21 may 2020 15:06
200

Sizin sayənizdə dünya Azərbaycanın gücünün bir daha şahidi oldu

Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycanın bütün regionlarından vətəndaşlarımız xalqımızın bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

“İki sahil” dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

Abşeron rayonundan Tural Hüseynzadə: “Hörmətli cənab Prezidentimiz! COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşını almaq məqsədilə xalqımızın sağlamlığını ön plana alaraq çəkdiyiniz zəhməti yüksək qiymətləndirir və Sizə yeni uğurlar arzu edirik. Biz virusdan qorunmaq ucun evdə oturduğumuz zaman Siz bizim sağlamlığımız üçün əvvəlkindən daha çox çalışmaqda davam edirsiniz. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva da Sizinlə birlikdə çalışır. Bütün bunlar üçün Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanıma dərin təşəkkürümü bildirirəm.”

Zərdab rayonundan Aqil İbadov, İlhamə İbadova, Ramal İbadov, Jalə İbadova və Tünzalə Cəbrayılova: “Hörmətli cənab Prezident! Siz ulu öndər Heydər Əliyev məktəbinin yetirməsisiniz. Azərbaycan Respublikasının Prezidenti seçildiyiniz ilk gündən apardığınız uğurlu siyasət nəticəsində ölkəmizin qüdrəti gündən-günə möhkəmlənir, regionlarımız inkişaf edir. Cənab Prezident, ölkə vətəndaşlarının rifahının daim yüksəlməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atdığınız addımlar etibarlı sabahımıza hesablanıb. Bu addımlar xalqımız tərəfindən böyük qürur hissi ilə qarşılanır. Bütün dünyanı ağuşuna alan koronovirusla mübarizədə xalqımızın yanında olmağınız Sizin Vətənə bağlılığınızın sübutudur. Bu bəlanın qarşısının alınması üçün həyata keçirdiyiniz addımlara, ölkə vətəndaşlarına göstərdiyiniz maddi və mənəvi dəstəyə görə Sizə və Mehriban xanıma dərin təşəkkürümüzü bildiririk. Mən və ailə üzvlərim Sizin siyasətinizi dəstəkləyir və daim Sizinlə birlikdə olduğumuzu bildiririk.”

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Balakən rayon şöbəsinin üzvləri A.Abdullayev, R.Anayev, M.Eminov, Ş.Qımrıyev və R.Balayev: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Sizin uğurlu daxili və xarici siyasətiniz sayəsində dövlətimiz güclənməklə yanaşı, öz müsbət imicini gündən-günə daha da artırır. Planetimizə qatı duman kimi çökən koronavirusla mübarizə tədbirlərinin səmərəli təşkili və məqsədyönlü fəaliyyətiniz bu istiqamətdə növbəti addım oldu. Bu işləri biz zabitlər də yüksək qiymətləndiririk. Hər bir göstəriş və çıxışlarınız alqışlayırıq. Siz hər bir vətəndaşa doğma və dayaq olduğunuzu bir daha sübut etdiniz. Siz xalqımızın sağlamlığı naminə ölüm kabusu ilə çarpışan həkimlərimizin əməyinə layiqli qiymət verdiniz. Siz, eyni zamanda, ordumuzun güclənməsi, ehtiyatda olan veteranların və əlillərin, şəhid ailələrinin sosial ehtiyaclarının həlli üçün çox çalışırsınız. Biz Sizinlə birgə koronavirus, eləcə də torpaqlarımıza soxulan erməni virusu üzərində parlaq qələbə qazanacağıq. Möhtərəm Ali Baş Komandan, Sizə bu çətin anlarda böyük iradə və möhkəm cansağlığı arzulayırıq.”

