13 may 2019 12:03
1859

SOCAR Ukraynada üzən yanacaqdoldurma məntəqələri açıb

SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” şirkəti kiçik və orta ölçülü gəmilərin yanacaqla təminatı üçün 2 üzən yanacaqdoldurma məntəqəsini (YDM) işə salıb.

“SOCAR Energy Ukraine”dən verilən məlumata görə, YDM-lərin biri Kiyevdə Muromets parkının ərazisində, digəri isə Odessada Sovinyon yaxt-klubunun ərazisində yerləşir. SOCAR-ın üzən YDM-lərində digər yanacaqdoldurma məntəqələrində təklif olunan yanacaq növləri satılır.

Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə həyata keçirir və şirkət 2009-cu il dekabrında yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın topdan və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir. SOCAR tərəfindən şirkətə fəaliyyətə başladığı dövrdən etibarən ümumilikdə 300 milyon dollaradək sərmayə yatırılıb. Şirkətin Ukrayna ərazisində 60-dan çox YDM-i var. Ukraynada “SOCAR Energy Ukraine” şirkətinə məxsus 4 neft bazası Kiyev, Odessa, Lvov və Xarkov şəhərlərində fəaliyyət göstərir.