19 noyabr 2019 14:01
176

Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir

Bu fikri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Müstəqilliyimizin ilk illərindən danışan S.Novruzov deyib ki, 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Xalq Cəbhəsinin hakimiyyəti dövründə çox acınacaqlı vəziyyət yaranmışdı ki, insanlar sabaha ümidlərini itirmişdilər. O zaman çörək növbələri, çörək tapmaq insanların başlıca qayğısına çevrilmişdi. Digər tərəfdən isə Ermənistan tərəfindən torpaqlarımızın işğalı davam edirdi.
Belə bir şəraitdə xalqımız nicat yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Buna görə də bir qrup ziyalı Heydər Əliyevə müraciət edərək siyasi partiya yaradılmasını xahiş etdilər. Ulu Öndərimiz müraciətə müsbət cavab verdi və 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradıldı. Beləliklə, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranaraq ümimxalq partiyasına çevrildi.

Həmin dövrdə Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran S.Novruzov 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib.

S.Novruzov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Partiyamız ötən 27 ildə çətin və şərəfli yol keçib. Hər bir cəmiyyətin, dövlətin, eləcə də, siyasi partiyanın gələcəyinin möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Təbii ki, Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq, bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək.

Onun sözlərinə görə, YAP-ın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün Onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP İcra katibinin  müavini Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib. O qeyd edib ki, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin müavini Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr də xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.

S.Novruzov bildirib ki, Azərbaycan hüquqi-demokratik dövlətdir və ölkəmizdə bütün hüquqlar təmin olunub. Qazanılan uğurlar, həm də partiyamızın uğurlarıdır.