14 may 2019 10:34
214

SİYASİ TƏLXƏK

Bütün çıxışlarını  sarsaq məntiq, qüsurlu düşüncə əsasında  quran AXCP sədri Əli Kərimlinin arqument və açıqlamalarının  böhtan və xəyallardan ibarət olmasını təsdiqləmək üçün  sübuta ehtiyac yoxdur. Özünü dağıdıcı müxalifət düşərgəsinin aparıcı siması kimi   qələmə vermək istəyən Əli Kərimlini tanıyanlar, onun  pərdəarxası işlərindən  xəbərdar olanlar “islahatçı sədr”in xəyanətkar gedişlərindən  danışmağa  abır-həya etsələr də  günahlarını, səviyyəsizliyini etiraf etmək cəsarəti çatmayan  “yurd şefi”  istefa, xəyanətlərini xatırlamaq   mədəniyyətindən  də uzaqdır. Elə buna görə də  özünü qəhrəman kimi qələmə verərək,   önəmli bir sima kimi  tanıtmağa çalışaraq sayıqlamaları ilə  gündəmdə qalmaq istəyən Əli Kərimli  danışmamağın qızıl olduğunu da  anlamalı idi.  

Düşərgənin komsomolu, “Azadlıq” qəzetinin parlament müxbiri kimi fəaliyyətə yalanla başlayan  Əli Kərimli zaman-zaman  “xəyanət bacarığını” daha da təkmilləşdirib. Yəni ən səlahiyyətli vəzifəsi sayılan  dövlət katibi işlədiyi zamanlarda da  şəxsi maraqlarını təmin etmək bəhanəsi ilə  gördüyü qeyri-qanuni  işləri ört-basdır etmək üçün ətrafındakılara belə böhtan atan “islahatçı sədr” AXC-ni parçalayanda da  utanmadan ustadı adlandırdığı  Əbülfəz Elçibəy haqqında etikadan kənar ifadələr işlətməkdən də çəkinmədi.  Hər zaman çağırılmamış qonaq olsa da, siyasi həyasızlığı ilə  hər yerdə özünü  əsas sima kimi  tanıtdırmağa çalışan Əli Kərimli necə bir “məharət göstərdisə” cəbhənin  mirasından ən çox pay almaqla möhürə də sahib  çıxdı. 54 yaşının tamam olması münasibətilə  özü kimi   şər-böhtan bataqlığı,  tribunası olan “Azadlıq radiosu”na  verdiyi “yubiley müsahibəsində” həyatının qaranlıq məqamlarına toxunmasa da, vaxtılə onunla birlikdə çalışanlar Əli Kərimlinin “saman altından su yeritmək” məharətinin qaranlıq məqamlarından xəbərdardırlar.

Əvvəla onu qeyd edək ki,  düşərgə mənsublarının “təşəbbüsü ilə yaradılan bütün blok və  birliklərin dağılmasında əli  və rolu olan Əli  məkirli siyasətinə görə  radikallar arasında katalizator kimi tanınır.

Siyasi işbazlıqda,  partiyalar arasında aparılan separatçı danışıqlarda yalnız öz mənfəətini güdən Əli Kərimlini tərk edən sabiq müavinləri Asim Mollazadə, Qüdrət Həsənquliyev, Cəmil Həsənli, Qulamhüseyn Əlibəyli və başqaları Əli Kərimlinin məkrli siyasətindən, ermənilərlə, dini radikallarla  sövdələşməsinin məqamlarından xəbərdardırlar.

“Siyasət süfrəsində”  “ən yağlı tikələrə sahib çıxmaq” səriştəsi  ilə həmkarlarını arxada qoyan “islahatçı sədr” hamıdan sonra gəlib,   daha çox pay qazanmaq məharəti ilə  illərdən bəridir ki, düşərgədəki həmkarlarına  kələk gəlir.  Prezident, parlament seçkiləri ərəfəsində   “vahid namizəd” bəhanəsi ilə yaradılan bütün bloklarda ikibaşlı  siyasəti ilə  həmkarları arasında qarşıdurma yaradan bu “natamam siyasətçi” son məqamda aradan çıxmaqla,  koalisiyaları ləğv etmək bacarığına da malikdir. Elə buna görədir ki, indi də  düşərgədə  AXCP, onun sədri ilə  münasibətdə olan nə bir partiya, nə də  az-çox tanınan siyasətçi vardır.  

