25 yanvar 2020 10:49
884

Sosial islahatların ana xətti:  İnsan amili, vətəndaş rifahı

Hazırda Azərbaycanda prioritet istiqamətlərdən biri də sosial siyasətdir. Davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələri, artan əməkhaqları və müavinətlər, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar nümunə göstərilə bilər. 2019-cu il bu sahədə uğurlu islahatlar ili olmaqla, vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasının, iqtisadi islahatlardan əldə olunmuş əlavə gəlirlərin sosial sahəyə yönəldilməsinin Prezident İlham Əliyevin siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiq etdi. Aparılan bu siyasət ötənilki genişmiqyaslı islahatların və sosial inkişaf proseslərinin 2020-ci ildə də inamla davam etdirilməsinə təminat verir.

Ötən ilin ən mühüm nailiyyətlərindən biri kimi, 4 milyon 200 min vətəndaşın rifahına birbaşa dəstəyi təmin edən iki islahat paketinin qəbul edilməsini göstərmək olar. 2019-cu ildə orta aylıq pensiyalar 15 faiz, yaşa görə pensiya 15 faiz, əlilliyə görə isə pensiyalar 22 faiz artmışdır. Prezident İlham Əliyevin Fərmanı ilə ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və Agentliyin 1 və 2 saylı Bakı DOST mərkəzlərinin yaradılması sosial sahədə ən uğurlu innovativ yeniliklər olub və ölkəmizdə dövlət sosial xidmətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini təmin edib. 1 saylı DOST mərkəzi 65 minədək vətəndaşa xidmət edib, məmnunluq səviyyəsi 95,2 faiz olub. “Könüllü DOST” proqramına 6900 müraciət edilib, 250 könüllü işə cəlb edilib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycanın yeni brendi kimi tanınır. Təsadüfi deyil ki, 2 saylı DOST mərkəzinin açılışı zamanı Prezident İlham Əliyev DOST xidmətinin fəaliyyətinin başqa ölkələrdə maraq doğuracağına və təcrübə mübadiləsi üçün müraciətlər daxil olacağına əminliyini bildirib. Qeyd edək ki, cari ildə Bakıda daha 2 DOST mərkəzinin, həmçinin Sumqayıt şəhərində, Abşeron, Şəki, Bərdə, Quba, Sabirabad rayonlarında DOST mərkəzlərinin yaradılması üçün işlər aparılır.

ƏƏSMN-in ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin yaydığı məlumata görə, ötən il özünüməşğulluq proqramına cəlb olunanların sayı 10 min 354-ə, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 70 faiz artmaqla 72 minə (296 min ailə üzvü) çatıb. Dövlət başçısının tapşırığına uyğun olaraq bu proqramların 2020-ci ildə də genişləndirilməsi təmin olunacaq. Nazirliyin məşğulluq orqanları tərəfindən 103 028 şəxs münasib işlə təmin edilib, 3168 şəxs peşə hazırlığına, 135 minə yaxın vətəndaş peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib. Ötən il 38 min ödənişli ictimai iş yerinin açılmasına imkan verən “İşsizin DOSTu” proqramı, eləcə də bu proqramın icrası sahəsində şəffaflığın təminatına yönələn işlər bu il də davam edəcək.

Nazirliyin bərpa mərkəzlərində 10 457 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətlərinin göstərildiyi, əlilliyi olan şəxslərin 38041 reabilitasiya vasitəsi ilə təmin olunduğu bildirilib. Ötən il Yevlax, Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa mərkəzləri, Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Həmçinin Gəncədə Peşə Hazırlığı Mərkəzi açılmış, 2020-ci ildə də 10 reabilitasiya və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır.

Dövlətin, dövlət başçısının yürütdüyü sosial-iqtisadi siyasət belə deməyə əsas verir ki, dövlət siyasətinin ana xəttini təşkil edən, son vaxtlar isə daha da önə çıxan sosial sahəyə diqqət və dəstək davam etdiriləcək. Prezident İlham Əliyev də hər zaman sosial sahəyə diqqətin artırılmasını, insanların həyat şəraitinin yaxşılaşdırılmasına, rifahının yüksəldilməsinə imkan verən sosial layihələrin icrasını önə çəkir, bu layihələrin reallaşa bilməsi üçün ölkənin maliyyə imkanlarının, valyuta ehtiyatlarının, büdcə gəlirlərinin artırılması istiqamətində addımlar atılmasını qarşıya məqsəd kimi qoyur. Məhz dövlətin yürütdüyü iqtisadi siyasətin düzgünlüyü nəticəsində bu gün bu məqsədlərə nail olmaq mümkün olur. Bundan başqa, həm dövlət başçısının özünün və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial məsələləri diqqətdə saxlaması və həll etməsi, həm də cənab Prezidentin dövlət strukturlarına, məmurlara insanların problemlərinə həssaslıqla yanaşmalarını tapşırması ümumilikdə dövlətin sosial siyasət, insanların rifahının yüksəldilməsi, onların problemlərinin həlli istiqamətində səfərbərliyinin göstəricisi kimi də dəyərləndirilə bilər. Bütün bunlar deməyə əsas verir ki, bu siyasət ardıcıl və davamlı olacaq, insanların həyat şərtlərinin daha da yaxşılaşmasına xidmət edəcək. Ən əsası odur ki, bunun üçün siyasi iradə və ölkənin kifayət qədər maliyyə imkanı var.

Sevinc Azadi, “İki sahil”