KÖŞƏ

Cavid Əkbərov

“Siyasi mühacirlər”in xam xəyalları və...

18 fevral 2019 10:48
4277

Avropada yaşayan və özlərini “siyasi mühacir” adlandıran başıpozuq bir qrup ölkəmizə qarşı söyüş və təhqir dolu iftiralarını təkcə sosial şəbəkələrdə paylaşmaqla kifayətlənmirlər. Onlar siyasətə dəxli olmayan məhbuslarla bağlı hökumətə qarşı çirkin siyasi kampaniyalar da qururlar. Burada məqsəd Azərbaycanı daha çox gözdən salmaq, həmçinin bunların müqabilində beynəlxalq təşkilatlardan, erməni lobbilərinə bağlı qurumlardan daha çox qrant almaqdır. Buna ən son misal isə radikal dindarlar Taleh Bağırzadə və Abbas Hüseynlə bağlı başladılan kampaniyanı göstərmək olar.

Azərbaycana qarşı şər-böhtan kampaniyasının başında duranlardan biri - Orduxan Teymurxan özünün “Facebook” profilində video paylaşaraq deyib ki, guya hər iki şəxs az qala acından ölür. Elə Mehman Hüseynov haqqında da belə iddialar qaldırırdılar. Sonda isə yalanlarının üstü açıldı. Bu da azmış kimi, Orduxan Teymurxan “Facebook” profilində Taleh Bağırzadəni qəhrəman kimi təqdim edir. “Taleh Bağırzadə qəhrəmanımızdır”, “Sosial şəbəkələrdə, beynəlxalq təşkilatlarda onun haqqında fəal olaq, daha çox danışaq, mitinqlər təşkil edək” deyən üzdəniraq “blogger” Abbas Hüseynə də “azadlıq” tələb edir.

Maraqlıdır, Taleh Bağırzadənin, onun ətrafına toplaşanların əməllərini nə tez unutdunuz? Bu gün dövlətə, dövlətçiliyə qarşı çıxışlar edən birinin tərəfini saxlayıb onu qəhrəman elan etmək elə Abbas Hüseyn və Taleh Bağırzadə ilə eyni cərgədə olmaq deməkdir. Əslində, radikal dindarlarla dağıdıcı müxalifətin bir-birinin tərəfini belə saxlaması başadüşüləndir. Çünki müsəlman ölkələrini - ərəb dövlətlərini az qala məhvə sürükləyən “Ərəb baharı”nın ölkəmizdə baş verməsi arzusunda olan dağıdıcı müxalifətlə Taleh Bağırzadənin tərəfdarlarını xaos yaratmaq məqsədi birləşdirir.

Nardaran hadisələrinin faciəvi sonluqla nəticələnməsinə səbəb olmuş Taleh Bağırzadə guya aclıq aksiyasına start verib. Əlbəttə ki, bu, bir siyasi gedişdir. Yəni bir müddət əvvəl Mehman Hüseynovla bağlı haray-həşir salıb beynəlxalq təşkilatlara yalan dolu donoslar ötürənlər indi də həmin oyunları iki şəxs üzərində (Taleh Bağırzadə, Abbas Hüseyn) qurmağa çalışırlar. Ötən il seçki ili olduğu üçün fəallaşıb aldığı qrantlar hesabına Avropa küçələrinə düşən, iki cümləni düzgün ifadə edə bilməyən Orduxan Teymurxan ora-bura şəkillər yayanda niyə indi həbsdə olan radikal dindarlar yada düşmürdü? Ümumiyyətlə, əli haqsız yerə qana batan birini necə qəhrəmanlaşdırmaq olar? “Mehman Hüseynov şousu”ndan istifadə etməyə çalışan dağıdıcı müxalifət indi dövriyyəyə yeni oyunçu buraxmaq istəyir. Amma görünən odur ki, Taleh Bağırzadənin adından istifadə edilərək qurulan oyun əvvəlki effekti vermir.

Hər kəsə məlumdur ki, müxalifətin “çörəyi” həbsdə olanların “siyasi məhbus” kimi təqdim edilməsi məsələsindən çıxır. Yəni beynəlxalq təşkilatlara bununla bağlı hesabatlar, siyahılar təqdim edənlər sonrakı mərhələdə onlarla bağlı kampaniyalar təşkil edirlər. Bunun müqabilində isə maliyyə yardımları alırlar. Qısası, nə xaricdə yaşayan söyüşcül dəstə - “iaşə müxalifəti”, nə də ənənəvi müxalifət nümayəndələri Taleh Bağırzadə və Abbas Hüseyni cəmiyyətə  qəhrəman kimi təqdim edə bilmədilər. Bu, qrant yemək üçün başladılan bir kampaniyadır. Heç şübhəsiz ki, İslamı siyasi alətə çevirmək istəyənlərin müdafiəsinə qalxanlar özlərinin çirkin niyyətləri ilə xalqın gözündən daha da düşəcəklər.