08 noyabr 2019 14:08
1350

“SOCAR-AQŞ” Hesabatlılıq üzrə Qlobal Təşəbbüslər Cəmiyyətinə üzv olub

“SOCAR-AQŞ” hesabatlılıq və şəffaflıq üzrə beynəlxalq standartları hazırlayan nüfuzlu Hesabatlılıq üzrə Qlobal Təşəbbüslər Cəmiyyətinə (GRI) üzv olmaqla bu sahədə Azərbaycan müəssisələri arasında ilkə imza atıb.

GRI-yə qoşulmaqla müəssisə iqtisadi inkişafın mühüm amili kimi qiymətləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, mütərəqqi idarəetmə, nəzarət forma və metodlarının yaradılması, monitorinq sisteminin təkmilləşdirilməsi və statistika infrastrukturunun yaxşılaşdırılması sahələrində qabaqcıl standartları tətbiq edir.

“SOCAR-AQŞ”nin baş direktoru Ramin İsayev bildirib ki, müasir şəraitdə dünyada baş verən iqtisadi proseslər, qloballaşma və digər qlobal amillər hesabatlılığın və şəffaflığın təkmilləşdirilməsini zəruri edən bir sıra mühüm çağırışları labüd edir: “Öz fəaliyyətində hesabatlılığı və şəffaflığı ən önəmli prinsiplərdən hesab edən “SOCAR-AQŞ” bu sahədə ən yüksək dünya standartlarını ardıcıl olaraq tətbiq edir. GRİ standartlarına əsasən hazırladığımız hesabatlar bütün maraqlı tərəflərdə, o cümlədən, sifarişçilərdə, beynəlxalq maliyyə institutlarında və təchizatçı şirkətlərdə müəssisənin fəaliyyətində tam şəffaf və etibarlılıq mühitinin yaradılmasına dair əminlik yaradır. GRI-ə üzvlük beynəlxalq miqyasda müəssisənin korporativ nüfuzunun möhkəmləndirilməsinə əsaslı dəstək olacaq.”

Məlumat üçün bildirək ki, 1997-ci ildə təsis edilmiş və baş qərargahı Amsterdamda yerləşən GRİ hesabatlılıq standartlarına görə dünyada ən çox istinad edilən qabaqcıl beynəlxalq təşkilatdır. GRI dövlət təsisatlarını, özəl sektor və vətəndaş cəmiyyətlərini beynəlxalq standartlara istinad edərək fəaliyyətlərində şəffaflıq və hesabatlılıq meyarlarının əsas götürülməsinə dəvət edir. İstənilən təsisatın fəaliyyətində GRI standartlarının tətbiqi risklərin müəyyənləşdirməsi və idarə edilməsinə, maraqlı tərəflərlə konstruktiv əlaqələrin genişləndirilməsinə, rəqabətədavamlılığın, nüfuzun və etimadın artırılmasına əhəmiyyətli dərəcədə müsbət təsir edir.

Qeyd edək ki, “SOCAR-AQŞ” Banqladeş, Ukrayna və Türkiyədə fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan layihələrin icrasını uğurla həyata keçirir. 2017-ci ildə “SOCAR-AQŞ” dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılıb. Müəssisə 2019-cu ilin sentyabr ayında BMT-nin Qlobal Sazişi üzrə lider şirkət elan olunub.

Orxan Vahidoğlu, “İki sahil”