17 may 2019 10:21
108

Siyavuş Novruzov: Avropanın küçələrini dolandın, Vətən indi yadına düşdü?

“Mayın 13-də Brüsseldə 3-4 nəfər antimilli ünsürün aksiya keçirmək cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayiş etdirir”.

Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

YAP icra katibi müavininin sözlərinə görə, antimilli ünsürlərin keçirməyə cəhd etdikləri aksiya Prezidentin qaldığı otelin qarşısında deyildi, əksinə, başqa yerdə idi: “İkincisi isə, burada erməni izinin və erməni lobbisinin maliyyəsinin olduğu danılmazdır. Hətta deyərdim ki, erməniyə qulluq edənlər göz qarşısında idilər. İlk növbədə onlar mədəniyyətdən, mənəviyyatdan tamamilə uzaq insanlardırlar. Ümumiyyətlə, bu şəxslərdə milli təəssübkeşlik anlayışı yoxdur. Avropada “siyasi mühacir” adı altında dövlətçilik və milli maraqlarımıza qarşı fəaliyyət göstərən bloqger Orduxan Teymurxan (Bəbirov) deyir ki, “Mən Qarabağdanam”. Əgər sən Qarabağdansansa niyə həm sən özün, həm də qardaşların bu torpaqları qoyub qaçırdınız? Hansı ki, Qarabağda, Cəbrayılda insanlar müharibə zamanı döyüşəndə və orada şəhid verəndə sizlərin heç biri o prosesdə iştirak etməmisiniz. İndi isə Vətən haqqında danışırsınız. Axı sən Vətənə nə vermisən ki, indi durub Vətən haqqında danışırsan? Ümumiyyətlə, sənin danışmağa hansı mənəvi haqqın var? Avropanın bütün küçələrini dolandın və indi Vətən yadına düşdü? Erməni lobbisinin verdiyi pul artıq özünü göstərir. Bütün bunların hamısını Azərbaycan cəmiyyəti çox gözəl bilir və başa düşür. Ümumiyyətlə, bunların hələ başı çıxmır ki, təhlükəsizlik nə deməkdir və dövlət başçısı nədir. Onlar səviyyələrinin nə dərəcədə aşağı olduğunu orada bir daha nümayiş etdirdilər”.