19 sentyabr 2020 13:49
894

SOCAR yeni inkişaf strategiyasını hökumətə təqdim edəcək

Bir müddət əvvəl “McKinsey” şirkəti ilə birlikdə SOCAR-ın 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlanıb və bütün təfərrüatı ilə hökumətə təqdim olunacaq.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, strategiyanın əsas prinsipləri sırasında şirkətin dayanıqlı inkişafı, təkmilləşmiş effektiv idarəetmə sisteminin tətbiqi, sosial və ekoloji məsuliyyətin artırılması, ölkənin yanacaq-enerji tələbatı ehtiyaclarının dəyərləndirilməsi və şirkətin gəlirliliyinin təmin olunması ilə yanaşı, borclanmanın idarə olunması da mühüm yer tutur. Şirkətin idarəetmə modelinin təkmilləşdirilməsi, funksional idarəetmənin mərkəzləşdirilməsi, biznes əməliyyatlarının çevikliyinə nail olunması, bürokratik maneələrin aradan qaldırılması, idarəçilik proseslərinin sadələşdirilməsi bu məqsədlə nəzərdə tutulan mütləq şərtlərdəndir.

“2035-ci ilə kimi Korporativ Strategiya” SOCAR-ın qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirir, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən edir. Sənaye 4.0 tələblərinə uyğun olaraq hazırlanmış sənəddə istehsal tsiklinin rəqəmsallaşmasına, innovasiya və vençur layihələrinə ayrılan investisiya həcmlərinin artırılmasına, kadr potensialının ixtisasdəyişmə və ixtisasartırma proqramları vasitəsilə optimallaşdırılmasına xüsusi yer ayrılıb ki, bununla da şirkətimizin sosial məşğulluq üzrə öhdəliklərinin daha dayanıqlı şəkildə yerinə yetirilməsinə nail olunacaq. Yeni strategiya əsasında investisiya portfelimizi təkrar nəzərdən keçirərək biznesimizin dayanıqlılığını təmin etmək, habelə şirkətin əməliyyat modelinin səmərəliliyini artırmaq əzmindəyik”, - deyə R.Abdullayev əlavə edib.