11 noyabr 2020 18:38
1299

SOCAR-ın prezidenti neftçiləri təbrik edib

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Konstitusiya Günü,  Milli Dirçəliş Günü və Böyük Qələbə münasibətilə neftçilərə təbriki

Əziz neftçilər!

Sizi Konstitusiya Günü və Milli Dirçəliş Günü münasibətilə, xalqımızın erməni faşizmi üzərində parlaq Qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, işlərinizdə nailiyyətlər arzulayıram.

Ötən əsrin 80-ci illərində Azərbaycan xalqı tarixi torpaqlarımıza göz dikən erməni separatçılarına qarşı etiraz səsini ucaldaraq meydanlara axışdı. Tezliklə ölkəni milli azadlıq hərəkatı bürüdü. 1988-ci il noyabrın 17-dən başlayan azadlıq və dirçəliş yolu bütün çətinliklərə və itkilərə baxmayaraq, dövlət müstəqilliyimizin bərpa olunması ilə nəticələndi. Lakin torpaqlarımızın işğalı, siyasi və iqtisadi böhran,  daxildəki hakimiyyət çəkişmələri və xarici təzyiqlər  gənc dövlətimizin istiqlalı üçün ciddi təhlükə yaratmışdı. Həmin mürəkkəb və keşməkeşli dövrdə nicat yolunu şanlı oğlunun - ulu öndər Heydər Əliyevin tarixin sınağından çıxmış müdrik siyasətində görən xalqımız onu özünün əvəzsiz ümummilli lideri kimi siyasi hakimiyyətə dəvət etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev qısa müddətdə siyasi sabitliyə nail oldu, cəbhədə atəşkəs elan edildi, ölkəmizin iqtisadi inkişafının təməlinə çevrilən tarixi qərarlar verildi. Ulu Öndərimiz gərgin səylər bahasına Azərbaycanda hüquqi və demokratik dövlət təsisatları yaratdı. Onun təşəbbüsü və rəhbərliyi ilə atılan zəruri addımlardan biri də müstəqil dövlətimizin Əsas Qanununun – Konstitusiyanın qəbulu oldu. Ali bəşəri dəyərlərin təntənəsi,  insan hüquqlarına hörmətin təcəssümü olan Əsas Qanun Azərbaycanın demokratik inkişaf yolu tutduğunu bütün dünyaya sübut etdi.

Əziz neftçilər!

Bu gün Azərbaycan xalqı möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik və yenilməz liderliyi ilə müasir tarixinin ən şanlı səhifələrini yazır. Otuz ildən bəri işğal altında qalan torpaqlarımız artıq azaddır.  Ali Baş Komandanın qətiyyətli rəhbərliyi və rəşadətli ordumuzun müzəffər yürüşü sayəsində  mənfur düşmən müqəddəs torpaqlarımızdan qovulub çıxarılır və doğma Qarabağın qəlbində - şanlı tariximizin yenilməz qalası olan Şuşada Azərbaycanın sülh və əmin-amanlıq, demokratiya və istiqlal rəmzi olan üçrəngli dövlət bayrağı vüqarla dalğalanır. Azərbaycan xalqı bu gün Böyük Qələbənin sevincini və qürurunu  yaşayır. Bu müqəddəs hisslər xalqımızın öz dövlətinə və onun müdrik rəhbərinə- möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bəslədiyi sonsuz ümid, inam və etimaddan qaynaqlanır. Azərbaycan xalqı bu gün fəxr edir, qürur duyur ki, möhkəm, etibarlı konstitusion əsaslar üzərində qurulmuş, uzaqgörən siyasətə əsaslanan qüdrətli dövləti, rəşadətli ordusu və milli mənafe və iradəsini, həyati maraqlarını istər  dünyanın ən uca tribunalarında müdafiə etməyə, istərsə də döyüş meydanlarında gerçəkliyə çevirməyə qadir müzəffər sərkərdəsi – Ali Baş Komandanı var. Bütün xalqımız kimi, Azərbaycan neftçiləri də möhtərəm Prezidentimizin dövlətimizi inkişaf və tərəqqi yolu ilə daha işıqlı gələcəyə doğru inamla irəli aparan siyasətini tam dəstəkləyir, dövlətimizin qüdrəti, xalqımızın rifahı naminə verdiyi tarixi qərarların icrası üçün böyük əzmlə çalışırlar.

Əziz neftçilər!

Bu qələbə müjdəli bayram günlərində də çoxminli kollektivimiz əmək növbəsində ləyaqətlə dayanıb. Bir çox yoldaşlarımız könüllülər sırasında Vətənimizin ərazi bütövlüyünü döyüş meydanlarında qəhrəmancasına müdafiə edib və etməkdədir. Vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsi naminə dənizdə və quruda gecəli-gündüzlü əmək xariqələri yaradan neftçilər bu gün arxa cəbhənin qəhrəmanlarıdırlar. İnanıram ki, hər biriniz bundan sonra da milli amallarımız uğrunda, azad olunmuş torpaqlarımızın dirçəldilməsi uğrunda əlinizdən gələni edəcək, var qüvvənizlə çalışacaq, dövlətimizin, Prezidentimizin qarşımıza qoyduğu vəzifələrin yerinə yetirilməsinə dəyərli şəxsi töhfənizi verəcəksiniz. Sizi bir daha Konstitusiya Günü və Milli Dirçəliş Günü münasibətilə səmimi qəlbdən təbrik edir,  fədakar əməyinizdə hamınıza uğurlar arzulayıram.

Hörmətlə,

Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti