20 iyul 2020 18:15
1690

Sosial layihələrin icrası bundan sonra da davam etdiriləcək

Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha bildirmişdir ki, pandemiya dövrü  göstərdi ki, biz bu çətin dövrdə də bu siyasətdən kənara çıxmırıq və gəlirlərimizin azalmasına baxmayaraq, bütün sosial layihələr artıqlaması ilə icra ediləcək

COVID-lə mübarizə  dövrünün reallıqları bir daha təsdiqlədi ki, konkret strategiya olmadan iqtisadiyyatın inkişafı qeyri-mümkündür.  2003-cü ildən iqtisadi artımın enerji sektorundan asılılığını minimuma endirməyi qarşıya mühüm vəzifə kimi qoyan dövlətimizin başçısı İlham Əliyev neftdən əldə olunan  gəlirlərin qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə yönəltməklə bugünkü reallıqların əsasını qoydu. Regionların potensial imkanlarından maksimum istifadə etmək məqsədilə  təsdiqlənən regional inkişaf proqramlarının uğurlu icrası öz müsbət nəticəsini verir. Əsas hədəflərdən olan regionların sosial-iqtisadi inkişafı, iqtisadi və sosial sahədə islahatların təkmilləşdirilməsi,  məşğulluğun təmin edilməsi kimi məsələlər həllini tapır. Sahibkarlığın inkişafı, güclü sahibkarlar sinfinin yaradılması prioritet məsələlər sırasında yer tutur. Təbii ki, inhisarçılığı aradan qaldırmadan sahibkarlığı inkisaf etdirmək, idarəetmə sistemini təkmilləşdirmədən iqtisadi islahatları sürətləndirmək, qeyri-neft sektorunun və regionların inkişafını təmin etmədən işsizlik və məşğulluq problemlərini həll etmək mümkün deyil. Dövlətimizin başçısının qeyd olunan istiqamətlərdə atdığı addımlar nəinki ölkə daxilində, beynəlxalq səviyyədə təqdir edilir. Beynəlxalq maliyyə qurumlarının, xüsusilə Dünya Bankının hesabatlarında Azərbaycan ən islahatçı ölkələr sırasında qərarlaşıb.

Əsas məsələlərdən biri vətəndaşların özünüməşğulluğunun təmin edilməsi və bu istiqamətdə atılan addımların davamlığına diqqətin artırılmasıdır.   Bu məqsədlər  idarəetmə sistemində şəffaflığın təmin olunmasını daha aktuallaşdırdı və “ASAN xidmət”in yaradılmasını zərurətə  çevirdi. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında 2013-cü ildə fəaliyyətə başlayan  “ASAN xidmət”  2015-ci ildə BMT-nin “Dövlət Xidmətləri Mükafatı”na layiq görülmüşdür. Hazırda “ASAN xidmət” fəaliyyətinin coğrafiyasını genişləndirərək xidmətləri ilə vətəndaş məmnunluğunun artırılmasını 100 faizə çatdırıb. 

Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” layihəsi ilə yanaşı, ABAD, DOST mərkəzlərinin fəaliyyəti də insan amilinə verilən  dəyəri bir daha təsdiqləyir. Nəzərə alsaq ki, özünüməşğulluq proqramının icrası prioritetdir, hər üç layihənin əhəmiyyəti özünü qabarıq şəkildə büruzə verir. ABAD mərkəzlərinin də cografiyası genişlənməkdədir. Ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi məqsədilə həyata keçirilən bu layihənin əhəmiyyəti pandemiya dövründə bir daha diqqəti çəkdi. Belə ki, əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısının heç bir sosial layihənin təxirə salınmayacağı ilə bağlı tələbinə uyğun olaraq məşğulluğa və sosial rifaha dəstək məqsədilə faal siyasət həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir öz əksini tapıb.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  sosial rifah və məşğulluğa dəstək Tədbirlər Planı çərçivəsində görülən işlərə diqqət yönəldilərək bildirilmişdir ki,  bu çərçivədə işlər iki istiqamət üzrə  qurulub.  Birinci istiqamət bu gün əmək müqaviləsi ilə işləyənlərin iş yerlərinin qorunması və işsizliyin artmasına imkan verilməməsi ilə bağlıdır.  Dövlət sektoru üzrə 900 min iş yeri qorunub, onların hər birinin əməkhaqqısı ödənilib.  Bu gün əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751 minə çatıb. Məşğulluqla bağlı tədbirlərin ikinci istiqaməti isə işsiz şəxslərlə bağlı görülən tədbirlər idi. İşsizlər və xüsusi karantin rejimi dövründə gəlirini itirən qeyri-formal işləyən şəxslərlə bağlı bir sıra tədbirlər təsdiq olundu.  Onlara ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmə  həyata keçirildi.  Bu tədbir aprel-may aylarında genişləndirilərək 600 min şəxsi əhatə etdi. Sonrakı dövrdə  16 şəhər və rayonda sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyini nəzərə alaraq üçüncü dəfə həmin rayonlar üzrə qeydiyyatdan keçmiş işsizlər və qeyri-formal işləyən şəxslərə birdəfəlik ödəniş olundu. Ümumilikdə bu üç ödəniş çərçivəsində vətəndaşlara 280 milyon manat vəsait ödənilib.
 O da bildirilmişdir ki, Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın  təşəbbüsü olan DOST mərkəzləri ilə bağlı işlər davam etdirilir. Cari ilin mayında  3 saylı DOST mərkəzinin açılışı oldu.Ümumilikdə  altı ay ərzində bu mərkəzlərdə 61 min vətəndaş qəbul edilib, onlara xüsusi xidmətlər göstərilib. Vətəndaşların məmnunluq səviyyəsi 96 faiz təşkil edib. Hazırda 7 mərkəzin yaradılması üzərində də iş aparılır. Bunlar Binəqədi, Abşeron, Sumqayıt, Bərdə, Quba, Şəki və Sabirabad rayonlarında fəaliyyət göstərəcək regional mərkəzlərdir. Növbəti ilin birinci rübünün sonlarınadək bu mərkəzlərin əksəriyyətinin istifadəyə verilməsi planlaşdırılır.

«Əlbəttə, sosial layihələrin icrası bundan sonra da davam etdiriləcək» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  siyasətimizin əsas məsələsi elə budur. Pandemiya dövrü bir daha göstərdi ki, biz bu çətin dövrdə də bu siyasətdən kənara çıxmırıq və gəlirlərimizin azalmasına baxmayaraq, bütün sosial layihələr artıqlaması ilə icra ediləcək.

