28 aprel 2020 16:28
3318

SOCAR-ın Geofizika və Geologiya İdarəsi pandemiya dövründə də işlərini davam etdirir FOTO

Dünyada olduğu kimi, Azərbaycanda da epidemiyanın qarşısının alınması və vətəndaşların sağlamlığının qorunması istiqamətində ciddi və təxirəsalınmaz işlər görülür. Cənab Prezidentin tapşırığı ilə dövlət qurumları  vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlarını səfərbər edərək bu prosesə qoşulublar. Ölkəmizin səhiyyə sistemi, güc strukturları, rəsmi qurumlar, elmi ictimaiyyət, kütləvi informasiya vasitələri -bütövlükdə bütün dövlət mexanizmi bu bəşəri bəlanın aradan qaldırılması istiqamətində səylərini birləşdirib.  Bütün bunlarla yanaşı, bu gün neftçilərimiz də gərgin vəziyyətin olmasına baxmayaraq öz səylərini əsirgəmirlər.

SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinov qəzetimizə açıqlamasında bildirdi ki, COVID-19 pandemiyası zəminində dünyada yaşanan hazırkı fövqəladə vəziyyətdə və dövlətimiz üçün həssas vaxtda İdarəmizin əməkdaşları da öz işlərini davam etdirir və SOCAR-ın müvafiq əmrinə əsasən məzuniyyətə göndərilən işçilər isə  əmək funksiyasını evdən həyata keçirirlər: “Mədən-geofiziki işlər üzrə Azərbaycanın quru və dəniz ərazilərində (“Bulla-dəniz”, “Günəşli”, “Neft Daşları”, “Çilov”, “Qərbi Abşeron”, “Bahar”, “Bibiheybət”, “Lökbatan-Qalmaz”, “Pirallahı” və digər yataqlarda) qazmada olan və istismar quyularında kompleks mədən-geofiziki tədqiqat, qazmaya geoloji-texnoloji nəzarət, qazma vaxtı karotaj (M/LWD), quyuların istiqamətlənməsi, eləcə də istismar quyularında perforasiya-atma, quyuların texniki vəziyyətinə və işlənməsinə  nəzarət məqsədilə geofiziki tədqiqat işləri müvəffəqiyyətlə yerinə yetirilir.”

Elçin Şirinov məlumat verdi ki, kəşfiyyat geofiziki işləri üzrə  Abşeron yarımadasında aparılmış 2D, “Gürgan-dəniz” və “Çilov” adasında 3D seysmik kəşfiyyat işləri, eləcədə Böyük Qafqazın cənub yamacı boyu regional profillər üzrə aparılmış qravimaqnitometrik kəşfiyyat işləri nəticəsində alınmış məlumatların emal və interpretasiyası uğurla davam etdirilir: “Kompleks Mühəndisi Axtarış işləri “Gürgan-dəniz” və Çilov adası sahələrində, kompleks mühəndisi-geoloji,  eləcə də  Səngəçal-Dəniz, Neft Daşları–Çilov adası,  Palçıq Pilpiləsi, Bulla-Dəniz, Bahar-Qaradağ, Günəşli sahələrində mühəndisi-geoloji tədqiqat  işləri yerinə yetirilib. Alınmış məlumatların emal və interpretasiyası yerinə yetirilməkdədir.”

Qeyd edək ki, mühəndisi-geoloji tədqiqat işləri “M.Süleymanov”, “Geofizik-3”  və “Orion-17” gəmiləri vasitəsilə yerinə yetirilib.

Bununla yanaşı, dənizdə yerləşən bir sıra hidrotexniki qurğuların tikintisi həyata keçirilən zaman gəmilərin naviqasiya təminatı aparılıb və bir neçə ərazilərdə topoqrafik planalma işləri yerinə yetirilib.

Geofizika və Geologiya İdarəsinin rəisi onu da diqqətə çatdırdı ki, öz fəaliyyətlərində TS EN İSO 9001 “Keyfiyyət idarəetmə sistemi”, TS EN İSO 14001 “Ekologiya idarəetmə sistemi” və TS 18001 OHSAS “Əməyin mühafizəsi və təhlükəsizliyi” standartlarının tələblərini daim yerinə yetirirlər: “Qeyd olunanlarla bərabər, sifarişçilər tərəfindən verilən gündəlik sifarişlər (məlumatların rəqəmləşdirilməsi, emalı, interpretasiyası, korrelyasiya sxemləri və s.) operativ olaraq yerinə yetirilərək təhvil verilir.

E.Şirinov qeyd etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVID-19) infeksiyasının yayılmaması ilə bağlı profilaktik tədbirlər planına və eləcə də SOCAR-ın müvafiq əmr və göstərişlərinə uyğun olaraq Geofizika və Geologiya İdarəsində və onun struktur bölümlərində müvafiq tədbirlər görülür: “Belə ki, İdarənin və onun struktur bölümlərinin inzibati binalarının giriş-çıxışlarında mütəmadi olaraq binada olan şəxslərin bədən hərarətinin ölçülməsi və əllərinin dezinfeksiyası işləri aparılır. İnzibati binalarda yerləşən sanitar qovşaqların qarşısında əllərin dezinfeksiya edilməsi üçün xüsusi vasitələr quraşdırılıb və gün ərzində mütəmadi olaraq xüsusi vasitələrlə dezinfeksiya işləri aparılır. Eləcə də inzibati binanın bütün daxili ərazisi,  iş masalarının üzərindəki əşyalarla birlikdə hər gün iş vaxtından sonra xüsusi vasitələrlə dezinfeksiya olunması təmin edilir.”

Bir məqamı da diqqətə çatdıraq ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Geofizika və Geologiya İdarəsində çalışan strateji rəhbərlər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait də köçürülüb. Bu çətin günlərdə işçilərin və onların ailəsinin sağlamlığı Geofizika və Geologiya İdarəsinın rəhbərliyi üçün prioritet vəzifədir. Bunun üçün bütün lazımi tədbirlər görülüb və görülməkdə davam edir.

Orxan Vahidoğlu, “İki sahil”