KÖŞƏ

Sevinc Azadi

“Siyasi mühacir” qiyafəli qrant dəllalları

20 noyabr 2019 18:58
2503

Azərbaycandan gedib xarici ölkələrdə yaşayan, xüsusən də Avropa ölkələrinə sığınan bəzi azərbaycanlılar oradan ölkəmizə qarayaxma kampaniyaları aparmaqda davam edirlər. Burada yaşayarkən hansısa basqıya, təzyiqə məruz qaldıqlarını deyən bu şəxslər, əslində hansısa təzyiqə məruz qalmayıblar. Sadəcə, Avropada yaşamaq eşqi bu insanların Vətəndən getməsinə vəsilə olub. Avropa ölkələrində artıq yalançı siyasi mühacirlərin araşdırılmasına başlanıldığına görə, bu adamlar qorxuya düşüblər. Çünki Azərbaycanda hansısa təzyiqə məruz qalmadıqları ortaya çıxanda deportasiya olunacaqlarını bilirlər. Avropadan deportasiya olunmamaq istəkləri Vətən sevgisindən üstün olan həmin “mühacirlər” çıxış yolunu ölkəmizə qarşı “qara piar” aparmaqda görürlər. Bu yolda hətta milli maraqlarımızı düşmən erməniyə də satmaq belələri üçün adi hala çevrilib.

Mühacir “ordusu”nun məskunlaşdıqları ölkələr arasında Almaniya, Fransa və Belçika əlahiddə yer tutur. Hazırda Almaniyada təxminən 40 min azərbaycanlı mühacir yaşayır. Buna rəğmən, adları kağızda olan, sadəcə maliyyə mənbəyi və qrant almaq üçün vasitə qismində qeydiyyatdan keçirilmiş oyuncaq təşkilatları hesaba almasaq Almaniyada Azərbaycanın maraqlarını qorumaqla məşğul olan mühacir təşkilatı, ölkəmizin mənafelərindən çıxış edən heç bir cəmiyyət və fond yoxdur. Erməni diaspor təşkilatları, habelə Azərbaycana aşkar şəkildə düşmən kəsilən müxtəlif beynəlxalq qurumlara qarşı effektiv əks-təbliğatsa ümumiyyətlə, mühacirlərin işi deyil sanki.

Bu gün Azərbaycanda, xüsusilə də Bakıda radikal müxalifət partiyalarının aksiyalarına qatılan, orada həvəslə selfi çəkdirən, “Facebook”da “Rədd olsun hakimiyyət” tipli statuslar paylaşan, polisi qıcıqlandıraraq güc tətbiqinə sövq edən və dostları vasitəsilə bu “akt”ın da fotolarını çəkən adamlar sonradan Avropa ölkələrinə yollanaraq “siyasi mühacir” statusu almağa girişirlər. Məqsədlərinə çatdıqda isə Azərbaycanı tərk etmək istəyən psevdomüxalifətçilərlə yalançı demokratlara “yardım” adı ilə onları aldatmağa, fırıldaq vasitəsilə pullar mənimsəməyə başlayırlar. Təsadüfi deyil ki, bu günlərdə Almaniya polisinin qeyri-leqal miqrasiyaya qarşı mübarizə çərçivəsində apardığı reydlər zamanı bir qrup azərbaycanlı siyasi mühacir saxlanılıb. Onlar gəlir əldə etmək üçün Azərbaycandan miqrantların Almaniyaya qanunsuz gətirilməsində şübhəli bilinirlər. Bu barədə “Spiegel.de” yazır. Saxlanılanların  arasında “Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev, Müsavatın Avropadakı Koordinasiya Mərkəzinin rəhbəri İlham Həsən, onun müavini Mehdi Xəlilbəyli, həmçinin fəallar Abdin Cavadov, Rəşad Məmmədov, Elşən Abdullayev və 9 və 14 saylı koloniyanın keçmiş rəhbəri Elçin Əkpərov da var.

“Almaniyada saxlanılan şəxslərdən Əlövsət Əliyev və Mehdi Xəlilbəylini şəxsən tanıyıram və onların fəaliyyətinə də bələdəm. Onlar uzun müddət bu işləri görüblər. Tanınmış siyasi partiyaların birbaşa rəhbərlikləri ilə qanunsuz miqrasiya işi ilə məşğul olublar. Azərbaycandan Avropaya “siyasi mühacir” adı altında gedənlərin əksəriyyəti sırf miqrant biznesi ilə məşğul olmaq üçün buradadırlar. Onlar bilirlər ki, Avropaya heç bir siyasi partiya üzvü olmayıb, müxtəlif yollarla gələnlər də var. Həmin şəxslərə siyasi mənsubiyyət mütləqdir. Bu olmasa, orada siyasi oturum verilmir”. Bunu Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev açıqlamasında deyib. Diaspor rəhbərinin sözlərinə görə, ölkədə icazəli və ya qanunsuz aksiyaların hamısı mühacir biznesini inkişaf etdirmək üçün keçirilir.

Qeyd edək ki, son vaxtlar Avropada oturum almaq çətinləşib. Qanunsuz miqrasiyanın qarşısını almaq üçün Azərbaycan tərəfi Avropa ölkələri ilə ciddi iş aparır. Avropa polis orqanları bu məsələni ciddi şəkildə araşdırsa, bu gün əleyhimizə təbliğat aparanların əksəriyyəti - Tural Sadıqlı, Orduxan Teymurxan kimiləri, AXCP-dən bir neçə funksionerin bu cür fəaliyyətləri ortaya çıxacaq. Məlum olacaq ki, bu başıpozuq adamlar məhz o şəxslərdir ki, öz “radikal müxalif fəaliyyəti”ndən mənfəət güdürlər. Bu xəyanətkar ünsürlər hər gün asudə yaşadıqları Avropa ölkəsində “fədakarlıq” göstərir, vətəni tərk etməyən insanlara çağırışlar edirlər. Bununla da onlar yaşadıqları ölkədən deportasiya olunmaq riskini azaldırlar, həmin dövlətləri və beynəlxalq təşkilatları belə bir fakt qarşısında qoyurlar ki, bəli, onlar radikal müxalifətçidirlər və ölkələrinə geri göndərilə bilməzlər. Amma həqiqət gec-tez ortaya çıxacaq.