19 iyun 2019 15:08
1568

“SOCAR AQŞ” “Qərbi Abşeron”da növbəti quyu qazır

Qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və «Abşeron» Qazma Şirkəti tərəfindən təsis edilən “SOCAR AQŞ” «Qərbi Abşeron» yatağında 10 saylı stasionar dəniz özülündən layihə dərinliyi 770 metr olan 10 nömrəli quyuda qazma işlərinə başlayıb. Qeyd edək ki, sifarişçisi SOCAR-ın «Azneft» İstehsalat Birliyi olan 10 nömrəli quyunun Qırmaki altı Lay Dəsti (QAD) horizontuna qazılması planlaşdırılır.

Bununla yanaşı, ilk dəfə olaraq «Qərbi Abşeron» yatağının tam potensialını aşkara çıxarmaq məqsədi ilə “SOCAR AQŞ” müasir beynəlxalq standartlara cavab verən avadanlıqlarla yataqda geoloji, geofiziki ölçü işlərinin aparılmasını və kern nümunələrinin götürülməsini həyata keçirəcək.

Məlumat üçün bildirək ki, əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz, maili istiqamətləndirilmiş, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, onların əsaslı təmiri, yan lülələrin və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarət olan müəssisə hazırda bir sıra özüllərdə qazma işləri aparır.

Dəyərlərinə daim sadiq qalan “SOCAR AQŞ” həmişə olduğu kimi, bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.

Orxan Vahidoğlu, «İki sahil»