15 noyabr 2019 19:45
825

“Siyasi mühacir” biznesi Müsavat Partiyasında daşları yerindən oynatdı

Sıravi müsavatçılar bu rəzaləti “əsrin fırıldağı” adlandırıb, başqan Arif Hacılının istefasını tələb edirlər

“Çıxın gedin, heç olmasa Müsavat adı qalsın, artıq onu da ləkələməyə başlayırsınız!”

Bir neçə gün bundan əvvəl Almaniyada polisin bu ölkənin 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı mühacir biznesi ilə məşğul olan 7 Azərbaycan vətəndaşını saxlaması radikal düşərgədə təmsil olunan Müsavat Partiyasında daşları yerindən oynadıb. Saxlanılanlar arasında Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsənin, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəylinin, Müsavat AKM-in üzvü Abdin Cavadovun, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədovun, Müsavat Partiyasının üzvü Elşən Abdullayevin olması sıravi müsavatçıları həddindən artıq hiddətləndirib. Onlar baş verən bu rəzalətdə partiyanın “başbilənlərini” günahlandıraraq onların, xüsusi ilə də Müsavat Partiyasının başqanı Arif Hacılının istefasını tələb edirlər. Əslində haqsız da deyillər. Çünki ortada çox ciddi ittihamlar və dəlillər var.

Müsavatçı Qadınlar Birliyinin eks sədri Alya Yaqublu  isə öz “Facebook” hesabındakı statusunda, məlum olayları “əsrin fırıldağı” adlandıraraq “Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır”. A.Yaqublu saxlanılan müsavatçılarla bağlı A.Yaqublu bildirib ki, Azərbaycandan mühacir axını çoxalandan sonra Almaniya hökuməti gedənlərin hər biri haqqında Azərbaycandakı müxtəlif təşkilatlara, o cümlədən, hakimiyyətə sorğular göndərməyə başlayıb: “Bizi bu adamlara görə düşmən elan elədilər. Onlara qarşı çıxdığımız üçün. Şəxsən mənə buna görə “Sizin maraqlarınız hakimiyyətin maraqlarıyla üst-üstə düşür” dedilər. Halbuki böyük Rəsulzadə hələ 100 il qabaq xəbərdarlıq eləmişdi, “Şübhəsiz, həqiqət bir gün parlayacaqdır” demişdi. Tərifləyənlər və dəstəkləyənlər, utanın. Susanlar, siz də”.  

“Nida”çı İsmi Şahzadə Almaniyada Azərbaycanın Müsavat partiyasının keçmiş üzvlərinin saxlanmasına partiya üzvlərinin reaksiyası ilə bağlı deyib ki, baş verən hadisədən sonra özünü sığortalamağa çalışan, ya da boyun qaçıran hər bir müsavatçını “iqnor edin”: “Bu nə özündən razılıqdır belə? Necə yəni Müsavatda belə bir şey ola bilməz?! Gülməli olan odur ki, hamı özünü sığortalamaq üçün deyir ki, kimin saxtakarlıqda əli olub, bizimlə birlikdə ola bilməz. Ay bala, siz qurumun adından çıxış edirsiniz, verin istefanı, çıxın gedin. Vaxtınızı boşa xərcləməyin. Hər dəfə belə məsələlərdə ağız-ağıza veririk deyə söhbətlər çox uzanır, kəsib atın. Əvəz olunmayan var?! 5-6 kəlmə termin öyrəniblər, özlərini akademik siyasətçi zənn edirlər. Çıxın gedin, heç olmasa Müsavat adı qalsın, artıq onu da ləkələməyə başlayırsınız!”.

Müsavat Partiyası başqanının sabiq müavini Elman Fəttah isə hələ illər öncə saxta mühacir biznesi barədə məlumatlı olduğunu yazaraq vurğulayıb ki, bu rəzalətə qarşı mübarizə aparsa da, heç nəyə nail ola bilməyib: “İndi həbs olunduqları deyilən və hələ adı çəkilməyənlərin də aid olduğu dəstənin fake siyasi mühacir işi ilə əlaqəli olmalarından çoxdan şübhəli idik. Partiya rəhbərliyində təmsil olunduğum vaxt bu mühacir rüsvayçılığının davasını çox apardım. Heç nəyə nail ola bilmədiyimi anladığımda isə müavinlikdən istefa verdim. Anlaşılan hər şey gün üzünə çıxmağa başlayır”.

Müsavat Partiyasının başqanı Arif Hacılı “Avropadan soydaşlarımız deport olunur. Onların öz məqsədi var. Ərazisində miqrantların sayını mümkün qədər azaltmaq hər Avropa ölkəsinin dövlət siyasətidir”  statusu ilə sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib.

Taleh Koç adlı istifadəçi bildirib: “Çox düşük adamlarsınız. Adım və soyadım bəlli və çox açıq şəkildə deyirəm, sadə və mənim kimi halal pul qazanan insanların yaddaşında saxtakarlıqdan başqa heç nə ilə yadda qalmadınız. Vicdan əzabı çəkirsiniz heç? Siz bir ləkəsiniz! Heç bir partiya üzvü də deyiləm ki, deyəsiniz ki, bu kimdir? Sadə xalqın övladıyam. Ayıb olsun və utanılacaq çox şeyim olduğunu düşünürəm, çünki siz bir partiyanı “makler” yuvasına çevirdiniz”.

Müsavat başqanının müavini Səxavət Soltanlının da bu istiqamətdə yazdığı statusa verilən cavablar da eyni ruhda olub. S.Soltanlı “Facebook”da belə yazıb: “Almaniyada bu günlərdə baş verən hadisələri biz də öz tərəfimizdən araşdırmaqla məşğuluq. Bu məsələ 3 ildir başlanılan kompleks araşdırmadır, yalnız Almaniyanı əhatə etmir. Bir çox maraqlı faktlar var...”

Fuad Rəhimli adlı şəxs isə ona cavab olaraq yazıb: “Hər yerdə hər cür oyundan çıxib sonra deyirsiniz ki, olay siyasidir. Sosial problemini həll etmək üçün xaricə gedib sonra siyasətçi olur hamı”.

Bax belə... Deyəsən, bu xəmir hələ çox su aparacaq. Sular durulduqca da, çox şeylər üzə çıxacaq. Radikal düşərgədə təmsil olunan partiyaların “liderlər”inin  “siyasi mühacir” alveri ilə bağlı çox qaranlıq mətləblərin üstünə  işıq düşəcək.

Zahid Rza, “İki sahil”