31 yanvar 2019 19:55
248

SOCAR Gürcüstana satdığı qazın qiymətini artırır

Bu il martın 1-dən “SOCAR Georgia Gas” Gürcüstanda kommersiya abonentləri üçün təbii qazının qiymətini artıracaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində “SOCAR Georgia Gas”ın direktorunun birinci müavini Anton Samsonidze deyib.

“Gürcüstanda istehlak olunan Azərbaycan təbii qazının qiymətinin artırılması bu ölkənin milli valyutası GEL-in ABŞ dolları ilə müqayisədə dəyərini itirməsi, eləcə də Gürcüstanda qaz satışına nəzarət edən orqan tərəfindən qazın tarifinə bəzi dəyişikliklər edilməsidir. Başqa səbəb isə Gürcüstanda qaz satışı ilə məşğul olan digər şirkətlərin qiymətləri artırmasıdır. Bu qiymət artımı sosial abonentlərə şamil edilmir”, - deyə o bildirib.

“SOCAR Georgia Gas” həmçinin, daha bir humanist addımı atıb. Şirkət Gürcüstandakı çörəkbişirmə müəssisələrinə satdığı qazın da qiymətini artırmayacaq. Bu da ölkədə çörəyin qiymətinin artmasının qarşısını alacaq. Qalan bütün kommersiya şirkətləri martın 1-dən istehlak etdikləri təbii qazın qiymətini yeni tariflə ödəyəcəklər.

A.Samsonidze bildirib ki, Gürcüstanda fəaliyyət göstərən şirkətlərin hamısı satdıqları təbii qazın qiymətini 2018-ci ilin sonlarında artırıb. “SOCAR Georgia Gas” isə martın 1-dən bu addımı atacaq: “SOCAR Georgia Gas” Gürcüstana 300 milyon dollardan çox sərmayə yatırıb. Belə ki, 800-dən çox yaşayış məntəqəsinə qaz xətləri çəkilib və bu gün 100 minlərlə ailə təbii qaz alır. Bu imkandan təkcə sosial abonentlər deyil, kommersiya şirkətləri də istifadə edə bilərlər”.