsi sirli şahmatçının Fişer olması ehtimalını daha da artırır. Düzdür, o da düşünülə bilər ki, Fişerin adından istifadə edən biri qabaqcadan çox hazırlıqlı bir şahmatçıdır və şahmatçıları çox yaxşı tanıyır, yaxud da onun meksikalı Armando Acevedonu tanıması təsadüfidir. Amma bu çox az ehtimaldır.

Başqa bir oyun zamanı isə Şortun verdiyi “bu günədək oynadığın ən sürətli şahmat oyunçusu kimdir?” sualına böyük şahmat ustasının qanını donduran belə bir cavab gəlir: “Əgər düşündüyün şəxsəmsə, “Mixail Tal” cavabını verməliyəm”.

Burada isə maraqlı məqam ondan ibarətdir ki, Tal bir zamanlar sürətli şahmatda Fişeri məğlub edərək şahmat dünyasında böyük əks-səda doğurmuşdur.

Qeyd edək ki, həmin il Şortla oynanılan əlli oyun sonunda sirli oyunçu əzici bir üstünlük əldə edir.

Şort soruşduğu bütün suallara verilən cavablardan o nəticəyə gəlir ki, qarşısındakı sirli oyunçu Robert Fişerdir. Hətta bununla bağlı məqalə də yazaraq belə bir etiraf da edir: “Şahmat əfsanəsinə qarşı oynadığımdan 99 faiz əminəm. Bu inanılmaz dərəcədə həyəcan­vericidir. Məncə, Fişer Kasparovdan daha güclü bir sürətli şahmat oyunçusudur. Bu, 58 yaşlı birinin artıq qoca olmasını düşünsək, modern oyun baxımından inanılmaz bir şeydir”.

Hadisələrin cərəyan etdiyi vaxta nəzər salsaq, görərik ki, 2000-2002-ci illərdə Fişer, Filippində Baguioda, bir müddət isə Yaponiyada yaşamışdır. 13 iyul 2004-cü ildə ABŞ rəsmilərindən gələn bir məktubla hərəkətə keçən Yaponiyanın miqrasiya xidməti Fişeri ləğv edilmiş ABŞ pasprotu istifadə etdiyi üçün Yaponiyadan Filippinə getmək istəyərkən Tokio şəhəri yaxınlığındakı Narita Beynəlxalq Hava Limanında yaxalamış, onu doqquz ay tutmuşdular. 2005-ci ilin mart ayında isə o, İslandiya vətəndaşlığını qəbul etmiş və orada yaşamağa başlamışdır.

Həmin dövrlər Fişerin internetə daxil olub şahmat oynaya bilməsi görəsən mümkün ola bilərdimi?!

Yenidən sirli şahmat oyunu hadisəsinə qayıdaq... Qeyd edək ki, bu məsələ o qədər böyüyür və qalmaqallı bir vəziyyət yaranır ki, həmin hadisədən bir qədər sonralar Fişer o vaxtlar yaşadığı İslandiyada bir televiziya proqramına qatılaraq o oyunçunun qətiyyən özü olmadığını, bunun bir uydurma olduğunu söyləmək məcburiyyətində qalır.

Bu hadisədən bir müddət sonra Nigel Şort Afinada həmin məsələyə aydınlıq gətirmək üçün “yanılmışam, bağışlayın” şəklində bir açıqlama verir.

“Əgər o sirli oyunçu Fişer deyildisə, o zaman kim idi?”, “necə olmuşdu ki, o, səkkiz matç üst-üstə bir böyük ustanı məğlub edə bilmişdi?” sualları isə həmin dövrdən indiyədək bütün şahmat dünyasında maraq doğuran müəmmalı məsələ kimi qalmaqda davam edir.

Ağla gələn dörd ehtimal var:

Birincisi, sirli oyunçu Fişer adı ilə oynayan başqa bir şəxs olmuşdur. Bu versiyanı düşündükdə belə, güclü bir böyük ustanı üç dəqiqəlik oyunda ardarda səkkiz dəfə rahatlıqla məğlub etmək o qədər də inandırıcı görünmür. Çünki ən güclü şahmatçılar belə bir-biri ilə oynayarkən belə halların baş verməsi demək olar ki, sıfıra bərabərdir.

Lakin yuxarıda da qeyd etdiyimiz ki, Nigel Şortun suallarına bu sirli şahmatçının verdiyi cavablar həmin şəxsin Fişerdən başqası olması ehtimalını çox zəiflədir.

