11 mart 2019 14:26
1361

“SOCAR Media”nın təşəbbüsü ilə jurnalistlər üçün seminar keçirilib

Martın 11-də SOCAR Tower-də “SOCAR Media”nın təşəbbüsü ilə  Azərbaycanda neft-qaz və energetika sahəsində fəaliyyət göstərən jurnalistlər üçün beynəlxalq seminar keçirilib. Seminarda Azərbaycanda  fəaliyyət göstərən informasiya agentlikləri və media qurumlarının əməkdaşları, energetika sahəsində fəal  jurnalistlər, habelə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri, eləcə də SOCAR-ın müxtəlif strukturlarında çalışan mətbuat üzrə mütəxəssislər, ümumilikdə 100-ə yaxın jurnalist iştirak edib.

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov tədbir iştirakçılarını salamlayaraq seminarın məqsədlərindən danışıb, tanınmış jurnalistlər və beynəlxalq ekspertlər Svenya O’Donnell, Ceyms Qavin, Lourens Dor, Caylz Braunu tədbir iştirakçılarına təqdim edib.

Sonra iştirakçılara seminarda dinləniləcək məruzələr, müzakirə olunacaq mövzular və məruzəçilər haqqında məlumat verilib. Svenya O’Donnell qəzet və televiziya jurnalistidir, 15 il beynəlxalq, iqtisadi və siyasi mövzularda işləyib. 2017-ci ildə Bloomberg-in baş siyasi reportyoru olub. Brexit haqqında reportajlara görə Vaşinqtonda yerləşən Milli Press Klubun “Breaking News” mükafatını almış komandanın üzvüdür. Bloomberg-in Moskva müxbiri olub, Financial Times üçün Sudandan reportajlar hazırlayıb. Ceyms Gevin energetika mövzusunda zəngin təcrübəyə malik jurnalistdir. 20 ilə yaxın bir müddətdə neft-qaz bazarı haqqında reportajlar hazırlayıb. Əməkdaşlıq etdiyi nəşrlər arasında Petroleum Economist, Interfax Energy, Middle East Economic Digest və Economist Intelligence Unit də vardır. Yaxın Şərqə və karbohidrogen ehtiyatları olan digər ölkələrə müntəzəm səfərlər edən Ceyms həm də neft-qaz sahəsində kommunikasiya strategiyaları üzrə məsləhətçi kimi tanınır. Caylz Braun United Business Media qrupunda işləyib, texnologiya, media və kommunikasiya sektorları üzrə fəaliyyət göstərib. BP Deepwater Horizon, Grenfell Tower Fire və Sky Fox Comcast kimi layihələri ilə tanınır. Lourens Dor karyerasına British Steel Pension Fund-da investisiya təhlilçisi kimi başlayıb, sonra CitigateDeweRogerson və Brunswick də daxil olmaqla müxtəlif firmalarda investorlar arasında əlaqə və maliyyə kommunikasiyaları sahəsində fəaliyyət göstərib. 2000-ci ildə Mantra PR-ı təsis edib. Qrup 2007-ci ildə Loewy-yə satılıb. O, daha sonra M&S plc-də maliyyə və korporativ PR üzrə direktor vəzifəsini icra edib. Lourens məhkəmə prosesləri, risk hazırlığı, böhran idarəçiliyi və reputasiya idarəçiliyi üzrə tanınmış məsləhətçilərdən biridir.

Neft-qaz sahəsi və Yaxın Şərq məsələləri üzrə ixtisaslaşmış jurnalist Ceyms Qavin “Neft-qaz mövzusunda reportajların hazırlanması” adlı təqdimatında bir sıra məsələlərə toxunub: “beynəlxalq neft şirkəti nədir və milli neft şirkətlərindən nə ilə fərqlənir, karbohidrogenlərlə bağlı mövzular oxuculara aydın və qısa şəkildə necə izah edilə bilər, neft şirkətlərindən nə soruşmalısınız, reportaj və analitik yazınızın real vəziyyəti düzgün əks etdirdiyinə necə əmin ola bilərsiniz, neft və qaz sahəsinin icraçıları, o cümlədən PR ilə məşğul olan şəxslərlə əlaqələri necə inkişaf etdirməli və s.”

İqtisadi-siyasi mövzularda işləyən jurnalist Svenya O’Donnell yalan xəbərlərlə mübarizədə medianın rolu və geniş auditoriya üçün mürəkkəb mövzularda reportajların hazırlanması mövzularından bəhs edən çıxışında reportajlara inam, onu olduğundan daha yaxşı etmək hissinə müqavimət, adamlara cavab hüququnu vermək, xüsusi mövzuları sadə şəkildə ictimailəşdirmək kimi suallara cavab axtarıb.

Son 8 ildə “Social360”da təbii ehtiyatlar, maliyyə xidmətləri və dövlət sektorları çərçivəsində kompleks onlayn media monitorinq proqramlarına rəhbərlik etmiş Caylz Braun ənənəvi və sosial medianın inkişafı və saxta xəbərlərin artması mövzusunda, M&S plc-də maliyyə və korporativ PR üzrə direktor vəzifəsin icra etmiş Lourens Dor isə şirkətlər ilə müsbət əlaqələr yaratmağın və neqativ əlaqələrdən yayınmağın yolları haqqında çıxışlar ediblər.

SOCAR-ın Baş ofisinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “SOCAR-ın strategiyası və korporativ kommunikasiyaları” mövzusunda geniş məruzə ilə çıxış edib.

Hər bir seminarın sonunda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), 
“İki sahil”