Günümüzün əsas çağırışlarından biri özünüməşğulluğun təminatıdır. Cari ildə özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi məqsədilə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Bunun üçün  İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. Dünya Bankı ilə layihəyə başlanilib və hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. Prezident İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında  keçirilən videokonfransda da bu məsələyə xüsusi diqqət yönəldilmişdir. Dövlətimizin başçısı özünüməşğulluq proqramı ilə bağlı Azərbaycana dəstək göstərilməsinə dair  müraciətə dərhal cavab verdiyinə görə quruma xüsusi minnətdarlığını bildirərək qeyd etmişdir ki, həmin müraciət 2019-cu ilin yanvarında  təqdim olunub və bir ildən də az müddətdə bütün hazırliq işləri tamamlanıb: “Mənə məlumat verilib ki, Dünya Bankının özünüməşğulluq layihəsində iştirakı təxminən 100 milyon ABŞ dolları həcmində olacaq. Buna görə təşəkkür edirik. Bu il biz bu proqramla 15 minə yaxin adamı əhatə etməyi planlaşdırırıq və əlbəttə ki, Dünya Bankı tərəfindən əlavə maliyyələşdirmə yüksək qiymətləndirilir və alqışlanır.” Cənab İlham Əliyev Dünya Bankının “Doing Business” reytinqində Azərbaycanın mövqeyinə diqqəti yönəldərək bildirmişdir ki, bu, bizim üçün çox uğurlu sahələrə diqqəti yönəltmək üçün bir növ motivasiya idi. Bu məqsədlə hökumətin, Admistrasiyanın və müvafiq nazirliklərin üzvlərindən ibarət xüsusi komissiya yaradılıb. Qısa müddətdə əsaslı irəliləyişə nail olunub. Bu isə öz növbəsində ölkədə bisnes mühitini yaxşılaşdırır, daha cox investisiyalardan faydalanmağa əsas verir. ”Təbii ki, biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq” söyləyən dövlətimizin başçısı pandemiya dövründə iki əsas prioritetin olduğunu bildirmişdir. 2020-ci ilə bütün iqtisadi parametrlərlə cox ümidverici başlanğıc edildiyi rəqəmlər əsasinda diqqətə çatdırılaraq  kənd təsərrüfatında artımin 3 faizdən cox oldugu, qeyri-neft sənayesində artımın 14 faiz təşkil etdiyi bildirilmişdir. Cənab İlham Əliyev  əsas hədəf kimi “İqtisadiyyatın artımı daha cox iş yerləri ilə müşayiət olunmalıdır” bildirir.

Ənənəvi  kənd təsərrüfatı sahələrinin inkişafı da özünüməşğulluğun təminatında əhəmiyyətli rol oynayır.  Kənd təsərrüfatının əsas sahəsinin aqrar sektor olduğunu nəzərə alsaq, bu istiqamətdə atılan addımların davamı kimi, sərt karantin rejimində fermerlərin fəaliyyətinə qadağaların qoyulmadığını  da xüsusi qeyd etməliyik. «Bir daha demək istəyirəm ki, ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzində olmalıdır» söyləyən dövlətimizin başçısı  İlham Əliyev bildirmişdir ki, eyni zamanda, bizim ixrac imkanlarımız da genişləndirilməlidir. Biz heç vaxt unutmamalıyıq ki, ölkəmizin əhalisi artır, ölkəmizə gələn xarici qonaqların sayı 2020-ci il istisna olmaq şərti ilə artır. Belə olan halda daxili tələbat da artacaq: «Daxili tələbat nə qədər artacaqsa, əgər kənd təsərrüfatı istehsalı indiki yerində qalarsa, ixrac imkanlarımız bir o qədər azalacaq. Ona görə kənd təsərrüfatının intensiv yollarla inkişafı bizim üçün prioritet məsələ olmalıdır. Bütün digər tədbirlərlə yanaşı, əlbəttə ki, su mənbələrinin düzgün müəyyən edilməsi, su itkilərinin azaldılması və suyun əkin sahəsi başına çatdırılması ön planda olan məsələlərdir.»

Göründüyü kimi, məşgulluğun təminatı COVID-19-la mübarizə dövründə də prioritetdir. Əsas məqsəd əhalinin sosial müdafiəsini gücləndirmək, cari il üçün nəzərdə tutulan bütün sosial layihələrin icrasını sürətləndirməkdir. Əldə edilən uğurlar bir daha  Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin istər pandemiyadan əvvəl, istər pandemiya, istərsə də postpandemiya dövründə hədəflərinin dəyişməz olduğunu təsdiqləyir. Məhz Azərbaycanın bu ugurları  BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşmasına əsas verdi. Belə ki,  “Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir. Azərbaycanın BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür.

Nazirlər Kabinetinin iclasında «Verilən bütün tapşırıqlar yerinə yetirilməlidir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə etmişdir ki,  ilin sonuna qədər  öz məqsədimizə çatıb bu ili də uğurla başa vuracağıq. 

Yeganə Əliyeva, «İki sahil»