Amma maraqlıdır ki, holland şahmatçısı Tim Krabbé sirli oyunçunun Fişer olmadığı qənaətindədir. O, “Şahmat günlüyü”ndə bu haqda yazır: “Bu oyunları təhlil edərkən sirli qonağın son dərəcə güclü bir oyunçu olduğu təəssüratı yaranır. Lakin bu şəxsin nəyə görə Fişer olmamasının aşağıdakı səbəbləri vardır:

1. Bir şahmatçı kimi Fişer hər zaman centlmen olmuşdur. Həqiqi Fişer rəqiblərini gülünc açılışlarla heç vaxt alçaltmazdı (halbuki mənim fikrincə, bu, alçaltmaq niyyəti ilə bağlı olmaya da bilər. Belə ki, eqosentrik və iddialı bir psixoloji xarakterə malik olan Fişer bu cür açılışlar etməklə rəqibi təəccübləndirmək istəyə bilərdi. Eyni zamanda, Fişerin standart açılışlara qarşı olduğunu da bilirik, buna görə də tarixdə onun fərqli açılışlarla rəqibi dəfələrlə çaş-baş hala saldığı da az olmayıbdır – Yunis Xəlilov).

2. Fişerin radio müsahibələrindən birində qeyd etdiyi kimi saxta addan istifadə etmək əsasən yəhudilərin işidir (məlum olduğu kimi Fişer anti-semitist olmuşdur və o, yəhudiləri sevmirdi – Yunis Xəlilov). Həqiqi Fişer yəhudilərə xas olan saxta adla istifadəçi adı heç vaxt açmazdı və o, kim olduğunu ortaya qoyan aydın bir ad seçərdi (zənnimcə, Fişerin müsahibə zamanı belə bir ifadə işlətməsi və ona istinadən verilən şərhlər iz azdırmaqdan başqa bir şey deyil – Yunis Xəlilov).

3. Ən önəmlisi, həqiqi Fişer yuxarıdakı oyunda yəhudilər tərəfindən hər zaman tərcih edildiyi bilinən (təhlil etdiyi sirli oyunçunun oynadığı konkret bir oyundan söhbət gedir və müəllif, oyun zamanı yaranmış oxşar situasiyalarda üç yəhudi şahmatçının şah fiqurunu “f4” xanasına oynadığını göstərir. Mətləbdən uzaqlaşma­maq üçün həmin oyunları geniş şəkildə şərh etmək istəmirəm – Yunis Xəlilov) “Şf4” kimi bir gedişi heç vaxt etməzdi” (Onu da qeyd edək ki, Tim Krabbé bu versiyanı bir az da yumoristik şəkildə deyib – Yunis Xəlilov).

İkincisi, sirli oyunçu bir kompüter proqramı olmuşdur. 2001-ci ildə şahmat oynaya bilən proqramların gücünü düşündükdə, bu versiya da məntiqli və ağlabatan deyil.

Bundan başqa, sirli oyunçunun oyunları peşəkar şahmatçılar tərəfindən sonradan təhlil edildikdə, tam aydın şəkildə etiraf edilmişdir ki, bu oyunlar kompüter tərəfindən deyil, bir insan tərəfindən oynanılmışdır (oyunların təhlilini verib nəyə görə bu fikrə gəlindiyini yazmaqla mətləbdən uzaqlaşmaq istəmirəm – Yunis Xəlilov). Təsadüfi deyil ki, holland şahmatçısı Tim Krabbé əvvəlcə tərsini düşünsə də, daha sonra fikrini dəyişərək “Şahmat günlüyü”ndə səmimi şəkildə belə yazmışdır: “dediklərimin hamısını geri götürürəm və əksini iddia edirəm”. Bu fikrə o, sirli oyunçunun oyunlarını dərindən təhlil edərkən onun bir kompüter proqramı olmadığına dair inandırıcı və təkzibolunmaz dəlillər tapdığı üçün gəlmişdir (xüsusən Tim Krabbé sirli oyunçunun fransız şahmatçısı Robert Fontaine ilə oynadığı bir oyunu tədqiq edərək bu qənaətini dilə gətirmişdir – Yunis Xəlilov).

