15 yanvar 2020 20:21
935

Sosial islahatlar 2020-ci ildə də davam edəcək

Prezident İlham Əliyev bu barədə hökumətə ciddi göstərişlər verdi

Ölkəmizdə sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir. Yəni 2019-cu ilin əvvəlindən başlayaraq dövlət başçısının imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşların rifah halını yüksəldib.

Xüsusilə cənab Prezidentin ötən il imzaladığı iki sosial paket ümumilikdə 4 milyondan çox vətəndaşı əhatə edib. Bu sosial layihələrin maliyyə tutumu 2019-cu il üçün 2,3 milyard manata çatdırıldı. Bu isə o deməkdir ki, Azərbaycanda bir il ərzində iki dəfə minimum əməkhaqqı və minimum pensiya artırıldı. Ölkəmiz bu göstərici üzrə MDB-də müvafiq olaraq 1-ci yerdə qərarlaşıb.

Bütün bunlar ölkə vətəndaşlarının güzəranının yaxşılaşdırılması üçün atılan çox uğurlu addımlar idi və digər sahələrdə də həyata keçirilən islahatlar, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün göstərilən səylər onu deməyə əsas verir ki, bunlar ölkənin dinamik inkişaf etməsinə və yoxsulluğun daha da azalmasına səbəb olmaqdadır.

Prezident İlham Əliyevin sosial islahatlarla bağlı ötən ilin əvvəlindən başlayaraq imzaladığı Fərman və sərəncamlar 2019-cu ili ölkəmizin tarixinə sosial islahatlar ili kimi yazdı. Birinci sosial paketdəki artımlar ciddi uğurlarla zəngin idi. Belə ki, minimum əməkhaqqı 130 manatdan 180 manata yüksəldi, 600 min işçinin əməkhaqqı artırıldı, 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər 100 faiz artdı, 9 kateqoriya üzrə Prezidentin aylıq təqaüdü orta hesabla 100 faiz artdı, 450 min nəfərin əməkhaqqında 30 faiz, 150 min nəfərdə isə 25 faiz artım oldu, 223 min insanın pensiya təminatı yaxşılaşdırıldı, 100 minə yaxın tələbənin təqaüdü artırıldı, minimum pensiyalar 116 manatdan 160 manata yüksəldi, Milli Qəhrəmanlar üçün Prezident təqaüdü 1000 manatdan 1300 manata, səhid ailəsinə verilən təqaüd 242 manatdan 300 manata qaldırıldı, Əfqanıstanda həlak olanların ailəsinə verilən müavinət 300 manat oldu, 2 yeni təqaüd növü təsis edildi, 800 mindən çox insanın problemli krediti həll edildi.

İkinci sosial paket isə 1 milyonadək insanı əhatə etdi. Bu paketdə dövlət büdcəsindən daha böyük maliyyə vəsaiti ayrılmaqla minimum əməkhaqqı 180 manatdan 250 manata yüksəldi, 1 milyon 350 min işçinin əməkhaqqı artırıldı, 950 min nəfərin (600 min dövlət, 350 min qeyri-dövlət sektoru) maaşı, o cümlədən büdcədən maliyyələşən 400 min nəfərin vəzifə maaşları 20-50 faiz yüksəldi, artım üçün büdcədən illik 780 milyon manat əlavə vəsait ayrıldı, minimum əməkhaqqının məbləği 92,3 faiz artırılmaqla, o yaşayış minimumunu (180 manat) 40 faiz üstələdi. Digər önəmli fakt odur ki, 750 min pensiyaçıya verilən vəsait isə oktyabrın 1-dən artırılmaqla pensiyanın minimum məbləği 160 manatdan 200 manata çatdırıldı Bu artım 660 min nəfər pensiyaçını əhatə etdi. Bununla pensiyanın minimum məbləği il ərzində 72,4 faiz artırıldı. Ümumiyyətlə, iki sosial paketin 2 illik maliyyə tutumu 5,3 milyard manat oldu.

