11 dekabr 2019 17:34
1187

SOCAR və STP arasında anlaşma memorandumu imzalanıb

SOCAR və STP milli sənayenin inkişafına töhfə olaraq Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Sumqayıt Texnologiyalar Parkı (STP) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum ölkənin neft-qaz sektorunun flaqmanı Dövlət Neft Şirkəti ilə ən iri sənaye komplekslərindən olan Sumqayıt Texnologiyalar Parkı arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təmin edilməsi üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, sənədə əsasən neft-qaz yataqlarının istismarı sahəsində böyük təcrübəyə və yüksəkixtisaslı personala malik olan SOCAR neft-qaz hasilatı imkanlarının optimallaşdırılması istiqamətində qazma və qoruyucu boru xətləri, dövredici və digər avadanlıqların quraşdırılması, sökülməsi, təmir və texniki qulluq göstərilməsi, təzyiq sınaqları və təftiş işlərinin aparılması məqsədilə Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək. STP ölkə ərazisində sözügedən avadanlıqlara texnik qulluq göstərilməsi, habelə xüsusi avadanlıq hissələrinin istehsalında ixtisaslaşmış istehsalat sahələrinə malik olan ən iri sənaye komplekslərindəndir.

SOCAR və STP arasında imzalanmış memorandum dövlət başçısının ölkə iqtisadiyyatının davamlı inkişafı və yerli istehsalat imkanlarının artırılması siyasətinə müvafiq olaraq respublikanın neft-qaz sektorunda texniki yeniliklər və mütərəqqi texnologiyaların tətbiqi istiqamətində mühüm töhfələr verəcək.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 11 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.