Üçüncüsü, bu hadisə hansısa səbəbə görə (diqqət çəkmək, gündəmdə qalmaq və s.) Şortun uydurması ola bilər.  “Buna nə gərək var?” deyə fikirləşdikdə, bu da o qədər də sağlam versiya kimi düşünülə bilməz. Həm də hansı güclü şahmatçı nəyinsə bahasına ucuz şöhrət ardınca qaçıb olmayan hekayə uyduraraq biabırçı halda məğlub olduğunu qürur hissi keçirməklə bəyan etmək istəsin ki?!

Bu versiyanı çürüdən digər bir tutarlı fakt isə odur ki, haqqında bəhs etdiyimiz bu sirli oyunçu internetdə adsız şəkildə təkcə Nigel Şortla oynamamışdır. Bu hal, başqa məşhur şahmatçıların da başına gəlmişdir. Məsələn, “əsrarəngiz qəhrəman”ımız 24 aprel 2001-ci il tarixdə internetdə “Guest71” (“Qonaq71”) adı ilə   “Beber” şərti adından istifadə edən fransız şahmatçı Robert Fontaine (2002-ci ildən böyük usta olan və hazırda 2550 elo reytinq balına malik olan bu şahmatçı həmin vaxt beynəlxalq usta idi və elo reytinq balı isə 2452 idi) ilə də üç dəqiqəlik iyirmi beş oyun oynamış, oyunların iyirmisində qələbə qazanmış, üçündə məğlub olmuş, iki matç isə bərabərlikdə nəticələnmişdir.

Nəhayət, dördüncüsü, bu sirli oyunçu elə Robert Fişerin özü olmuşdur. Bu versiya­nı xeyli sayda dəstəkləyən insanlar vardır. Düzdür, belə bir düşündürücü məqama toxunanlar var: Fişerin artıq uzun müddət olar ki, peşəkar şahmatdan ayrılmasını düşünsək, o zaman deyə bilərik ki, əvvəlki gücünü təbii olaraq olduğu kimi saxlaya bilməsi mümkün olmayan Fişer formada olan güclü bir şahmat böyük ustasını asanlıqla məğlub edə bilməzdi. Lakin mən, Fişerin gücünü itirdiyinə inanmıram. Kim bilir, bəlkə də sirli oyunçu həmin vaxt 58 yaşında, biri ilə şahmat oynamaq üçün “darıxmış” Robert Fişerin elə özü olmuşdur.

Onu da bilirik ki, belə qeyri-adi hadisələr yaşatmaq Fişerin ən “sevimli şıltaqlığı” olmuşdur. Onun həyatından buna aid onlarla misal çəkmək olar... Fişerin belə bir sirli oyunçu hadisəsi yaratmaqda əsas məqsədlərindən biri də onun insanların beyninə çox güclü bir şahmatçı olmasını yeritmək fikri də ola bilər. Məhz bu yolla o, xüsusən peşəkar şahmatçıların dili ilə bunu etiraf etdirmək istəyə bilərdi. Düşünürəm ki, təkcə Nigel Şortun etirafına (“Məncə, Fişer, Kasparovdan daha güclü bir sürətli şahmat oyunçusudur” – Nigel Şort) nəzər salsaq, aydın görmək olar ki, Fişer bu niyyətini elə gerçəkləşdirdi də.

Sonda oxucularla onu da bölüşmək istərdim ki, bəyan edilməməsinə və gizli saxlanılmasına söz verilməsi səbəbindən sirli oyunçu ilə oynanılmış oyunların bir çoxu ictimaiyyətə açıqlanmamışdır. Lakin məhdud sayda da olsa, şahmatsevərlərlə yazılı və ya videoformatında paylaşılan bu oyunlar və onların təhlillərinə bir sıra internet səhifələrində rast gələ bilərsiniz. Onlardan bəziləri ilə sizi tanış edirik:

1. https://en.chessbase.com/post/the-third-coming-of-bobby-fischer-

2. https://www.youtube.com/watch?v=7B9p2PrsKWY

3. https://www.youtube.com/watch?v=TASia0-OTxc

4. https://www.youtube.com/watch?v=Nvq3RuvdL9o

5. https://www.youtube.com/watch?v=E1YkxPohB_I

P.S. Hətta Fişer ona təkrar şahmat oynaması üçün on milyon dollar təklif edilməsinə baxmayaraq, “Fischer random” və ya “Chess960” adı ilə tanınan, özünün kəşf etdiyi şahmat növünün xaricində heç vaxt şahmat oynamayacağını söyləmişdir.

Yunis Xəlilov,

Naxçıvan Dövlət Universitetinin müəllimi