13 sentyabr 2019 10:49
80

Sosial mənzillərə sahib olmaq istəyirsinizsə...

Son zamanlar dünyada baş verən və getdikcə dərinləşən siyasi, iqtisadi və maliyyə böhranının fonunda Azərbaycanda davamlı sabitliyin hökm sürdüyünün, xalqın rifah halının yaxşılaşdırılmasının şahidi oluruq. Atılan addımlardan biri də sosial mənzillərin tikintisi layihəsidir. Artıq bu mənzillər yaxın günlərdə yenidən satışa çıxarılacaq. Bu cür mənzillərin tikintisi ölkəmizdə aztəminatlı və gənc ailələrin mənzil-məişət probleminin yaxşılaşdırılması üçün nəzərdə tutulan bir layihədir.

Sosial mənzillərin güzəştli satışı ilə bağlı Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuata açıqlamasında bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin satışı 16 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il saat 11:00-dək davam edəcək.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub.

Satış şərtlərinə və qiymətlərə gəldikdə isə mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər. Birotaqlı mənzillərin qiyməti 29 min 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti 47 min 652 manatdan, 3 otaqlı mənzillərin qiyməti isə 65 min 997 manatdan başlayır. Mənzillərin satış qiymətinə ƏDV daxildir. Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcəklər.

Onu da diqqətə çatdıraq ki, Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür. Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə, habelə “108” Çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

Mənsumə Babayeva,

“İki sahil”