29 aprel 2020 13:34
2274

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində onlayn tədrisə başlanılıb - FOTO

Ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi və təhsil müəssisələrində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

Tədris prosesində yaranmış fasilə dövründə tədris proqramının dinləyicilərə çatdırılması məqsədi ilə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində onlayn dərslərə start verilib.

Dərslər "Skype for business" proqramı vasitəsilə internet üzərindən təşkil edilir.

Sistemə qoşulan hər bir dinləyici onlayn dərs zamanı müəllimi dinləməklə yanaşı, müvafiq mövzuya uyğun suallar vermək və fikir mübadiləsi aparmaq imkanına malikdır.

Aprelin 23-dən etibarən Bakı Ali Neft Məktəbinin tələbələri üçün onlayn qaydada “Peşə etikası” təlimatlandırma kursu təşkil olunur. Bu kursda dinləyicilərə iş fəaliyyətində düzgün ünsiyyət, davranış və geyim qaydaları, etik qərar qəbulu prosesi, şirkətlə işçi arasında vəhdət və münaqişələrin həll edilməsi və s. mövzular tədris olunur.

Kadr hazırlığının təşkili mərkəzində mühəndislər üçün İSO 9001:2015 “Keyfiyyət idarəetmə sistemi” beynəlxalq standartı, Microsoft Office paketi (MS Word, MS Excel, MS PowerPoint), İSO 31000 - Risklərin idarə edilməsi sistemi beynəlxalq standartı, AutoCAD proqramı, İSO 14001:2015 “Ekologiya idarəetmə sistemi” beynəlxalq standartı, Neft sənayesində Əməyin mühafizəsinin Vahid İdarəetmə Sistemi, ilk tibbi yardım (Sağlamlıq, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi) kurslarının onlayn tədrisi təşkil olunub.

Qobustan regional təlim mərkəzində və Sumqayıt təlim-tədris mərkəzində də "Yeni fəhlə kadrlarının hazırlanması" qruplarında onlayn təlimlər keçirilir.

Orxan Vahidoğlu, “İki sahil”