20 noyabr 2019 18:57
1353

Sosial inkişafda və firavanlığın təminatında yeni keyfiyyət mərhələsi

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır. Prezident İlham Əliyev cari ilin fevralında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirmişdir ki, 2019-cu il sosial islahatlar ili kimi tarixə yazılacaq: “Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz əldə etmişik, biz yaratmışıq.

Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır, artacaq və artmalıdır. Ona görə bir daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli ilə nə qədər bağlıdır. Bu da təbiidir. Bizdə güclü iradə, güclü sosial siyasət var. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək. Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaqdır.”

Ölkə başçısı hələ 2018 ci ilin sonlarında bəyan etmişdir ki, qarşıdan gələn dövrdə əhalinin sosial durumunun daha da yüksəldilməsi prioritet təşkil edəcək. 2019 cu ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyev iki böyük sosial islahat paketi təsdiq etmişdir. Birinci paket 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artırılması, mühüm sosial məsələlırin həllinə 1.6 milyard manatın yönəldilməsini nəzərdə tutmuş və icra olunmuşdur.

İkinci sosial paketin icrası ilə bağlı hazırlıq işləri tamamlanmış, sentyabrın 1 dən minimal əməkhaqqının 250 manata çatdırılması, əlavə olaraq 400 min nəfərin maaşının 20-50 faiz artırılması, 750 min pensiyaçıya verilən vəsaitin oktyabrın 1-dən yüksəldilməsi reallaşdırılmışdır. Hər iki paketin ümumi məbləği cari il üçün 2.3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat, ümumilikdə 4.2 milyon vətəndaşın əhatə edilməsini və 5.2 milyar manatın sərf olunmasını nəzərdə tutur.

Sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda minimal pensiya 72 faiz artırıldığına görə, ölkəmiz minimal pensiya üzrə alıcılıq qabiliyyətinə görə MDB də birinci olacaq. Minimal əməkhaqqının 250 manata çatdırılmasından sonra isə Azərbaycan bu göstərici üzrə MDB də ikinci sırada qərarlaşıb.

Bundan başqa, müavinətlərin və stipendiyaların artırılması 300 min əlilliyi olan şəxsi, 500 min məcburi köçkünü, 100 mindən artıq tələbəni, ümumilikdə 1.3 milyon insanı əhatə edib. Ən əsası, bu addımlar aztəminatlı təbəqəni əhatə etməklə bu kateqoriyaya aid olan insanların sosial durumunun xeyli yaxşılaşdırılmasını təmin edəcəkdir.

Dövlətimizin başçısının digər təşəbbüsü sosial sığorta sahəsində inqilabi irəliləyişi təmin edib. Belə ki, 2006-2018 ci illərdə sığortaya hətta cüzi məbləğ ödəyənlərə belə 25 illik sığorta stajı hesablanıb. Bunun nəticəsində yanvarın 1 dən heç bir bürokratik əngəl olmadan 13 min nəfərə pensiya təyin olunmuşdur. Bu siyasətin davamı olaraq il ərzində pensiyaya çıxan vətəndaşların 80 faizi də əhatə olunacaq.

Respublikamızda məşğulluq proqramı üzrə görülən işlərin sürətləndirilməsi daim diqqət mərkəzindədir. Ötən il bu proqram 6 min ailəni əhatə etmiş, bu il isə əlavə vəsaitlərin cəlb olunması nəticəsində 10 min ailənin əhatə olunması nəzərdə tutulub. Əhali arasında populyarlığı yüksələn bu proqram çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə artıq 45 min müraciət daxil olmuş, 4 min nəfər təlim keçmiş, 110 nəfər aktiv əldə etmişdir. Bununla yanaşı, DOST mərkəzlərinə 20 min müraciət daxil olmuş, vətəndaşların məmnunluğu səviyyəsi 93 faizə yüksəlmişdir. Bu gün DOST mərkəzləri artıq 126 növ xidmət təklif edir. Bu il daha bir, gələn il isə 3 mərkəzin açılması nəticəsində Bakı əhalisinin 80 faizi əhatə olunacaqdır.

Bütün bunlar ölkə başçısının əhalinin rifahının yüksəlməsi məsələsini priotitet sahə kimi diqqətdə saxladığını, artıq bu istiqamət üzrə çox böyük işlər görüldüyünü və qarşıdan gələn illərdə də bu tendensiyanın qorunub saxlanacağını bir daha təsdiq edir.

Təbii ki, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması üçün  bu sahədə reallaşdırılan islahatların mühüm rolu var. Azərbaycanda islahatları davam etdirmək üçün güclü siyasi iradə, mükəmməl islahatlar kursu, bu islahatları reallaşdırmağa qadir olan islahatçı kadrlar, maliyyə resursları və cəmiyyətin böyük dəstəyi vardır.

Zahid Rza, “İki sahil”