Masallı şəhərindən Xanməd Həşimov: “Əziz Prezidentimiz! Dünyanı cənginə almış koronavirus pandemiyasından Azərbaycan xalqını uzaqgörən siyasətiniz və müdrikliyiniz sayəsində qoruduğunuza görə Sizə minnətdarıq. Baxmayaraq ki, bir çox böyük və güclü ölkələr ağır vaxtda xalqının sağlamlığından çox dövlətinin iqtisadiyyatını fikirləşdilər, Siz Vətənin mənafeyini, xalqın sağlamlığını əsas tutdunuz, bizi bu bəladan qorudunuz. Hər çıxışınızdan, müraciətinizdən, atdığınız hər addımınızdan güc-qüvvət aldıq. Sizin sayənizdə dünya Azərbaycan Respublikasının gücünün bir daha şahidi oldu. Cənab Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Azərbaycanı çiçəkləndirir, inkişaf etdirir və zənginləşdirirsiniz. Əhalinin rahat və firavan yaşaması üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın hər yerində gözəl və rahat yollar, fasiləsiz işıq və qaz, təmiz içməli su, təzə və təmirli məktəblər, sosial infrastruktur obyektləri və xalqa saymaqla bitməyən digər xidmət nümunələri vardır. Hər zaman bizim qayğımıza qaldığınıza görə Sizə və ailənizə sonsuz hörmətimi və təşəkkürümü bildirirəm. Allah Sizi, ailənizi və Vətənimizi qorusun!”

Şirvan şəhərindən Rəşad Qafarov: “Hörmətli cənab Prezident! Dünyanın hər yerində koronavirus bəlasının tüğyan etdiyi zamanda Sizin Azərbaycan xalqının rifahı, xoşbəxtliyi və sağlamlığı naminə atdığınız qətiyyətli addımlar əvəzedilmezdir. İnsanlara edilən yardım aksiyaları qayğınızın həddi-hüdudunun olmadığını bir daha göstərir. Sizin Azərbaycanın inkişafı uğrunda qətiyyətli addımlarınıza xalqımız tam dəstək verir. Bu birlik var olduqca millətin qəhrəman ruhunu heç bir qüvvə sarsıda bilməz. Allah Sizi qorusun, işlərinizdə, həyatınızda Sizə yeni uğurlar nəsib etsin!”

Bakı şəhərindən müəllim Sədaqət Həsənova: “Hörmətli cənab Prezident! Artıq uzun müddətdir ki, koronavirus adlanan qorxunc düşmən dünyanın ən nəhəng dövlətlərini belə diz çökdürüb. Bu xəstəlik bizim ölkəmizdən də yan keçməyib. Lakin bu virusun dünyaya yayıldığı ilk günlərdən Sizin səyləriniz nəticəsində bu bəlaya qarşı kəskin mübarizə başlandı. Azərbaycanımızda ilk olaraq bu bəlanın qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq etdiniz. Azərbaycan ilk olaraq ÜST-ə 5 milyon dollar maliyyə yardımı etdi. Ölkə daxilində bütün xəstəxanalar hazır vəziyyətə gətirildi. Əlavə olaraq, xüsusi təyinatlı xəstəxanalar tikildi. Bu iş indi də davam etdirilir. Sizin gördüyünüz tədbirlər nəticəsində yüzlərlə vətəndaşımız sağalaraq normal həyata qayıdıb. Bu günə qədər dünya ölkələri sırasında ən az itki verən dövlətlər sırasındayıq. Xaricdə yaşayan soydaşlarımızın çoxu dərhal ölkəmizə gətirildi. Aztəminatlı ailələrə maddi və ərzaq yardımları edildi. Bu işlər hazırda da davam etdirilir. Bütün bunlarla yanaşı, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələri işləyir, yaşayış üçün heç bir çətinlik yoxdur. Cənab Prezident, məktəblər müvəqqəti bağlansa da, biz müəllimlər xüsusi proqramlarla dərslərimizi davam etdiririk və bu işləri axıra kimi görəcəyik. Sizin “Mən hər bir azərbaycanlının Prezidentiyəm” sözləriniz bu gün də özünü təsdiq etdi. Biz ziyalılar həmişə olduğu kimi, bu gün də Sizin yanınızdayıq. Biz Sizə inanırıq və Sizinlə bu gözəgörünməz düşmənə qalib gələcəyik. Pis günün ömrü az olur və çətinliklər tezliklə geridə qalacaq. Sizin rəhbərliyinizlə qarşıda bizi gözəl günlər gözləyir. Ulu Tanrı Sizi qorusun!”