Həyat amalı  pul qazanmaq olan Əli Kərimlinin bütün əməllərinin arxasında daim şəxsi mənfəət üstünlük təşkil etmişdir. 

Azərbaycana qarşı  təxribat aparan  beynəlxalq təşkilatlarla birbaşa və yaxud toruna saldığı  gənclərlə əməkdaşlıq edən bu piyada siyasətçinin qarşısına qoyduğu  əsas vəzifə ən kirli, məkrli oyunların müəllifi,  son məqamda görünməz olmaqdır.

Özünü  “spiker”, “baş nazir” postunda təsəvvür edərək xəyallarını gerçəklik kimi  qələmə verən Əli Kərimlinin siyasi kampaniyalarda ən çox kələk gəldiyi rəqibi sabiq Müsavat başqanı İsa Qəmbər, liberalların fəxri sədri Lalə Şövkət Hacıyeva, AMİP-in keçmiş sədri Etibar Məmmədov olub.   Məkrli əməllərinə   görədir ki,  düşərgənin “üst qatında  yer alan” təmsilçiləri onu mənəviyyatsızlıq simvolu adlandırırlar. Nardaran hadisələri zamanı əməlləri ilə  terroru dəstəkləyən  AXCP sədri bu kəndi “müqavimətin və mübarizənin mərkəzi” adlandıraraq dini radikalizmin təbliğində də canfəşanlıq göstərirdi. Əli- Türkel Kərimovların FETO-çularla əməkdaşlığını sübut edən faktlar da təsdiqlədi  ki,  pul naminə terror təşkilatları ilə  əməkdaşlığa gedən bu cütlük üçün Vətən məfhumu  aldıqları qrantların məzənnəsi ilə  ölçülür. “Mühacir biznesi” ilə qazandığı gəlirləri belə  təkcə mənimsəyən “yurd şefi” başçılıq etdiyi “beşinci kolon”un üzvlərinə də daim qapının arxa tərəfini göstərir.  Hazırda  xarici ölkələrdə formalaşdırdığı,  havadarlarının qəpik- quruşuna möhtac olan,  “agentura çetesi”nin qanzancına belə göz dikən Əli  Kərimli  “beşinci kolon”dan istifadə edərək”, birbaşa və ya dolayısı ilə xarici hökumətlərlə  əməkdaşlıq edərək  Azərbaycan əleyhinə aparılan təxribatlarda  fəallıq göstərir, “rəngli inqilablar” arzusu ilə yaşayır. Səriştəsiz gənclərdən  məqsədlərinə nail olmaq üçün alət kimi istifadə edir.

Bu gün müxtəlif beynəlxalq hüquq-müdafiə təşkilatları, ABŞ-ın, onun Avropadakı müttəfiqlərinin beyin mərkəzləri və adi QHT-lər  öz həqiqi məqsədlərini maskalayaraq guya insan hüquqlarının müdafiəsi, demokratik dəyərlərin və bazar iqtisadiyyatının təşkilati əsaslarının yayılması üçün müəyyənləşdirdikləri təxribatları Əli Kərimlinin saxta informasiyaları əsasında, onun rəhbərlik etdiyi “beşinci kolon” vasitəsilə   formalaşdırırlar.

“Milli Şura”da özünü əsas sima kimi aparan Əli Kərimli qurumun kağız üzərində sədri Cəmil Həsənlini  indi  artıq hesab edir. Düşərgədə isə  Əli Kərimlini də,  Cəmil Həsənlini də siyasi təlxəklər adlandırırlar.  Belə  anlaşılır ki, AXCP kimi “Milli Şura”nı da rəsmi inhisarına almaq istəyən “islahatçı sədr” çox keçməz  ki, özünü müxalifət düşərgəsinin rəhbəri elan edəcək.   Müsavat başqanı Arif Hacıyevlə, REAL-ın sədri İlqar Məmmədovla  daim  söyüş dialoqunda olmasının səbəbi də elə budur.

Siyasətdə  çıxdaş olduğunu satqınlığı ilə  bildirən,  doğulub boya-başa çatdığı kəndin sakinləri arasında,  “kərimovlar nəslində” belə heç bir hörmətə malik olmaması göstərir ki,   nəinki 54-də, heç altmışında da  adam kimi adam ola bilməyəcək Əli Kərimliyə boyuna biçilən ad elə təlxəkdir.

Xuraman İsmayılqızı, “İki sahil”