18 sentyabr 2020 23:08
1485

Siz xalqımızın qalibiyyət bayrağı olacaqsınız!

Vətəni sevmək vətəndaşlıq borcudur.  

Vətəni sevmək azdır, onu qorumaq gərək.

Yadelli qəsbkarlara qarşı döyüş hər bir xalqın birinci tarixi borcudur, Azərbaycan əsgəri!. Siz xalqımızın bu borcunun əsgərisiniz, bu müqəddəs borcu yerinə yetirmək sizin borcunuzdur. Ali Baş Komandanın döyüş əmriylə bu borcu dövlətə, dövlətçiliyə sədaqətli vətəndaş kimi yerinə yetirərək döyüşəcəksiniz. Bu döyüş müqəddəs döyüş olacaq. Bu müqəddəsliyi qəhrəmanlıqla başa çatdıacağınıza, bütün dövrlərin qəhrəmanlarının davamçıları olacağınıza əminik.   

Nə müddətdi arzuladığınız məqam ərəfəsindəsiniz, Azərbaycan əsgəri. Hərbi xidmətə başlayandan bəri Ali Baş Komandanın döyüş əmri verəcəyi günün intizarındaydınız. Bu əmri qələbəylə tamamlayacaq əsgərlərin sırasında olmaq istəyirdiniz. Bilirdiniz ki, bu əmr  Qələbənin əmri olacaq. Döyüşə döyüş bayrağınla yanaşı, min illik dövlətçilik tariximizin bayrağını da aparacaqsan. Bu bayraqlara döyüş əzminin, qələbə ruhunun bayraqları deyəcəksən. Azərbaycanın, azərbaycançılığın əmri olacaq. Bu əmr Azərbaycan dövlətçiliyinə sədaqətin əmri olacaq. Bu əmr “Mən azərbaycanlıyam!” deyənləri səfərbər edən əmr olacaq. Bu əmr Bağanıs-Ayrım, Meşəli, Ağdaban, Xocalı faciələrinə görə düşmənə ittiham əmri olacaq. Bu ittiham o faciələrin qisasının əmri olacaq. Bu əmr Zəhraların qırılan körpə ömürlərinin davamı kimi yaşanılaən.  Ruhunuzu qətiyyətlə, inamla, dönməzliklə sizi yaşadan bayraqlar kölgələndirəcək. Göz dolusu siz baxacaqsınız, könül dolusu xalq baxacaq. Ruhunuzu kölgələndirən bayraq işğaldan azad edəcəyiniz torpaqları da kölgələndirəcək. Xalqın orduya inamını da bayraq edib döyüşəcəksiniz, Azərbaycan əsgəri! “Uğurum dağlar aşacaq, dərələr keçəcək, gözəlim bayraqlar Şuşanın daşına-torpağına sarılacaq, Cıdır düzünün çiçəklərinin ləçəklərinin şehinə bələnəcək!” deyəcəksiniz, döyüş əmri olan kimi avtomatın qundağını sıxan barmaqlarınız tətik sıxacaq.  

Deyirdiniz ki, səngər Böyük Qələbənin yolları üstə müvəqqəti dayanacaqdır, Azərbaycan əsgəri! Bu döyüş dediklərinizi gerçəkləşdirəcəyin döyüşü olacaq.  Bu ilin iyulunda düşmən dövlət sərhədimizi pozmağa cəhd edəndə də əsgər qardaşların onun niyyətini çiliklədi, sərhəd boyunca neçə-neçə dayaq məntəqəsini dağıtdı, döyüş texnikasını sıradan çıxartdı, onlarla hərbçisini məhv etdi. O döyüşün davamı kimi döyüşəcəksiniz. Böyük Qələbənin son gülləsinəcən döyüşəcəksiniz. Düşmənin, erməniliyin son nəfəsinəcən döyüşəcəksiniz!

2016-cı ilin aprelində məktəbliydiniz. Siz də döyüşmək üçün ön xəttə getmək istəmişdiniz. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinə atalar oğullardan, oğullar atalardan xəbərsiz müraciət etmişdi. Atalara da, oğullara da eyni cavab deyilmişdi: “Sağ olun ki, müraciət edirsiniz, ancaq buna ehtiyac yoxdur.” İndi hərbi xidmətdəsiniz, əsgərsiniz. Ali Baş Komandan torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüş əmri verəcək. Bu döyüşlərin iştirakçısı olmaq niyyətiylə xidmət edirsiniz. Həmin məqam ərəfəsindəsiniz. Siz də bu tarixi missiyanın icraçıları sırasında olacaqsınız. Qazanacağınız qələbəyə mübarək deyəcəyik. Yerlər də, göylər də səsini səsimizə qatacaq. Bu qələbə işğala meyilli dövlətlərə Tofiq Fikrətin “Millət şərqisi” ilə xatırladacaq ki, “Zülmün topu var, gülləsi var, qələsi (yəni, qəsri, qalası) varsa, haqqın da yenilməz qolu, dönməz üzü vardır”...

Siz Şirin Mirzəyevin, Vəzir Orucovun, Yusif Mirzəyevin, Tofiq Hüseynovun, Rasim İbrahimovun, Albert Aqarunovun, İsgəndər Aznaurovun, Etibar İsmayılovun, Mübariz İbrahimovun, Çingiz Qurbanovun, ... döyüş yolunu qələbəylə tamamlayacaqsınız. Böyük Qələbəniz şəhidlərimizin ruhuna gözaydınlığı olacaq.

Oğul itirən ananın oğlu kimi döyüşəcəksiniz, qardaş itirən bacının qardaşı kimi döyüşəcəksiniz, atası şəhid olan uşaqların əmisi-dayısı kimi döyüşəcəksiniz. Şəhidlərin ruhu həmişə sıranızda olub, bu ruhların sağ qoluna dönüb döyüşəcəksiniz, yaraları qaysaq bağlamayan torpağın daş əlinə, dağ qoluna dönüb döyüşəcəksiniz,  göy üzünün şimşəyinə, yağışına dönüb döyüşəcəksiniz, zamanında igidlərin sərhədlərdən üzülməyən baxışına dönüb döyüşəcəksiniz...

Elə döyüşəcəksiniz ki, Azərbaycanı sevənlər, döyüşünüzdən qürurlanacaq!

Döyüşəcəksiniz!

Döyüşünüzlə Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəksiniz.

Döyüşəcəksiniz! İzi qalibiyyət bayrağı kimi göy üzünə dikəltməyə niyyətli olan xalqın adından döyüşəcəksiniz!..

 Rəşid Faxralı