20 oktyabr 2020 21:08
958

SOCAR Gürcüstanda sosial layihələrə 100 milyon dollara yaxın sərmayə qoyub

SOCAR Gürcüstanda sosial layihələrin reallaşdırılmasına 100 milyon dollara yaxın sərmayə qoyub.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanda səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda yaşayan soydaşlarımızın sosial problemlərinin həlli ilə bağlı SOCAR qarşısında xüsusi vəzifələr qoyub. SOCAR dövlətimizin başçısının tapşırıqlarını vaxtında və layiqincə yerinə yetirmək üçün xüsusi proqram hazırlayıb. Proqrama əsasən, qardaş və dost Gürcüstanda bir sıra sosialyönümlü layihələr həyata keçirilir. Gürcüstanda xeyli sayda yeni məktəblər tikilib, bəziləri əsaslı təmir olunub, mədəniyyət ocaqları, uşaq bağçaları, idman kompleksləri inşa olunaraq insanların istifadəsinə verilib. Bu işlər təkcə azərbaycanlılar yaşayan bölgələrdə deyil, Gürcüstanın bütün bölgələrində həyata keçirilib.

Proqram çərçivəsində işlər bundan sonra da uğurla davam etdiriləcək.

R.Abdullayev sosial layihələrin həyata keçirilməsində göstərilən dəstəyə görə, Gürcüstan hökumətinə də minnətdarlıq edib.