14 mart 2019 17:15
201

SOCAR-ın prezidenti Acmal Əhmədi ilə görüşüb - FOTO

SOCAR-ın prezidenti Əfqanıstan İslam Respublikası prezidentinin müşaviri ilə görüşüb

Martın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikasının prezidentinin Bankçılıq və maliyyə məsələləri üzrə müşaviri Acmal Əhmədini qəbul edib. Görüşdə Əfqanıstan və Azərbaycan arasında zəngin mədəni və siyasi əməkdaşlıq tarixindən, bu bünövrə üzərində müasir dövrdə iqtisadi əməkdaşlığın genişlənməsi məsələrindən söhbət açılıb. Əfqanıstana neft məhsullarının xaricdən idxal edildiyini deyən Acmal Əhmədi, idxalın şaxələndirilməsi məqsədi ilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını bildirmişdir. 

SOCAR-ın dizel və kerosin kimi məhsulları artıq Əfqanıstanın yanacaq bazarına idxal olunur. Gələcəkdə Əfqanıstanla Azərbaycan arasında yanacaq məhsullarının idxalı kimi sahələrdə dövlət səviyyəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, imkanlar araşdırılmışdır. İşçi qruplarının vasitəsi ilə əməkdaşlıq imkanlarının dəqiqləşdirilməsi üçün müşavirələrin keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunmuşdur. 

Qeyd edək ki, SOCAR müxtəlif əməliyyatları, o cümlədən, satış, nəql və ticarət əməliyyatlarını bütün qitələrdə, 40-dan artıq ölkədə, 100-dən artıq satış məntəqələri arasında həyata keçirir. Şirkət həmçinin ilbəil yeni bazarlara daxil olmaq və mövcud bazarlarda əməliyyatlarını inkişaf etdirmək imkanlarını araşdırır.