Türkiyənin ən böyük inteqrə edilmiş sənaye qurumu olan “SOCAR Türkiyə”nin Sabancı Universiteti ilə birgə reallaşdırdığı bu nüfuzlu proqramı fəaliyyətə başlayıb. Bu il proqramda iştirak etmək hüququ qazanan 74 nəfərin qatıldığı tədbirdə “SOCAR Türkiyə”nin baş icraçı direktorunun kommunikasiya və dövlətlə əlaqələr üzrə müavini Mikayıl Yusifov və Sabancı Universitetinin Araşdırmalar üzrə prorektoru Mehmet Yıldız çıxış ediblər.

Enerji sektorunun inkişafı və dayanıqlı transformasiya
Açılış nitqlərində enerji sektorunun inkişaf istiqamətləri, dayanıqlılıq mərkəzli transformasiya prosesləri və proqramın sahəyə verdiyi töhfələr barədə fikirlər səsləndirilib.
Daha sonra iştirakçılar “SOCAR Türkiyə”nin Neft Emalı və Petrokimya kompleksində təşkil olunan səfər çərçivəsində istehsalat proseslərini yerində izləmək imkanı əldə ediblər.
Texniki mütəxəssislər tərəfindən aparılan məlumatlandırmalar sayəsində iştirakçılar emal və petrokimya əməliyyatları haqqında ətraflı bilgilər alıblar.
Mikayıl Yusifov: “SOCAR Enerji Məktəbi” layihəsinə artan maraq proqramın önəmli mövqeyə sahib olduğunu göstərir
“SOCAR Türkiyə”nin baş icraçı direktorunun kommunikasiya və dövlətlə əlaqələr üzrə müavini Mikayıl Yusifov çıxışında bildirib ki, “SOCAR Enerji Məktəbi” layihəsinin dördüncü mərhələsinin başlamasının qürurunu yaşayırıq: “Hər il artan maraq proqramın həm sektor, həm də mütəxəssislər arasında önəmli mövqeyə sahib olduğunu göstərir. İnanıram ki, bu dövrdə də iştirakçılar enerji sektorunun gələcəyinə dair geniş baxış qazanaraq həm öz inkişaflarına, həm də sahənin ümumi inkişafına töhfə verəcəklər.”
Mehmet Yıldız: Proqram iki ölkə üçün strateji əməkdaşlıq nümunəsidir
Sabancı Universitetinin Araşdırmalar üzrə prorektoru Mehmet Yıldız isə vurğulayıb ki, “SOCAR Enerji Məktəbi” Sabancı Universitetinin “birlikdə etmək və birlikdə yaratmaq” fəlsəfəsini tam şəkildə əks etdirən uzunmüddətli və strateji tərəfdaşlıqdır: “Enerji sektoru həm Türkiyə, həm də Azərbaycan üçün həyati əhəmiyyət daşıyır və bu sahənin gələcəyi təkcə texnologiya ilə deyil, yüksək ixtisaslı insan resursunun bilik mübadiləsi ilə formalaşır. Proqram iki güclü qurumun əməkdaşlığından doğan və sektora real dəyər katan nümunəvi modeldir. Ümid edirəm ki, bu dövr iştirakçılar üçün təkcə məhsuldar və intensiv deyil, həm də dəyərli əlaqələr və güclü network formalaşdıran proses olacaq.”

Qeyd edək ki, “SOCAR Enerji Məktəbi” enerji sektorunun müxtəlif sahələrində çalışan mütəxəssisləri bir araya gətirərək həm nəzəri, həm də praktik istiqamətdə güclü tədris platforması yaratmaqda davam edir. Proqram yaxın dövrdə yerli və xarici ekspertlərin iştirakı ilə müxtəlif dərslər və tematik sessiyalarla davam etdiriləcək.
Orxan Vahidoğlu, “İki sahil”