19 mart 2020 20:17
3464

SOCAR-ın prezidenti neft-qaz sənayesi işçilərini təbrik edib

Əziz neftçilər!

Sizi xalqımızın əziz bayramı olan Novruz bayramı münasibəti ilə təbrik edir, hamınıza möhkəm cansağlığı, xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

Baharın gəlişi həmişə gözəldir, insanlarda böyük ruh yüksəkliyi, xoş əhval-ruhiyyə doğurur. Təəssüf ki, builki Novruz bayramı bəşəriyyəti ciddi şəkildə narahat edən koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxta təsadüf edir. Bu, insanlığın taleyində bir sınaq mərhələsidir. 2019-cu ilin dekabrında Çində aşkar edilən virus bu gün dünya dövlətlərini cənginə alıb. Bütün ölkələr kimi, Azərbaycan da virusun ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə zəruri addımlar atır. Hökumətin mart ayının 14-dən etibarən bəzi müvəqqəti sosial izolyasiya tədbirlərinin həyata keçirilməsi haqqında qərarı məhz bu məqsədə xidmət edir. Azərbaycanda qlobal şokun təsirini azaltmağa, pandemiyadan daha az zərərlə çıxmağa yönəlmiş intensiv tədbirlər həyata keçirilir. Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumların rəhbər şəxslərindən ibarət operativ qərargah yaradılıb və ölkə ərazisində fəaliyyət göstərən bütün strukturlar Səhiyyə Nazirliyi ilə koordinasiyalı əməkdaşlıq şəraitində çalışır. Müxtəlif dövlətlərlə təmasların minimallaşdırılması, ölkə daxilində müəyyən məhdudiyyətlərin tətbiq edilməsi atılan zəruri addımlardandır.

Şirkətimiz tərəfindən də koronavirus pandemiyasının bütün iş sahələrimizdə çalışan əməkdaşlara yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə bir sıra proflaktik tədbirlər həyata keçirilməkdədir. Pandemiyaya qarşı görülən tədbirləri gücləndirmək və icrasını nəzarətdə saxlamaq üçün şirkətimizdə işçi qrupu yaradılıb. Xəstəliyin yayılma təhlükəsinə qarşı tədbirlər çərçivəsində şirkətimizin bütün struktur bölmələri xüsusi yoxlayıcı və dezinfeksiyaedici avadanlıqlarla təchiz olunub. Bütün istehsalat və idarəetmə sahələrində sanitar-epidemoloji vəziyyət ciddi nəzarət altındadır.

Müvəqqəti çətinlik dövründə hamımız səfərbər olmalıyıq. Azərbaycan neftçiləri həmişə çətinliklər qarşısında sıx birlik və həmrəylik nümayiş etdirmələri ilə məşhurdurlar. Bu böyük təhlükə qarşısında onların böyük əzmkarlıq və bütövlük göstərəcəklərinə şübhə yoxdur. Bir daha sizlərə, əziz həmkarlarımıza üz tutub, özünüzün və ailə üzvlərinizin xəstəlikdən qorunması üçün Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın qayda və tövsiyələrinə maksimum əməl etməyə çağırırıq. Bu günə kimi virusla mübarizə sahəsində görülən işlər onu göstərdi ki, Azərbaycan dövləti bu məsələyə çox həssas yanaşır və öz vətəndaşının yanındadır. Burada hər bir vətəndaşın üzərinə düşən iş məsələyə biganə qalmamaq, dövlətə güvənməkdir.

Əziz neftçilər!

Xalqımız üçün əziz olan Novruz bayramı günlərində nikbin olmağımız, çətinliklərə müqavimət göstərməyimiz əsas şərtlərdəndir. Novruz- sevinc, bolluq, əmin-amanlıq, xeyir-bərəkət rəmzi, daha xoşbəxt gələcəyə və işıqlı sabahlara inam bayramıdır. Ulu babalarımızın bizlərə əmanəti olan Novruz tarix boyu bütün yasaq və qadağalara baxmayaraq, bayram edilmiş, xalqın öz mədəni irsinə sədaqətinin təzahürü kimi nəsildən-nəslə ötürülmüşdür. Bu gün də biz müqəddəs bayramımızı layiqincə qeyd edirik.

Mən bu əziz bayram günündə əmək növbəsində olan neftçilərimizin fədakarlığını xüsusi vurğulayır, onlara bütün neftçi həmkarlarının salam və sevgilərini yetirirəm. İnanıram ki, çoxminli neftçilər ailəsi Azərbaycanın iqtisadi qüdrətinin daha da möhkəmlənməsi naminə həmişə olduğu kimi, bundan sonra da var gücləri ilə çalışacaq, Vətənimizin zəfər salnaməsinə yeni-yeni parlaq səhifələr yazacaqlar.

Əziz həmkarlar!

Bir daha Sizi Novruz bayramı münasibəti ilə təbrik edir, ən xoş arzularımı çatdırıram. Qoy bu bayram tərəqqi yolunda inamla addımlayan Azərbaycanımıza aydınlıq gətirsin, yeni ümidlərin, daha böyük zəfərlərin müjdəçisi olsun. 

Hörmətlə,

Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti