24 aprel 2019 10:41
1368

SOCAR-ın beynəlxalq konfransı keçirilib

Aprelin 24-də  SOCAR-ın IV Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumu çərçivəsində “Xəzər və Mərkəzi Asiya  Regionlarının Emal və Neft-Kimya  Sənayesi-Layihələr və Texniki Həllər” adlı konfransı keçirilib.

SOCAR-ın emal üzrə vitse-prezidenti David  Məmmədovun moderatoru olduğu “Azərbaycanın mövcud neft emalı və neft-kimya müəssisələrinin modernizasiyası, yeni layihələrin hazırlanması” adlı birinci sessiyada 7 məruzə dinlənilib.

Emal üzrə vitse-prezidentin müşaviri Əbülfəz Babayev  “SOCAR- Neft emalı və neft kimya qurğularının innovativ yenilənmə prioriteti ekoloji yönümlüdür” mövzusunda təqdimatla çıxış edib. Azərbaycandakı neft emalı və neft-kimya qurğularının modernizasiyası barədə məlumat verən Ə.Babayev bildirib ki,  Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda tikilən bitum qurğusu ölkədə yüksək keyfiyyətli Avropa standartlarına uyğun olan bitumun istehsalına imkan yaradıb. Onun sözlərinə görə, yeni qurğunun işə salınması istehsal zamanı yaranan bir sıra ekoloji problemin aradan qaldırılmasını təmin edib.

 “SOCAR Türkiyə”nin qlobal enerji sektorundakı gələcək dəyişikliklərə hazırlanması” mövzusunda məruzə ilə çıxış edən "SOCAR Turkey Enerji A.Ş."nin layihə direktoru Emil Alxaslı  bildirib ki, SOCAR və BP-nin Türkiyənin Əliağa bölgəsində  həyata keçirməyi planlaşdırdıqları yeni neft-kimya kompleksinin  (Aromatiklər və Saf Tereftal turşusu (PTA-Purified Terephtalic Asid) müəssisələri- "Merkuri" layihəsi) tikintisinə 2020-ci ildə başlanılması nəzərdə tutulur.

 “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun yenidənqurma və modernizasiyası layihəsi və inkişaf perspektivləri” mövzusunda isə İstehsalat Birliyinin baş direktorunun sərmayə və inkişaf üzrə müavini Orxan Cəfərov çıxış edərək bildirib ki, Etilen-polietilen zavodu 2020-ci ilin 2-ci rübündə tam olaraq yeni konfiqurasiyada istismara veriləcək. Onun sözlərinə görə, hazırda zavodda aparılan modernizasiya və yenidənqurma layihəsi üzrə işlərin 80,5 faizi yekunlaşıb, o cümlədən mühəndislik işlərinin 99,8 faizi, təchizat üzrə 96,4 faizi, tikinti  üzrə isə 51 faizi tamamlanıb.

“Heydər Əliyev adına Neft Emalı Zavodu-Modernizasiya layihəsi” adlı təqdimatla çıxış edən zavodun Mühəndislik şöbəsinin rəisi Baladadaş Zeynalov isə bildirib ki, bu il müəssisənin yenidənqurma və modernizasiyası layihəsi çərçivəsində A və B paketləri üzrə detallı mühəndislik işlərinin yekunlaşması, satınalmanın davam etdirilməsi, zavodun bu il üçün planlaşdırılmış təmirə dayandırılmasına hazırlıq işlərinin görülməsi planlaşdırılır.

B.Zeynalov, həmçinin bildirib ki,  bu il illik istehsal gücü 7,5 milyon ton olması planlaşdırılan yeni neftin ilkin emalı qurğusunun dizayn və tikintisi üzrə EPC ( Mühəndislik, Layihələndirmə və Tikinti) podratçının seçilməsi proseduru da həyata keçiriləcək.

“SOCAR-ın Metanol zavodu: ümumi baxış və inkişaf perspektivləri, mövzusunda təqdimatla çıxış edən zavodun Əsaslı təmir şöbəsinin rəisi Ayaz Yusifov metanolun yaranma tarixi, eyni zamanda, Azərbaycanda metanol istehsalı barədə  məlumat verib.

Bundan başqa, “SOCAR Karbamid” zavodunun Xarici əlaqələr şöbəsinin rəisi Səid Hüseynov “Karbamid zavodu-layihənin vəziyyəti və perspektivləri” mövzusunda çıxış edib.

Birinci sessiyanın sonuncu təqdimatı STAR-ın Əməliyyatlar üzrə baş menecerinin müavini Ergun Binboğanın təqdimatında  “STAR-bir startap layihəsi olaraq” mövzusunda olub.  

Forumun təşkilatçılarından olan “Confidence Capital” şirkətinin baş direktoru Andrey Rudenkonun moderatorluğu ilə “Neft və qaz emalı sahəsində innovativ texnologiyalar” adlı ikinci sessiyada isə “Emal prosesi dəyişkənliyində risklərə qarşı Crudeflex imkanı”, “Neft və qaz sənayesində inyeksiya sistemləri-Zerk və ProMinent-in birgə gücü”, “Korroziyanın qarşısının alınmasında SafeZone-dan istifadə etməklə xam neft emalı qurğusunun davamlılığının optimallaşdırılması”, “Labirint kompressorlarından istifadə etməklə polyolefin zavodlarının iş səmərəliliyinin və davamlılığının artırılması”, “Yaşıl kimya və yaşıl akselerasiya” mövzularında təqdimatlar olub.

Qeyd edək ki, aprelin 25-də Forum iştirakçıları “SOCAR Karbamid”, “SOCAR Polymer” zavodlarına, eyni zamanda, Səngəçal terminalına texniki səfərlər edəcəklər.

                                                                                                                                                                                           Ceyhun Piriyev, “İki sahil”