Təbii ki, bu sosial yüksəliş tempinin 2020-ci ildə də davam etdirilməsi məntiqəuyğun şəkildə davam edəcək. Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bu barədə ciddi anonslar da verildi. Belə ki, müşavirədə ölkə başçısı xüsusi qeyd etdi ki, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 2020-ci ildə daha çox evlər tikilməlidir. Ölkəmizin başçısı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayeva xitabən dedi: “Bu məsələ ilə bağlı mən Sizə göstəriş vermişəm. Əgər keçən il 934 mənzil verilmişdisə, bu il hesab edirəm ki, 1500 mənzil verilməlidir. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı müvafiq göstərişlər versinlər. Beləliklə, əgər biz buna nail olsaq, əminəm ki, buna nail olacağıq, onda növbədə cəmi 2000 ailə qalacaq. Onları da biz yaxın illərdə evlərlə təmin edəcəyik.”

Bu da bir faktdır ki, məhz ötən il minimum əməkhaqqının iki dəfə artması dövlət sektorunda çalışan, müxtəlif kateqoriyada işləyən insanların əməkhaqlarını ciddi şəkildə yüksəltdi. Bununla da Azərbaycanın minimum əməkhaqqına görə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerə çıxdı. Digər tərəfdən, pensiya sahəsində aparılan islahatlar nəticəsində minimum pensiyanın artımı ölkəmizi MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerə çıxardı.

Ölkəmizin sosial rifah halının davamlı olaraq artması əhalinin əmək haqlarının və pensiya və təqaüdlərinin artmasında özünü nəinki büruzə verir, həmçinin qonşu ölkələrlə müqayisədə xeyli üstünlüyümüzü göstərir. Müşavirədə bu barədə konkret faktlarla çıxış edən Prezident İlham Əliyev Ermənistanın bütün sosial -iqtisadi göstəricilərdə Azərbaycandan dəfələrlə geridə olduğunu bildirdi: “2019-cu ilin dekabr ayında Azərbaycanda orta əməkhaqqı 723 manat - bu, 425 dollar təşkil edir, Ermənistanda 369 dollardır: “Alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiya Azərbaycanda 200 manat, yəni 118 dollar, Ermənistanda 55 dollardır. Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir. Orta pensiya Azərbaycanda 262 manat, yəni 154 dollar, Ermənistanda 84 dollardır. MDB-də orta pensiyaya görə Azərbaycan dördüncü, Ermənistan səkkizinci yerdədir. Orta pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistan axırıncı - onuncu yerdədir. Yoxsulluq səviyyəsi Azərbaycanda 4,8 faiz, Ermənistanda 24 faizdir, fərq beş dəfədir. Şəhid ailələrinə və müharibə əlillərinə 2019-cu ildə Azərbaycanda 934 mənzil verilibdir, Ermənistanda sıfır. Bütövlükdə Azərbaycanda bu kateqoriyadan olan insanlara 7590 mənzil verilib, Ermənistanda, bildiyimə görə, belə proqram mövcud deyil. Təkcə keçən il bu kateqoriyadan olan insanlara 600 avtomobil verilib, Ermənistanda sıfır. Bütövlükdə bu kateqoriyadan olan insanlara 6750 avtomobil verilib, Ermənistanda sıfır.”

Nüfuzlu beynəlxalq iqtisadi təşkilatlarının da hesabatlarında Azərbaycanın sürətli inkişafı barədəki göstəricilərdən danışan Prezident İlham Əliyev deyib:  “Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatında 2019-cu ildəki bəzi rəqəmləri təqdim etmək istərdim. İqtidarın uzunmüddətli strategiyasına görə Azərbaycan dünyada onuncu, Ermənistan 59-cu yerdədir. İqtidarın siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci, Ermənistan 58-ci yerdədir.”

Faktlardan da göründüyü kimi, Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Bu prinsip indi daha geniş şəkildə davam etdirilir. Bir sözlə, dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Elçin Zaman, “İki sahil”