01 iyun 2020 13:23
1926

SOCAR liderliyi qoruyub -  qeyri-neft ixracatçıları arasında

Bu ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına 46,8 mln. ABŞ dolları ilə (2019-cu ilin yanvar-aprelində 60,3 mln. dollar) SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir.

Bu barədə "İki sahil" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Məlumata əsasən, daha sonra bu siyahıda "Azərenerji" ASC (34,1 mln. dollar), "Azəralüminium" MMC (20,5 mln. dollar), "Azergold" QSC (19 mln. dollar), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (10,8 mln. dollar), "Azərbaycan Hava Yolları" QSC (3,9 mln. dollar), "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC (822 min dollar), "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC (426 min dollar), Naxçıvan MR Dövlət Energetika Xidməti (240 min dollar) və "ASK şüşə" MMC (166 min dolar) qərarlaşıb.

Bundan əlavə, bu ilin yanvar-aprel ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində isə "SOCAR Polymer" MMC (41,5 mln. dollar), "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (28,6 mln. dollar), "MKT İstehsalat Kommersiya" MMC (26,6 mln. dollar), "Land Lojistic" MMC (17,5 mln. dollar), "Sun Food" MMC (12 mln. dollar), "STDC" MMC (11,2 mln. dollar), "Aqrovest" MMC (10 mln. dollar), "Natural Fruit" MMC (9,7 mln. dollar), "Baku Steel Company" (8,6 mln. dollar) və "P-Aqro" MMC (8,2 mln. dollar) yer alıb.