31 oktyabr 2019 14:38
1414

“SOCAR-AQŞ” “Bulla-dəniz”də 113 saylı quyunun tikintisini başa çatdırıb

“SOCAR-AQŞ”  “Bulla –dəniz” yatağında 6 saylı stasionar dəniz özülündən faktiki dərinliyi  6200  metr olan 113 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

Qazma qurğusunun rəisi İlqar Məmmədov “İki sahil” qəzetinə bildirib ki, Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyi olan 113 nömrəli quyuda həyata keçirilən bütün əməliyyatlarla (kəmər endirilməsi, sementlənmə və s.) bağlı «Azneft» İstehsalat Birliyi ilə vaxtaşırı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib və sifarişçinin təyin etdiyi bütün texnoloji parametrlərə və tələblərə tam riayət olunub: “SOCAR-AQŞ”nin qazmaçıları dünyanın yüksək təzyiqli yataqlarından biri hesab edilən «Bulla-dəniz»də ilklərə imza atmaqla ən çətin sınaqların öhdəsindən uğurla gəldiklərini bir daha sübut etdilər. Əminliklə vurğulamaq istəyirəm ki, qazandığımız nailiyyətlər qarşımızda yeni geniş imkanlar açmaqdadır.” 

Dəyərlərinə sadiq qalan “SOCAR-AQŞ” həmişə olduğu kimi bu və növbəti quyuları da Keyfiyyət, sağlamliq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.

Məlumat üçün bildirək ki, müəssisə milli qazma sənayesində ilk dəfə olaraq ümumi çəkisi havada 546 ton olan ikinci 13 3/8" aralıq kəmərin 5093 metr dərinliyə, çəkisi 393 ton olan texniki 9 5/8" kəmərin isə 5620 m dərinliyə 24 dərəcə əyrilik bucağı altında birdəfəyə endirilməsi və sementlənməsi uğurla həyata keçirilib. Həmçinin, ilk dəfə olaraq,  Xəzər dənizinin Azərbaycan sektorunda yüksək təzyiqli və yüksək temperaturlu quyuların qazılması zamanı və o cümlədən, «Bulla -dəniz» yatağı üzrə V və VII horizontlardan beynəlxalq standartlara cavab verən süxur nümunələrinin götürülməsi, «Bulla-dəniz» yatağında quyu lüləsi boyunca V horizontda və VII horizontun tavanına qədər geofiziki tədqiqat və lay təzyiqinin ölçüməsi işləri uğurla həyata keçirilib.

Orxan Vahidoğlu, “İki sahil”