11 iyul 2019 16:12
1024

SOCAR-ın prezidenti Fransa Sahibkarlar Təşkilatının üzvlərini qəbul edib

İyulun 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini qeyd etmiş, ölkəmizdə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələri çərçivəsində SOCAR ilə Fransa şirkətləri arasında yaranmış uzunmüddətli və səmərəli əməkdaşlığın uğurlarından söz açmış, MEDEF-in nümayəndə heyətinin bu səfərindən sonra Fransa sahibkarları ilə əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir. 

MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö səmimi qəbul üçün təşəkkkürünü bildirmiş, məlumat vermişdir ki, 170 min şirkətin üzv olduğu təşkilatın nümayəndə heyətində bank, tikinti, enerji, ətraf mühit, tədbirlərin təşkili, yeni texnologiya sahələri üzrə fəaliyyət göstərən şirkətlər təmsil olunurlar. MEDEF üzvü olan şirkətlərin enerji sektorunda əldə etdikləri nailiyyətlərdən danışan qonaq görüşdə iştirak edən Fransa şirkətlərinin Azərbaycanla daha çox qeyri-neft sektoru üzrə-informasiya texnologiyaları, innovasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi sahələrdə əlaqələrin qurulmasında maraqlı olduqlarını nəzərə çatdırmışdır. Jofrua Ru de Beziö xarici şirkətlərin Azərbaycanda uğurla çalışmaları üçün ölkəmizdə əlverişli şərait yaradıldığını bildiklərini vurğulamışdır. 

SOCAR-ın prezidenti R.Abdullayev şirkətin həyata keçirdiyi infrastruktur layihələri haqqında qonaqlara ətraflı məlumat vermiş və müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırmışdır. 

Daha sonra görüşdə iştirak edən fransız şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılmış, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez görüşdə iştirak etmişdir.