Şəmkir rayonundan Binnət Namazov və Dursun Quliyeva: “Möhtərəm cənab Prezident! Mənim 68, həyat yoldaşımın 65 yaşı var. Bu çətin, xəstəliyin tüğyan etdiyi bir dövrdə ahıl insanlara göstərdiyiniz qayğı dünyaya örnək olacaq addımdır. Sizin "Biz birlikdə güclüyük!" çağırışınıza əməl etməklə vətəndaşlarımız çətinlik və bəlalara qarşı mübarizədə Sizinlə həmrəy olduqlarını, ətrafınızda sıx birləşmək əzmlərini bir daha nümayiş etdirdilər. Bütün bunlar sübut edir ki, apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Siz xalqın qəlbində əbədi yer tutmuş insansınız. Biz şanslıyıq ki, Sizin kimi müdrik və uzaqgörən bir rəhbərimiz, qəlbi hər bir vətəndaşın ürəyi ilə döyünən Prezidentimiz var. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma ailəmiz adından təşəkkürümüzü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirik. Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!”

Gəncə şəhərindən Oktay Məmmədzadə: “Möhtərəm cənab Prezident! Koronavirus infeksiyasına qarşı mübarizədə bütün dünya ölkələri çətinlik çəkir. Sizin uzaqgörənliyiniz və müdrikliyiniz sayəsində bu gün ölkəmiz bu virusla mübarizədə yüksək nəticə göstərir və demək olar ki, biz bu görünməz düşmənə qalib gəlmişik. Sizin iqtisadi və siyasi sahələrdə yürütdüyünüz düzgün siyasət, həyata keçirilən qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına səbəb oldu. Siz bu çətin pandemiya dövründə də Azərbaycan xalqının sağlamlığını düşünürsünüz. Bizdə Sizinlə fəxr edirik. Cənab Prezident, belə bir vəziyyətdə xalqın yanında olduğunuz üçün Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.”

Ağdaş rayonundan Fərid Rəhimli: “Hörmətli Prezident, cənab Ali Baş Komandan! Hər zaman Azərbaycan xalqını düşündüyünüzə, onun qayğısına qaldığınıza, qətiyyətli addımlar atdığınıza görə bir hərbçi və sıravi vətəndaş kimi Sizinlə qürur duyur, fəxr edirəm. Biz Sizinlə güclüyük və daim güclü olacağıq. Xalqımız üçün etdiyiniz fədakarlığa görə minnətdarlığımı bildirərək hər zaman əmrinizə müntəzir olduğumu bildirirəm”.

Bərdə rayonundan Nəbi Əsədov: “Hörmətli cənab Prezident! Mən bu məktubumla Sizin siyasətinizi dəstəklədiyimi, gördüyünüz işlərlə qürur duyduğumu bildirmək istəyirəm. Bu çətin günlərdə xalqımızı qoruduğunuza, onun qayğısına qaldığınıza görə Siz mənim qəhrəmanımsınız. Mən Şuşadan məcburi köçkün olsam da, Şuşanı görməmişəm. Bərdə rayonunda məskunlaşmışam. Amma əminəm ki, qəhrəman Prezidentimin sayəsində ata-babalarımın yurdu Şuşanı görəcəyəm və orada bayrağımızı dalğalandıranlardan biri olacağam. Sizə inanırıq, güvənirik, cənab Prezident.”

Zaqatala rayonundan Əliyar Əliyev: “Hörmətli cənab Prezident! Siz gənclərin fəaliyyətinə böyük önəm, yüksək qiymət verirsiniz. Gənclər də Sizin fəaliyyətinizin əsas dəstəkçiləri, davamçılarınızıq. Gənclər ictimai həyatda çox fəal rol oynayır, bununla da özlərini Sizin köməkçiləriniz sayırlar. Cənab Prezident, pandemiyanın Azərbaycanda aşkar olunduğu ilk gündən Siz bütün qüvvələri insanların sağlamlığının qorunmasına yönəltdiniz, yaranmış vəziyyəti ciddi nəzarətə aldınız. Bir gənc olaraq Sizin bütün qərarlarınıza, addımlarınıza görə Sizə təşəkkür edir və Sizinlə qürur duyuruq.”