KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Siyasi keçmişi olmayan, intellektual cəhətdən qısır “müxaliflər”

15 avqust 2019 12:04
1259

Bizə görə bir ölkədə normal və konstruktiv, həm də qərarlı müxalifətin olması gərəklidir, vacibdir. O cümlədən Azərbaycanda da. Yəni biz bunun olmasını arzu edirik. Ən azından ona görə ki, belə müxalifəti olan ölkədə hakimiyyət sahibləri yuxarıdan aşağı özünü daimi kənar müşahidə və nəzarət altında hiss edir, vətəndaşı narazı salacaq hərəkətlərdən mümkün qədər yayınmağa çalışır. Əks təqdirdə hakimiyyət sahiblərinin əlbəttə ki, başı sürəkli dərddə olar.

Düzdür, Azərbaycanda hazırkı hakimiyyət, özəlliklə də Prezident İlham Əliyev özü birbaşa xalqla təmas halında ölkəni idarə etdiyi üçün əlavə nəzarətə gərək duyulmur. Lakin istənilən halda Prezidentə də, onun ən yaxın siyasi komandasına da belə bir müxalifətin varlığı gərəkdir. Çünki çoxsaylı məmur ordusunu həm də xalqın nəzarətində saxlamaq üçün konstruktiv müxalifət ən yaxşı profilaktik vasitədir.

Di gəl ki, Azərbaycanın bəxti bu məsələdə yetərincə gətirməyib. Çünki özünə müxalifət deyənlərin böyük əksəriyyətinin müxalifət adına iddiası sadəcə komikdir. Yumşaq desək yəni. Gerçəyi ifadə etsək müəyyən istisnaları çıxmaqla əsl və əsas müxalifət adına iddia edənlər ümumiyyətlə antimilli xətt tutaraq Azərbaycanı hər fürsətdə gözdən salmaqla məşğuldur…

Biz konstruktiv və milli müxalifət haqqında təbii ki, yalnız xoş sözlər deyə bilərik. Düzdür, siyasi güc olaraq onlar istər ayrı-ayrılıqda, istərsə də birlikdə hazırkı hakimiyyətə nəinki indi, heç yaxın 10 il və sonrakı mərhələdə də ciddi alternativ təşkil edə bilməyəcəklər. Amma mütəmadi olaraq parlamentdə, siyasi müzakirələrdə həm tənqid səsləndirmələri, həm də təkliflərlə çıxış etmələri bizim diqqətimizdən yayınmır. O cümlədən də hakimiyyətin. Belə müxalifət ziyanlı deyil, dövlətin təməllərini sarsıtmır, gərgin və böhranlı anlarda ölkəyə arxadan zərbə vurmaq üçün fürsət gözləmir.

Bir də özünə müxalifət deyib başqa işlərlə məşğul olanlar var. Bunların sayı çox deyil. Milçək örnəyi yəni. Bir şey deyillər, amma ürək bulandırırlar.

Belə “müxaliflər” öz sakit həyatını yaşayan vətəndaşlarımızı bir qayda olaraq xarici ölkələrdə monitor arxasında oturub əsəbləşdirməklə məşğuldur. Onların böyük çoxluğu intellektual cəhətdən qısır adamlardır. Araşdıranda bəlli olur ki, belələrinin siyasi keçmişi ümumiyyətlə yoxdur. Yəni bu adamlar Azərbaycanda yaşadıqları dövrdə siyasətə maraq belə göstərməyiblər. O adamları heç kim heç vaxt siyasi mübarizə meydanlarında görməyib. Nə milli azadlıq hərəkatının o gur meydan mitinqlərində, nə də sonrakı mərhələdə baş verən siyasi proseslərdə bu adamları görən olmayıb. Üstəlik, nəinki ali, heç normal orta təhsil də almayanlar var bunların arasında. Və belə adamlar günün birində Avropada peyda olublar, öz səviyyələrinə uyğun “siyasi mübarizə” aparmağa “başlayıblar”. Biz də çaşıb qalmışıq. Çünki siyasi mübarizənin daim içində olan insanlar kimi az qala hamını şəxsən tanıyırıq, bilirik ki, kim doğrudan və millətin faydası üçün siyasi mübarizə aparır, kim siyasi dəllallıq edir.

Bu “göydən zənbillə düşən müxaliflər” hətta siyasi dəllalların sırasında da gözə dəyməyib…

Elə isə kimdir bunlar? Bizim kimi siyasi gündəmi daim izləyən, proseslərin içində olanlar onların kimliyini elə meydana çıxdıqları andan müəyyən edib. Bunlar hər şeydən öncə heç bir dəyəri olmadığı üçün özünü Azərbaycana düşmən mərkəzlərə təslim etmiş sosial şəbəkə müxalifəti – monitor “qoçu”larıdır. Minlərlə km uzaqda oturub guya Azərbaycanın siyasi rifahı üçün mübarizə aparırlar. Lakin günün birində bəlli olur ki, bunları idarə edən mərkəzlər pullarını kəsdiyi üçün “qoçu”lar da qeybə çəkilirlər. Yaxud da o şübhəli mərkəzlərin pulları üstündə bir-birilərinə fırıldaq gəlirlər. Biz bu adamların bir-birilərinin qrantını mənimsəməklə bağlı qırğınlarına da az şahidlik etməmişik…

Yeri gəlmişkən, bu tiplər, yumşaq desək, iaşə, bir az daha dəqiq desək, zibillik müxalifətidir. Bu ifadəni təsadüfi işlətmirik. Çünki az-çox tanıyanlar bilir ki, onların eşələndiyi yerlər Avropanın zibillikləridir. Öz səviyyələrinə uyğun apardıqları “siyasi mübarizə”ni məhz zibilliklərdə ifadə etməklə məşhurdur bunlar.

Bəs bunlar niyə bu gündədirlər? Bir səbəbini yuxarıda qeyd etdik: siyasi keçmişləri yoxdur, intellektual cəhətdən də qısırdırlar. Başqa səbəblər də var ki, onların başında gələn ən əsası bunların 5-ci kolona cəlb edilmələridir. Bəli, bu “müxaliflər” Azərbaycana qarşı səfərbər edilmiş 5-ci kolonun sıra nəfərləridir. Ağaları hara sürsə, ora da gedərlər. İş ondadır ki, ağaları da özləri kimi “iaşə” səviyyəsində olduğu üçün bu bədbəxtlərin də günü zibilliklərdə keçir…

İndi bu girdaba yuvarlanmış əldəqayırma “müxaliflər” Vətənə xəyanət edərmi, etməzmi? Əlbəttə ki, edər. Çünki bunların elə Avropada “siyasi mühacir” kimi peyda olmaları Azərbaycanın kürəyinə bıçaq saplamaları hesabına mümkün olub. Bunlar rüşvət verib “siyasi müxalifət” arayışı alan andan Vətənə xəyanət düşüncələrini gerçəkləşdirməyə başlayıblar. Belə adamların arxasınca çoxsaylı vətəndaşlarımızın getməməsi də bununla bağlıdır. Azərbaycan insanı düşüncəlidir, ağlı başındadır, kimin kim olduğunu yaxşı ayırd edə bilir. Azərbaycan insanı onu da anlayır ki, bu qrant dəllalı olan 5-ci kolonun zibillik “müxaliflər”inin əsl məqsədi nədir. O məqsədi bilən vətəndaş əlbəttə ki, yanlış yola getməz, getməyəcək. Hələ o yola dəvət edənlər siyasi və intellektual cəhətdən qısır adamlardırsa…